...

Bu da Milli Şuranın sonu

Siyasət Materials 12 Avqust 2013 11:26 (UTC +04:00)
Milli Şura üzvü olan partiya təmsilçilərinin fikirlərindən belə aydın olur ki, bir qrup hələ də Rüstəm İbrahimbəyovun Azərbaycana gələcəyinə ümid edir, digər qrup isə alternativ vahid namizədin müəyyənləşdirilməsini israr edir.
Bu da Milli Şuranın sonu

Elçin Mehdiyev - Trend -in icmalçısı

Bu da Milli Şuranın sonu. Avazlı gələn Milli Şuranın oxuduğu nəyinki Quran, heç sanballı əsər də olmadı. Prezident seçkilərinə vaxt azaldıqca Milli Şura daxilindəki qeyri-müəyyənlik və orada təmsil olunan partiyalar arasında parçalanma və fikir ayrılıqları daha da intensivləşdi.

Milli Şura üzvü olan partiya təmsilçilərinin fikirlərindən belə aydın olur ki, bir qrup hələ də Rüstəm İbrahimbəyovun Azərbaycana gələcəyinə ümid edir, digər qrup isə alternativ vahid namizədin müəyyənləşdirilməsini israr edir.

Ancaq istənilən halda heç bir qrupun seçimi Milli Şuraya uğur gətirməyəcək. Götürək elə birinci qrupun seçimini. Artıq məlum oldu ki, Rüstəm İbrahimbəyovun Azərbaycana gəlməməsi heç də onun indiyə qədər əlində bayraq etdiyi "Rusiya vətəndaşlığından imtina məsələsi" ilə əlaqədar deyilmiş. Rüstəm İbrahimbəyov indiyə qədər bəyan edirdi ki: "Rusiya vətəndaşlığından çıxım sonra gələcəm", "mənim şəxsən bu prosesdə iştirakım tələb olunur". Ancaq sən demə Rusiya qanunvericiliyində belə bir tələb yox imiş, hətta başqa ölkədə yaşasan da belə Rusiya vətəndaşlığından imtina etmək üçün sənədləri Rusiyanın həmin ölkədəki diplomatik missiyasına təqdim edə bilərsən. Buradan aydın olur ki, indiyə qədər Rüstəm İbrahimbəyov Milli Şuradakı tərəfdarlarını aldadırmış. Bunun üstünün açıldığını görən Rüstəm İbrahimbəyov indi də Azərbaycana gəlməməyini başqa səbəblərlə əlaqələndirir, əsasən də guyakı maliyyə vəsaitinin tapılmaması ilə əlaqədar.

Digər bir məqam isə ondan ibarətdir ki, Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından imtina etməsi onu həmin ölkə qarşısındakı öhdəliklərdən dərhal azad etməyəcək. Ancaq hələ Rüstəm İbrahimbəyovun seçkilərə qədər Rusiya vətəndaşlığından azad edilməsi belə şübhə altındadır. Rusiya vətəndaşlığından azad edilsə belə bunun seçkilərə az qaldığı bir vaxtda heç bir mənası olmayacaq. Çünki əvvəla Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından azad edilməsi onun vahid namizəd kimi qeydiyyatdan keçəcəyi anlamına gəlmir, ilk növbədə qanunvericilik buna imkan vermir. İkinci bir tərəfdən, lap deyək, hər şeyə rəğmən, Rüstəm İbrahimbəyov vahid namizəd kimi qeydiyyatdan keçdi. Belə olan halda məgər Milli Şuranın o qədər böyük maddi, texniki və ya sosial bazası var ki, qısa bir müddətdə bütün ölkə üzrə seçki kampaniyası aparsın?

Rüstəm İbrahimbəyovun yuxarıda sadalanan bir-birinə zidd hərəkətlərindən belə aydın olur ki, o sadəcə Azərbaycana gəlmək, seçkilərdə iştirak etmək niyyətində deyil. Amma çox maraqlıdır, nəyə görə öz tərəfdarlarını aldadırdı? Bununla nəyə nail olmaq istəyirdi? Bəs Rüstəm İbrahimbəyovun tərəfdarları nədən dəfələrlə aldandıqlarını aydın görmələrinə rəğmən hələ də ona inanırlar, onun gəlməsinə ümid edirlər? Özü də özlərini lider hesab edən insanlar. Bütün bunlar hamısı ciddi suallardır.

Göründüyü kimi birinci qrupun seçimi absurd və mənasız bir şeydir. Keçək Milli Şurada alternativ namizəd tərəfdarları olan qrupa. Məgər bu seçim nəsə verəcək? Qətiyyən yox. Əvvəla bunu anlamaq üçün Milli Şuranın birinci vahid namizəd müəyyənləşdirməsi prosesinə baxmaq kifayətdir. Birinci vahid namizədi müəyyənləşdirmək üçün nə qədər vaxt sərf etdilər və ən azından ikinci dəfə də o qədər vaxt sərf etsələr, Milli Şura dəqiq seçkilərdə iştirak etmək şansını itirəcək.

Ancaq heç də güman etmirəm ki, Milli Şura ikinci vahid namizədi müəyyənləşdirə bilsin. Çünki göründüyü kimi Milli Şura artıq qruplara parçalanıb, oradakı gərginlik, ixtilaflar xeyli intensivləşib. Xüsusən də Milli Şurada əsas qüvvələrdən hesab edilən Müsavat Partiyası ilə Xalq Cəbhəsi Partiyası arasında gərginlik artıq mətbuat müstəvisinə də çıxıb. Göründüyü kimi uzun müddətdir özlərini müttəfiq kimi göstərməyə çalışan bu iki partiyanın vahid namizəd məsələsində mövqeyi hər seçkilərdə olduğu kimi yenə də tamamilə bir-birinə ziddir, lap atalar sözündə deyildiyi kimi "iki qoçun başı bir qazanda qaynamaz". Artıq Əli Kərimli də İsa Qəmbərin çoxdan söylədiyi namizəd iddiasını ortaya qoydu. Belə bir vəziyyətdə isə ikinci vahid namizədin müəyyənləşdirilməsi qeyri-real görünür. Bəli, ikinci qrupun da seçimi uğursuz bir gedişdir.

Bütün bunlardan görünür ki, çətin ki, Milli Şura seçkilərə qədər öz mövcudluğu qoruyub saxlaya bilsin. Sadəcə, müxalifətin Milli Şurada təmsil olunan kəsimi heç bir siyasi sərişdəsi olmayan, eyni zamanda indiyə qədər olanları aldadan bir şəxsin ətrafında birləşməyə cəhd etməklə böyük səhifə yol verdilər və indi də ən vacib siyasi məqamda belə bir çətin duruma düşdülər. Bu ondan irəli gəlir ki, müxalifət özünə inamın itirib, əks halda özlərini lider adlandıran insanlar heç bir siyasi fəaliyyəti olmayan bir şəxsdən siyasətçi düzəldib onun ətrafında birləşmək istəyinə düşməzdilər. Bununla da müxalifət özü öz quyusunu qazdı və çətin ki oradan çıxa bilsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti