...

Prezident İlham Əliyev: Qəsəbələrdə bütün infrastruktur layihələri yüksək səviyyədə təşkil edilməlidir (FOTO)

Siyasət Materials 3 Sentyabr 2013 14:59 (UTC +04:00)
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Maştağada qəsəbədaxili yollarda aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olmuşdur.
Prezident İlham Əliyev: Qəsəbələrdə bütün infrastruktur layihələri yüksək səviyyədə təşkil edilməlidir (FOTO)

Azərbaycan, Bakı, 3 sentyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Maştağada qəsəbədaxili yollarda aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olmuşdur.

Dövlətimizin başçısının göstərişi ilə Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, paytaxtın yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər ardıcıl olaraq həyata keçirilir. Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı"nın davamı olan 2011-2013-cü illəri əhatə edən Dövlət Proqramında yol infrastrukturunun daha da müasirləşdirilməsi nəzərdə tutulur. Bakı və ətraf qəsəbələrin yollarının ən müasir səviyyədə inşası, yol ötürücülərinin, körpü, tunel, yeraltı və yerüstü piyada keçidlərinin tikintisi ardıcıl olaraq həyata keçirilir.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlər və həyata keçiriləcək tədbirlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, Bakının digər qəsəbələrində olduğu kimi, Maştağada da daxili yollar əsaslı şəkildə yenidən qurulur, əhalinin sosial həyat şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Qeyd olundu ki, qəsəbədə 72 min 500 kvadratmetr yol sahəsinə asfalt örtüyü döşənmiş, yolların kənarları abadlaşdırılmış, ətraf ərazilərdə səliqə-sahman yaradılmışdır. Qəsəbədaxili yolların kənarlarında 100-ə yaxın yeni işıq dirəkləri qoyulmuş, müasir işıqlandırma sistemi quraşdırılmışdır.

Azərbaycan Prezidentinin diqqətinə çatdırıldı ki, qəsəbədaxili yolların əsaslı şəkildə yenidən qurulması işləri davam etdirilir.

Görülən işlərlə yaxından tanış olan dövlətimizin başçısı sakinlərlə görüşdü.

Qəsəbə sakinlərini salamlayan Prezident İlham Əliyev dedi ki, əvvəllər Maştağa qəsəbəsində dəfələrlə olub: "Mən indi yeni çəkilən yola da baxdım. Keyfiyyətli yoldur. Qəsəbədaxili bütün yollar bu səviyyədə olmalıdır. Elə də olacaqdır. Maştağa böyük qəsəbədir. Burada qəsəbədaxili yollar da çoxdur. Ancaq biz bütün bu yolları tədricən yüksək səviyyədə təmir etdirəcəyik ki, insanlar rahat yaşasınlar, gediş-gəliş də rahat olsun.
İndi Azərbaycanda bütün yol infrastrukturu yenilənir, o cümlədən Bakı şəhərində. Bütün bölgələrdə, rayonlarda kənd yolları, qəsəbə yolları tikilir. Bakıda qəsəbələrarası yollar yenidən qurulur. Bu gün səhər biz böyük bir yol-nəqliyyat qovşağının açılışını qeyd etdik. Metronun "Gənclik" stansiyasının yaxınlığındakı böyük bir nəqliyyat infrastrukturu açılmışdır. Bununla bərabər, bütün qəsəbələrdə yol infrastrukturu layihələri icra edilir.
Bildiyiniz kimi, Bakının kənd və qəsəbələrinin inkişafı ilə bağlı Dövlət Proqramı icra edilir. Bu il Proqramın əsas hissəsi başa çatacaqdır. Proqramda əsasən yol, qazlaşdırma, su, kanalizasiya xətləri layihələri nəzərdə tutulur. Bütün bu məsələlər ardıcıllıqla icra edilir".

Prezident bildirib ki, qəsəbələrdə bütün infrastruktur layihələri yüksək səviyyədə təşkil edilməlidir: "Bakının qəsəbələrinin arasında isə Maştağa ən böyük qəsəbədir, tarixi bir yerdir. Maştağanın çox böyük tarixi vardır. Bu gün də böyük potensiala malik olan bir qəsəbədir. Şadam ki, burada bütün işlər məqsədyönlü şəkildə aparılır. Biz bu işlərə kompleks şəkildə yanaşırıq. Məktəblər tikilir, təmir edilir, tibb məntəqələri, uşaq bağçaları, yollar, su-kanalizasiya layihələri də icra ediləcəkdir. Bütün yollar bax bu səviyyədə olmalıdır. Bu günə qədər görülmüş işlər xəritədə göstərilir, burada əks olunub. Ancaq bir daha demək istəyirəm ki, qəsəbə çox böyükdür. Qəsəbədaxili yollar da çoxdur. Biz hələ gərək bir müddət işləyək ki, bütün yollar bu səviyyədə olsun. Əlbəttə, hər bir qəsəbənin inkişafı ilə bağlı xüsusi proqramlar vardır. Qəsəbələrdə iş yerlərinin, yeni sənaye müəssisələrinin yaradılması layihələri icra edilir. Əlbəttə ki, Bakının digər bölgələri ilə əlaqə rahat olmalıdır".

Zabrat yolunun genişləndirildiyini deyə İlham Əliyev bildirib ki, indi Pirşağı yolu, sahilboyu Bilgəh-Sumqayıt yolu tikilir: "Bütün bu yollar Bakı sakinlərinin rahatlığı üçün edilir. Gördüyümüz bütün işlərin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Həm bölgələrdə, həm Bakıda, Bakının qəsəbələrində çox böyük quruculuq işləri aparılır. Əlbəttə ki, bu layihələrin icra edilməsi bizə əlavə güc verir. Ona görə də görülmüş bu işlərlə bağlı mən sizi ürəkdən təbrik edirəm. Deyə bilərəm ki, gələcəkdə də Maştağanın inkişafı daim diqqət mərkəzində olacaqdır".

Prezident kimi ilk dəfə qəsəbəyə gəldiyini xatırladan İlham Əliyev bildirib ki, o vaxt yollar əlbəttə ki, belə vəziyyətdə deyildi: "O vaxt biz bəzi qəsəbədaxili yolların tikintisinə başlamışdıq. Ondan sonra sakinlərin bir neçə xahişi olmuşdu, onlar da icra edildi. Ancaq bu gün Azərbaycan daha da böyük maliyyə imkanlarına malikdir. Biz daha da böyük işlər görməyə qadirik, bunu edirik və edəcəyik. Bir daha sizi təbrik edirəm".

Görülən işlərlə bağlı sakinlər adından Prezident İlham Əliyevə minnətdarlığını bildirən Maştağa qəsəbəsinin sakini Hüseynqulu Ələsgərov deyib: "Əvvəla, icazə verin, sakinlər adından qəsəbəmizə gəlməyiniz münasibətilə Sizə "Xoş gəldiniz" deyək. Xoş gəlmişsiniz!
Sizin qəsəbəmizin sakinlərinə, qəsəbəyə göstərdiyiniz diqqət hamımıza bəllidir. Elə bunun nəticəsidir ki, qəsəbəmizdəki bütün məktəblər, uşaq bağçaları əsaslı təmir olunub. Poliklinika şöbəsi əsaslı təmir edilib və istifadəyə verilib. Biz buna görə Sizə təşəkkür edirik. Elə bu gün istifadəyə verilən yollarımızın, bu yaxınlarda Buzovna-Maştağa-Zabrat yolunun açılışında da Sizinlə birlikdə iştirak etdik. Bizi çox sevindirir ki, istər Bakı şəhərinin yolları, istərsə də qəsəbədaxili yollarımız eyni səviyyədə, eyni keyfiyyətdədir. Bizim küçələrimiz, - artıq 10 belə küçə vardır, - asfaltlaşdırılmışdır. Qaz və işıq problemimiz yoxdur. Kanalizasiya sisteminin çəkilməsi haqqında bizə xoş xəbər verdilər ki, Sizin bu haqda göstərişiniz olub. Qəsəbə sakinləri adından Sizə təşəkkür edirik ki, bu işimiz də öz yolunda olacaqdır.
Su problemimizlə bağlı Sizin göstərişiniz nəticəsində artıq bu işlərə başlanmışdır. Son zamanlar rayonumuzda gedən işlərlə bağlı Sizə dərin təşəkkürümü bildirirəm. Eyni zamanda, demək istəyirəm ki, qəsəbəmizin bir hissəsində qrunt sularının qalxması ilə bağlı Sizin bircə göstərişiniz kifayət etdi ki, 70-ə qədər nasos quraşdırıldı, kilometrlərlə xətlər çəkildi. Hazırda bu problem demək olar ki, aradan qaldırılıb. Sizə dərin təşəkkürümüzü bildiririk. Sizə bu işlərinizdə müvəffəqiyyətlər arzulayırıq. Sizə cansağlığı, uzun ömür arzulayırıq. Sonda demək istəyirəm, qəsəbə sakinləri arzu edirlər ki, Siz onların əbədi Prezidenti olasınız".

Sonra Prezident İlham Əliyev bildirib ki, qəsəbədə doğrudan da böyük işlər görülüb, amma görüləsi işlər çoxdur: "Əlbəttə, mənim rayonlara, qəsəbələrə səfərlərimin səbəbi ondan ibarətdir ki, əlavə nə kimi işlər görülməlidirsə onu Sizdən eşidim. Çünki əlbəttə ki, forsmajor hadisələr də olur, gözlənilmədən hansısa bir hadisə baş verir. Siz də qeyd etdiyiniz kimi, qrunt sularının qalxması ilə əlaqədar insanlar əziyyət çəkdilər. Ancaq bütün bu məsələlər operativ qaydada öz həllini tapdı. Yəni, bu hadisə və gördüyümüz bütün başqa işlər onu göstərir ki, iradə olan yerdə istənilən işi görmək olar. Təki iradə, istək, həvəs olsun.
Hər bir vəzifəli şəxs öz xalqına bağlı olmalıdır. Hər bir məmur öz vətəndaşlarına xidmət etməlidir. Əgər hər bir qəsəbənin problemi öz həllini taparsa, onda ölkədə heç bir problem qalmaz. Çox sadə bir məntiqdir".

Dövlət başçısının sözlərinə görə, Azərbaycanda dörd mindən artıq kənd və qəsəbə vardır: "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı da bütün bu qəsəbələrin problemlərini özündə ehtiva edir. Bu ilin sonunda ikinci Dövlət Proqramı başa çatır. Üçüncü proqram da hazırlanır. Növbəti beş il ərzində infrastruktur və sosial obyektlərlə bağlı heç bir problem qalmayacaqdır.
Bir daha demək istəyirəm ki, Maştağa qəsəbəsində bir çox məsələlər öz həllini tapmışdır. Qazlaşdırma tam şəkildə öz həllini tapıb. Elektriklə bağlı problem yoxdur. Yollar çəkilir və bu proses davam etdiriləcəkdir. Su-kanalizasiya layihələri bütün qəsəbələrdə böyük problemdir. Bilirsiniz ki, bu məsələlər Bakıda heç vaxt lazımi səviyyədə öz həllini tapmamışdır. Bunun təbii səbəbləri vardır. Çünki Abşeron yarımadasında su mənbələri çox azdır. Vaxtilə Abşerona digər yerlərdən xətlər çəkilərək su verilmişdir. Ancaq hazırda bütün ölkəmizin su probleminin həlli üçün xüsusi proqram icra edilir. Siz də yəqin ki, izləyirsiniz. Demək olar ki, hər həftə hansısa rayonda içməli su, kanalizasiya layihələri öz həllini tapır. Belə olan halda mütləq Bakı şəhərinin bütün qəsəbələrində bu problem öz həllini tapmalıdır. Müvafiq göstərişlər verilmişdir. Proqram tutulub. Maştağada yaxın zamanlarda bu proqram icra edilməyə başlanacaqdır. Hər bir evə 24 saat ərzində içməli suyun verilməsi, özü də keyfiyyətli içməli suyun verilməsi təşkil ediləcəkdir. Yəni, qarşıya belə vəzifə qoyulubdur.
Gələcəkdə, əlbəttə ki, digər layihələr icra ediləcəkdir. Məktəb, uşaq bağçası tikintisi, təmiri gedir. Ancaq əhali artır, Maştağa qəsəbəsi də böyüyür və üstünlüyümüz ondan ibarətdir ki, bizdə daim demoqrafik inkişaf gedir. Əhali artır, bu da gücümüzü daha da artırır. Ona görə bütün bu işlər, o cümlədən burada qurulacaq su layihəsi də 2035-ci ilə hesablanıb ki, əhalinin artımı orada nəzərə alınır. Bütün başqa məsələlər. Əgər indi əlavə hansısa bir təklifiniz, istəyiniz, xahişiniz varsa, deyin, biz onu da həll edək. Çünki mən ona görə gəlmişəm ki, həm tanış olum, həm də Sizdən eşidim ki, biz əlavə nə etməliyik".

Prezident deyib ki, Sabunçu rayonu inkişafdadır, digər qəsəbələrdə də quruculuq işləri aparılır: "Bir daha demək istəyirəm ki, mənim üçün mərkəzi, yaxud da ki, qıraq rayon anlayışı yoxdur - nə ölkə, nə də Bakı şəhəri üzrə. Hər bir rayon mərkəzdir. Hər bir qəsəbədə işlər elə görülməlidir ki, sanki bu, şəhərin mərkəzidir. Bax, Bakı şəhərinin mərkəzi necə gözəldir. Bütün şəhərlər, bütün rayonlar elə olmalıdır. Bir daha demək istəyirəm ki, bunu etməyə bizim imkanımız da, iradəmiz də vardır. Xalq da bütün bu işləri dəstəkləyir. Belə olan halda qarşımızda heç bir maneə ola bilməz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti