...

Türkiyə SQ Baş Qərargah rəisi Necdet Özel Azərbaycanın "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif olunub (FOTO)

Siyasət Materials 1 Aprel 2014 19:40 (UTC +04:00)
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Necdet Özeli qəbul edib
Türkiyə SQ Baş Qərargah rəisi Necdet Özel Azərbaycanın "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif olunub (FOTO)

Azərbaycan, Bakı, 1 aprel /Trend/

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Necdet Özeli qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ordu generalı N.Özelin rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarlarını, sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını, o cümlədən Türk şəhidliyini ziyarət edərək əklillər və gül dəstələri qoyublar.

Sonra ordu generalı N.Özelin Müdafiə Nazirliyində qarşılanma mərəsimi keçirilib. Rəsmi protokola uyğun olaraq Silahlı Qüvvələrin Baş Qərargah rəisi "Şərəf kitabı"nda ürək sözlərini qeyd edib.

Nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşündə müdafiə naziri general-polkovnik Z.Həsənov qonaqları salamlayaraq Azərbaycanla Türkiyə arasında hərbi sahədə əməkdaşlığın ikitərəfli və NATO vasitəsilə həyata keçirilən sülhməramlı əməliyyatlar çərçivəsində aparıldığını, bu strateji tərəfdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini, qardaşlıq münasibətləri əsasında qurulduğunu və bu əlaqələrin davamlı olduğunu qeyd edib.

Müdafiə naziri bölgədəki hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistan ilə Azərbaycan arasında münaqişənin regional sabitliyə əsas təhlükə yaratdığını, problemin beynəlxalq hüquq norma və qaydalarına uyğun həllinə nail olunmasının vacibliyini diqqətə çatdırıb.

Ordu generalı N.Özel öz növbəsində dövlətlərimizin əlaqələrinin qədim tarixi kökə, mehriban dostluq ənənələrinə əsaslandığını və Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edib.

Sonra Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Z.Həsənovun əmri ilə iki ölkə arasında hərbi əməkdaşlığın möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı N.Özel Azərbaycan Respublikasının "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif olunub.

Görüşdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşqun da iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti