...

İlham Əliyev İmişli Rayon Mərkəzi Xəstəxanasında aparılan əsaslı təmir işləri ilə tanış olub (FOTO)

Siyasət Materials 28 Oktyabr 2012 18:08 (UTC +04:00)
Oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İmişli Rayon Mərkəzi Xəstəxanasında aparılan əsaslı təmir işləri ilə tanış olmuşdur.
İlham Əliyev İmişli Rayon Mərkəzi Xəstəxanasında aparılan əsaslı təmir işləri ilə tanış olub (FOTO)

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

Oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İmişli Rayon Mərkəzi Xəstəxanasında aparılan əsaslı təmir işləri ilə tanış olmuşdur.

Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına məlumat verdi ki, ikimərtəbəli xəstəxananın ümumi ərazisi 21,2 min kvadratmetrdir. Burada geniş abadlıq və yaşıllaşdırma işləri görülmüşdür. Xəstəxananın ayrıca yarımstansiyası vardır və burada əlavə generator da quraşdırılmışdır. Yoluxucu xəstəliklər şöbəsi ayrıca binada yerləşir. Azərbaycan Prezidentinin 2010-cu il 30 mart tarixli Sərəncamına əsasən Prezidentin ehtiyat fondundan ayrılan 1,5 milyon manat vəsait hesabına 2010-cu ildə xəstəxananın əsaslı təmirinə başlanmışdır. Ötən müddətdə həyata keçirilən kompleks yenidənqurma işlərindən sonra rayon mərkəzi xəstəxanası müasirliyi ilə diqqəti cəlb edir. Dörd korpusdan ibarət bu tibb müəssisəsi 136 çarpayılıqdır. Əsas binası və bütün şöbələri tamamilə yenidən qurulmuş xəstəxananın maddi-texniki bazası ən müasir standartlara cavab verir. Xəstəxananın hər bir şöbəsinin interyeri orijinal dizaynı və zəngin tərtibatı ilə fərqlənir.

Bildirildi ki, xəstəxananın şöbələrində Yaponiya, Türkiyə, İtaliya, Koreya Respublikası və digər ölkələrdən gətirilmiş avadanlıq quraşdırılmışdır. Qonşu şəhər və rayonların sakinləri də bu tibb ocağının xidmətindən yararlana biləcəklər. Ötən illərdə ölkəmizdə pulsuz səhiyyə xidmətinin genişləndirilməsi, əhalinin aztəminatlı təbəqəsinə tibbi yardım sahəsində dövlət qayğısının gücləndirilməsi ilə bağlı tədbirlər sisteminin hazırlanıb həyata keçirilməsinə bu cür müasir tibb ocaqlarının sayının artması da münbit zəmin yaradır. Respublikamızda səhiyyə sisteminin yenidən qurulması, əhalinin sağlamlığı üçün müvafiq tədbirlərin daha yaxşı təşkili, bu sahədə qabaqcıl texnologiyaların tətbiqi və yeni kadr potensialının hazırlanmasını özündə dolğun ehtiva edən Dövlət proqramları ölkəmizdə tibbi xidmətin səviyyəsini də yüksəltmişdir.

Azərbaycanda ən yüksək standartlara cavab verən tibb müəssisələrinin sayının durmadan artması sayəsində tədricən xaricdə müalicəyə yollananların da sayı azalır. İndi paytaxt Bakı ilə yanaşı, müxtəlif bölgələrdə ən mürəkkəb cərrahiyyə əməliyyatları uğurla aparılır, təcrübəli xarici mütəxəssislərin dəvət edilməsi ilə yerli tibbi personalın hazırlıq səviyyəsi təkmilləşdirilir, dövlət hesabına dünyanın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilənlərin sayı ilbəil artır. Hazırda respublikamızın tibb müəssisələri maddi-texniki bazasının müasirliyi baxımından inkişaf etmiş ölkələrin səhiyyə ocaqları ilə müqayisə edilir. Bunu ölkəmizə gələn yüksək səviyyəli qonaqlar da təsdiqləyirlər. İmişli Mərkəzi Rayon Xəstəxanası da ən son elmi-texniki yeniliklərin tətbiqi baxımından ölkəmizin digər tibb müəssisələrindən geri qalmır.

Əsaslı təmir işləri ilə tanışlıqdan sonra Prezident İlham Əliyev tibb müəssisəsinin kollektivi ilə görüşdü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti