...

Elmar Məmmədyarov Azərbaycanın AŞ Nazirlər Komitəsində sədrliyinin prioritetlərini açıqlayıb (FOTO)

Siyasət Materials 7 May 2014 11:05 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vyanada Avropa Şurasının Nazirlər Komitəsinin 124-cü sessiyasında Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyinin prioritetlərini açıqlayıb.
Elmar Məmmədyarov Azərbaycanın AŞ Nazirlər Komitəsində sədrliyinin prioritetlərini açıqlayıb (FOTO)

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir S.Əhmədova/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vyanada Avropa Şurasının Nazirlər Komitəsinin 124-cü sessiyasında Azərbaycanın qurumdakı sədrliyinin prioritetlərini açıqlayıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazir çıxış edərək vurğulayıb ki, 2001-ci ilin yanvar ayında Avropa Şurasının üzvü olduqdan sonra ilk dəfə olaraq Nazirlər Komitəsinə sədrliyi öz üzərinə götürmək həqiqətən də Azərbaycan Respublikası üçün böyük üstünlükdür: "Növbəti altı ay müddətində ölkəm Avropa Şurasının üç əsas sütunu - insan hüquqları, qanunun aliliyi və demokratiyaya güclü dəstək verəcək və səylərini əsirgəməyəcəkdir. Bu müddət ərzində Avropa Şurasının əsas dəyərlərinin dəstəklənməsi və təşviqi bizim bütün fəaliyyət və öhdəliklərimizin mərkəzində duracaqdır".

Nazir qeyd edib ki, Azərbaycan üzv dövlətlərdən təcili və qəti cavab əldə etməyi təmin etmək üçün Avropada demokratiya, təhlükəsizlik və stabillik sahəsindəki mövcud problemlərə ciddi diqqət ayıracaq: "Bu məqsədlə Azərbaycanın sədrliyi gücləndirilmiş dialoq, qarşılıqlı hörmət və anlaşma yolu ilə kompromis ruhunda razılaşdırılmış qərarları əldə etməyə çalışacaqdır".

E.Məmməyarov bildirib ki, korrupsiya ilə mübarizədə güclü əməkdaşlıq Azərbaycanın sədrliyinin əsas prioritetlərindən biri olacaqdır: "Biz Beynəlxalq Antikorrupsiya Akademiyası ilə birgə Bakıda yüksək səviyyəli konfrans təşkil etməklə korrupsiya ilə mübarizəni özünün əsas məqsədi elan etmiş Avropa Şurasının səylərinə töhfəmizi verəcəyik".

Nazirin sözlərinə görə, Azərbaycanın sədrliyi zamanı idman yarışlarının idarə edilməsi üzrə Avropa Şurası Konvensiyasının mümkün qəbuluna yaxından nəzarət olunacaq: "Biz bu Konvensiyanın tezliklə imzalanma üçün hazır olmasına dəstəyimizi gücləndirəcəyik. Bildiyiniz kimi, Bakı ilk dəfə olaraq 2015-ci ildə Avropa Oyunlarına ev sahibliyi edəcək və bu da sədrlik müddətində bu Konvensiyanın qəbuluna yardım etməyimizin digər əsas səbəbidir".

E.Məmməyarov qeyd edib ki, sədrliyi zamanı Azərbaycan mədəniyyətlərarası dialoqa böyük əhəmiyyət verərək Avropada diskriminasiya və dözümsüzlüklə mübarizəyə yardım edəcəkdir: "Mədəniyyətlərarası dialoqun dini ölçüləri haqqında 2014-cü il Avropa Şurası illik mübadiləsini təşkil etmək şərəfinə nail olacağıq".

Nazir vurğulayıb ki, Ermənistanın işğalı səbəbindən genişmiqyaslı köçkünlük təcrübəsi olan Azərbaycan heç şübhəsiz sədrliyin müvafiq fəaliyyətləri çərçivəsində cəmiyyətin müdafiəsiz üzvləri olan köçkünlərin insan haqlarının müdafiəsinə güclü diqqət ayıracaq.

E.Məmməyarov bildirib: "Biz təhsilli və məsuliyyətli gənclər nəslinin tərbiyəsinə xüsusi əhəmiyyət verəcəyik ki, bu da gənclərin öz hüquqlarından geniş istifadə imkanının təmin edilməsindən keçir. Bakı bu prioritet fəaliyyət xətti çərçivəsində Avropa ali təhsil sahəsinin həyata keçirilməsi üzrə 4-cü regional nazirlər iclası və Gənclər Siyasəti üzrə BMT-nin Qlobal Forumu kimi iki əhəmiyyətli tədbirə ev sahibliyi edəcəkdir".

Nazirin sözlərinə görə, konvensiya sisteminin effektivliyinin artırılması Avropa Şurasının əsas prioritetlərindən biri olaraq qalır: "Azərbaycan sədrliyi İnterlaken, İzmir və Braytonda imzalanmış Bəyannamələrin izlənilməsinə dəstək göstərərək Avropa Şurasının bu istiqamətdə olan səylərinə öz töhfəsini verəcək. Konvensiyanın milli səviyyədə həyata keçirilməsinə böyük diqqət göstəriləcək və bununla bağlı Bakıda Konvensiyanın ölkədə həyata keçirilməsində yerli hakimlərin rolu barədə yüksək səviyyəli konfrans keçiriləcəkdir".

E.Məmmədyarov həmçinin bildirib ki, Avropa Şurası Baş katibin təşəbbüsü ilə ciddi siyasi islahatların həyata keçirilməsi hədəfi qarşıya qoyulmuş və bu hədəf Azərbaycanın sədrliyi müddəti ərzində ölkə tərəfindən yekdilliklə və güclü şəkildə dəstəklənəcəkdir: "Azərbaycan sədrliyi həmçinin Avropa İttifaqı, ATƏT və BMT kimi digər beynəlxalq təşkilatlarla əməkdaşlığın daha da möhkəmləndirilməsinə dəstək göstərəcəkdir".

XİN rəhbəri qeyd edib ki, Azərbaycan Avropa Şurasının qonşuluq siyasətinin təkmilləşməsinə böyük diqqət göstərməkdə davam edəcəkdir: "Azərbaycan sədrliyi zamanı 2014-cü ilin sentyabr ayında Bakıda Avropa Şurasının qonşuluq siyasətinə həsr olunmuş yüksək səviyyəli nazirlər konfrans keçirərək Avropa Şurasının səylərini dəstəkləmək niyyətindədir. Sədrliyimiz zamanı fəaliyyətimizin davamlı və əlaqəliliyini təmin etmək məqsədilə prioritetlərimizi əlaqələndirilmiş şəkildə inkişaf etdirərək, bizdən sonra sədrliyi davam etdirəcək Belçika və Bosniya və Hersoqovina ilə daimi və yaxın əlaqələr yaradılacaqdır".

Nazir deyib ki, Azərbaycanın sədrliyi bu olduqca əhəmiyyətli müddət ərzində sədrliyin rahat və səmərəli davamı üçün Baş Katiblik, Parlament Assambleyası, Yerli və Regional hakimiyyət orqanları Konqresi və digər qurumlarla yaxından əməkdaşlıq edəcəkdir.

Nazirin sözlərinə görə, qarşıdakı 6 aylıq müddət ərzində Azərbaycanda 18 tədbir keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti