...

Azərbaycanda kəşfiyyat və əks-kəşfiyyat, əməliyyat-axtarış fəaliyyətləri ilə bağlı qanunlara edilmiş dəyişikliklər qüvvəyə minib

Siyasət Materials 12 İyul 2014 11:01 (UTC +04:00)
Azərbaycanda kəşfiyyat və əks-kəşfiyyat, eləcə də əməliyyat-axtarış fəaliyyətləri ilə bağlı qanunlara edilmiş dəyişikliklər bu gündən qüvvəyə minib.
Azərbaycanda kəşfiyyat və əks-kəşfiyyat, əməliyyat-axtarış fəaliyyətləri ilə bağlı qanunlara edilmiş dəyişikliklər qüvvəyə minib

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda kəşfiyyat və əks-kəşfiyyat, eləcə də əməliyyat-axtarış fəaliyyətləri ilə bağlı qanunlara edilmiş dəyişikliklər bu gündən qüvvəyə minib.

Trend-in məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında" və "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında" Qanunlar bu gündən qüvvəyə minib.

"Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Qanuna edilmiş dəyişikliklərin əsas məqsədi kəşfiyyat və əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətlərini "Dövlət sirri haqqında" Azərbaycan Respublikası Qanununa uyğunlaşdırmaqdır.

Belə ki, "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" qanunun 7-ci maddəsinə edilən dəyişikliyə əsasən, öz qulluq mövqeyinə görə dövlət sirri təşkil edən məlumatlar, sənədlər və texniki vasitələrlə işləməyə buraxılacaq şəxslər barədə yoxlama tədbirlərinin "Dövlət sirri haqqında" Azərbaycan Respublikası qanununa uyğun olaraq keçirilməsi nəzərdə tutulur.

"Əməliyyat-axtarış fəaliyyəti haqqında" Qanunun 6-cı maddəsinə edilən dəyişikliyə əsasən isə, öz qulluq mövqeynə görə məxfi məlumatlara və ya xüsusi icazə tələb edən işlərə buraxılacaq şəxslər barədə yoxlama tədbirlərinin "Dövlət sirri haqqında" qanuna uyğun olaraq keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti