...

Səfir: Küveyt bir neçə istiqamət üzrə Azərbaycan ilə əməkdaşlığın inkişafına maraq göstərir

Siyasət Materials 23 Aprel 2013 08:00 (UTC +04:00)
Küveyt bir neçə istiqamət - iqtisadiyyat, turizm və humanitar sahə üzrə Azərbaycan ilə əməkdaşlığın inkişafına maraq göstərir. Bu barədə Trend-ə Azərbaycanın Küveytdəki səfiri Tural Rzayev deyib
Səfir: Küveyt bir neçə istiqamət üzrə Azərbaycan ilə əməkdaşlığın inkişafına maraq göstərir

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir S.Ağayeva/

Küveyt bir neçə istiqamət - iqtisadiyyat, turizm və humanitar sahə üzrə Azərbaycan ilə əməkdaşlığın inkişafına maraq göstərir. Bu barədə Trend-ə Azərbaycanın Küveytdəki səfiri Tural Rzayev deyib.

"İndiki mərhələdə qarşımızda iqtisadiyyat, təhsil və mədəniyyət sahələrində bir neçə layihəni həyata keçirmək tapşırığı dayanır", - səfir bildirib.

Onun sözlərinə görə, Küveyt şirkətləri "Bakı Ağ Şəhər" layihəsinə maraq göstərirlər.

Azərbaycan və Küveytin investor dövlətlər olduğunu deyən səfir bildirib ki, bu amil qarşılıqlı investisiyalar sahəsində əməkdaşlıq imkanını istisna etmir və tərəflər bu məsələləri də nəzərdən keçirirlər.

"Həmçinin, üçüncü ölkələrə birgə investisiya yatırmaq imkanları mövcuddur. Neft ixracı sahəsində də əməkdaşlıq mövcuddur və münasibətlərin inkişafı üçün potensial var", - səfir qeyd edib.

Diplomatın sözlərinə görə, iqtisadi sahədə səmərəli əməkdaşlıq üçün yaxşı müqavilə hüquq bazası hazırlanıb. Belə ki, cari ilin mart ayında Bakıda keçirilmiş iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Küveyt hökumətlərarası komissiyasının ikinci iclasının yekunu üzrə 5 sənəd imzalanıb.

Səfir qeyd edib ki, küveytlilər Azərbaycanda fəal şəkildə daşınmaz əmlak alırlar. "Bu da təbii ki, Azərbaycandakı siyasi və iqtisadi sabitlik, ölkədəki iqtisadi artım ilə izah edilir", - diplomat qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan küveytliləri zəngin turizm potensialı ilə də cəlb edir. Səfir qeyd edib ki, məhz bu istiqamətdə müntəzəm informasiya siyasəti aparılır. "Ötən il ərzində Küveytdən Azərbaycana turist axını 2011-ci illə müqayisədə 5 dəfə artıb", - Rzayev bildirib.

Səfirin sözlərinə görə, iki ölkənin siyasi əlaqələri həmişə yüksək səviyyədə olub. "Küveyt Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində həmişə Azərbaycanı dəstəkləyib və dəstəkləməkdə davam edir", - o deyib.

Diplomat qeyd edib ki, Küveyt Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində ədalətli mövqeyini birmənalı olaraq dəstəkləyir.

"Küveytin bu mövqeyi, rəsmi Yerevan və bu ölkədəki çoxminli erməni diasporunun bütün səylərinə, eləcə də digər ərəb ölkələrindəki erməni diasporlarının təzyiqlərinə baxmayaraq, dəyişməz qalıb", - Rzayev deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti