...

Xalq, Silahlı Qüvvələr və Prezidentin vəhdəti…

Siyasət Materials 27 İyun 2014 13:09
İyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü qeyd edildi. Bu gün Azərbaycan hərb tarixinə yazılan önəmli bir gündür.
Xalq, Silahlı Qüvvələr və Prezidentin vəhdəti…

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 27 iyun /Trend/

Arzu Nağıyev, Trend-in icmalçısı

İyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü qeyd edildi. Bu gün Azərbaycan hərb tarixinə yazılan önəmli bir gündür. Müstəqil Azərbaycanın şanlı ordusunun yarandığı gündür. Hər şeydən öncə qanları, canları bahasına bu gün düşmənlə üz-üzə dayanan əsgərlərimizin, zabitlərimizin, vətən uğrunda canından keçən hərbçilərimizin, şəhid ailələrinin, bir sözlə, vicdanla, namusla, qeyrətlə Vətənə xidmət edənlərin bayramıdır.

Belə bir gündə Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin ordu ilə bir yerdə, məhz səngərlərdə, təlim poliqonlarında olması əsgər və zabitlərə ruh yüksəkliyi gətirir. Həmin gün Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimləri keçirildi. Təlimlərdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev də iştirak etdi və təlimləri izlədi.

Yüksək döyüş hazırlığının nümayiş etdirildiyi təlimlər başa çatdıqdan sonra İlham Əliyev hərbçilər qarşısında çıxış etdi.

Prezident təlimlərin yüksək səviyyədə keçirildiyini, qarşıda duran bütün vəzifələrin tam yerinə yetirildiyini bəyan edərək, təlimlərdə iştirak edən şəxsi heyətə peşəkarlığa görə minnətdarlığını çatdırdı.

İlham Əliyev öz çıxışında əsasən ordu quruculuğu, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişəyə beynəlxalq təşkilatların münasibətini qeyd etdi. Prezident ədalətsiz münaqişə nəticəsində Azərbaycan xalqının olmazın əziyyətini çəkdiyini bildirdi və münaqişənin həllinin tapılmaması, beynəlxalq qurumların ölkəmizə ikili standartlarla yanaşdığını ön plana çəkdi və bunun artıq qəbuledilməz həddə çatdığını bir daha vurğuladı.

Prezidentin qeyd etdiyi kimi, "BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi vardır ki, erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasını tələb edir. Üstündən 20 il keçib. Onların heç biri icra edilmir. Beynəlxalq ictimaiyyət buna biganə yanaşır. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olan vasitəçilər, ATƏT-in Minsk qrupu münaqişənin sülh yolu ilə həllindən daha çox qarşılıqlı etimad tədbirlərinin gücləndirilməsi ilə məşğuldurlar".

Bəli, bu, danılmaz faktdır ki, ATƏT-in Minsk qrupu münaqişənin həllini deyil, sülhün saxlanmasını ön plana çəkir və məlumdur ki, bu, axır bir nöqtəsinə çatmalıdır. Əlbəttə ki, nə Ali Baş Komandan, nə də Azərbaycan xalqı müharibə istəyir, sülh yolları arayır. Lakin bu münaqişənin dondurulmuş vəziyyətdə saxlanılması da heç kimi, əsasən də Azərbaycan xalqını razı salmır. Lakin Prezidentin də qeyd etdiyi kimi, "biz isə bu vəziyyətlə barışmaq istəmirik və barışmayacağıq. Biz sülh istəyirik. Amma, eyni zamanda, biz torpaqlarımızı, haqq-ədalətin bərpasını istəyirik. Bizim tələbimiz əsaslıdır. Bizim tələbimiz tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanır". Yəni bütün hamı, həm Qərb, həm Şərq və digərləri bilməlidir ki, Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır və olacaqdır".

Məlumdur ki, dünya ictimaiyyəti Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Ali Baş Komandanın bildirdiyi kimi, "Azərbaycan heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir. Bu, bizim prinsipial mövqeyimizdir. Biz bu mövqedən bir addım kənara çəkilməyəcəyik". Bunu başa düşməyənlər isə bilməlidirlər ki, digər yollara əl atmaq fikri olanlar və bundan daşınmaq istəməyənlər qarşısında güclü, hər cür silaha malik, əzmkar, döyüş ruhlu Azərbaycan Ordusunu görəcək. Bu, dövlətimizin, Prezidentimizin, xalqımızın dönməz mövqeyidir.

Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı bir daha öz mövqeyini bildirdi: "Bizim prinsipial mövqeyimizin əsas mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir, Azərbaycan Ordusudur, Azərbaycan əsgəridir. Mən əminəm ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir. Bunu biz bu gün də edə bilərik".

Azərbaycan Prezidentinin çıxışı ilə bağlı bir daha qeyd etmək yerinə düşərdi ki, Azərbaycan xalqı olaraq öz əzmkarlığımızla, istər Dağlıq Qarabağda, istərsə də itirilmiş tarixi Azərbaycan torpaqlarında qələbə borcumuzu yerinə yetirməliyik ki, Ali Baş komandan kimi Prezident İlham Əliyev də qələbə paradını qəbul etsin...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti