Azərbaycan, Bakı, 3 may /Trend, müxbir A.Bədəlova/
Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi üzrə danışıqlar başa çatmağa yaxındır. Trend-in məlumatına görə, bu barədə cümə günü Aİ-nin Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle Bakıda keçirilən mətbuat konfransında deyib.
"Saziş Azərbaycan xalqına Aİ-yə səfər üçün sadələşdirilmiş prosedurlardan istifadə etməyə imkan verəcək", - o bildirib.
Fülenin sözlərinə görə, həmçinin aviasiya sazişi üzərində iş gedir.
"Ümid edirəm ki, bu saziş üzərində işi yaxın gələcəkdə başa çatdıra biləcəyik", - o əlavə edib.
Azərbaycanda prezident seçkiləri məsələsinə toxunan Füle deyib ki, qarşıdakı seçkilər ölkədə demokratiya üçün sınaq olacaq.
"Biz seçkilərin ölkənin üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğun, həmçinin azad və ədalətli keçirilməsini istəyirik", - o qeyd edib.
Dağlıq Qarabağ münaqişəsinə gəlincə, Füle deyib ki, Aİ ATƏT-in Minsk qrupunun fəaliyyətini və münaqişənin Madrid prinsipləri əsasında nizamlanmasını tam dəstəkləyir.
"Dağlıq Qarabağ münaqişəsində indiki statusun saxlanması qəbuledilməzdir. Biz etimad tədbirlərinin qurulmasına köklənməyi təklif ediriik", - Füle bildirib.