...

İlham Əliyev: Azərbaycanda heç vaxt dini, milli zəmində qarşıdurma olmayıb və bu, bizim böyük sərvətimizdir (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 2 Oktyabr 2014 11:48 (UTC +04:00)
Bu gün Bakı Beynəlxalq Humanitar Forumu öz işinə başlayıb. Forumun bütün iştirakçılarını səmimiyyətlə salamlayıram.
İlham Əliyev: Azərbaycanda heç vaxt dini, milli zəmində qarşıdurma olmayıb və bu, bizim böyük sərvətimizdir (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir Seymur Əliyev/

"Bu gün Bakı Beynəlxalq Humanitar Forumu öz işinə başlayır. Forumun bütün iştirakçılarını səmimiyyətlə salamlayıram. Bu gün Forumda 60-dan çox ölkədən 500-ə yaxın qonaq iştirak edir. Forumun keçirilməsi çox əlamətdar hadisədir. Artıq bu, gözəl ənənəyə cevrilib. Dördüncü dəfədir ki, Forum keçirilir. Bu, əslində onu göstərir ki, belə müzakirələrə böyük ehtiyac var. Dünyada gedən proseslər, bəzi hallarda narahatedici məqamlar tələb edir ki, humanitar sahəyə daha da böyük diqqət göstərilsin". Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev IV Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı əminliklə bildirib ki, Forum çərçivəsində aparılacaq diskussiyalar, fikir mübadiləsi humanitar əməkdaşlığın dərinləşməsinə xidmət göstərəcək: "Biz Azərbaycanda bu sahəyə çox böyük diqqət göstəririk. Təsadüfi deyil ki, bu Forum da məhz Azərbaycanda keçirilir. Deyə bilərəm ki, hal-hazırda dünyada humanitar məsələlərin müzakirəsi üçün, təhlilin aparılması üçün bu Forumun müstəsna rolu vardır. Buna görə Foruma maraq durmadan artır. Bu, artıq beynəlxalq aləmdə önəmli bir formata çevrilib. Biz isə Azərbaycanda ölkələr arasındakı əlaqələrin inkişafı üçün humanitar aspektlərə daim böyük diqqət göstərmişik, çünki bizim tarixi keçmişimiz, mədəniyyətimiz bunu diqtə edir".

Prezident İlham Əliyev qeyd edib ki, əsrlər boyu Azərbaycanda çoxkonfessiyalı, çoxmillətli cəmiyyət formalaşıb, mövcuddur və müstəqillik dövründə bu müsbət meyillər daha da gücləndi: "Azərbaycanda yaşayan bütün xalqlar dostluq, mehribanlıq şəraitində yaşayır, bir ailə kimi yaşayır. Azərbaycanda heç vaxt dini, milli zəmində qarşıdurma, anlaşılmazlıq olmamışdır və bu, bizim böyük sərvətimizdir. Çünki hər bir ölkənin gücünü, əlbəttə ki, bir neçə faktor müəyyən edir - siyasi imkanlar, iqtisadi güc və eyni zamanda, cəmiyyətdə mövcud olan ab-hava, iqlim və həmrəylik duyğuları. Bu baxımdan, hesab edirəm ki, Azərbaycanın təcrübəsi çox müsbətdir və biz öz işimizlə dünyada gedən proseslərə öz müsbət töhfəmizi veririk".

İlham Əliyev çıxışında vurğulayıb ki, Azərbaycanda multikulturalizm həyat tərzidir: "Düzdür, bu termin nisbətən yenidir. Ancaq əsrlər boyu Azərbaycanda multimədəniyyətli cəmiyyətlər mövcud idi və xalqlar arasındakı dostluq və həmrəylik bunun bariz nümunəsidir. Biz bu gün də çalışırıq ki, öz təşəbbüsümüzlə regionda və dünyada gedən proseslərə öz müsbət təsirimizi göstərək. Təsadüfi deyil ki, Azərbaycan tərəfindən irəli sürülmüş bir neçə təşəbbüs artıq həyatda öz yerini tapıb və bu təşəbbüslər ətrafında yeni imkanlar yaranır. Misal üçün, qeyd etməliyəm ki, 2008-ci ildə Bakıda keçirilən Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına biz İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini dəvət etdik və birgə toplantı keçirdik. Bu, tarixdə ilk dəfə baş vermişdi. Azərbaycan həm Avropa Şurasına, həm İslam Əməkdaşlıq Təşkilatına üzv olduğu üçün bu təşəbbüsü öz üzərinə götürmüşdü. 2009-cu ildə artıq Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına biz Avropa Şurasından mədəniyyət nazirlərini dəvət etmişdik. Yəni, bu təşəbbüsə "Bakı prosesi" adı verilmişdi. Bu gün "Bakı prosesi" yaşayır və inkişaf edir".

Dövlət başçısı bildirib ki, Bakıda sivilizasiyalararası dialoq forumları keçirilib: "Bizim təşəbbüsümüzlə bir neçə il bundan əvvəl dünya dini liderlərinin zirvə görüşü keçirilmişdi. Bakı Beynəlxalq Humanitar Forumunun da mahiyyəti məhz bundadır. Forumda iştirak edən görkəmli dövlət, ictimai xadimlər, alimlər, mütəxəssislər, ekspertlər, əminəm ki, gələcək günlər ərzində öz maraqlı fikirlərini bizimlə bölüşəcəklər. Və beləliklə, biz birgə səylərlə humanitar sahəyə öz töhfəmizi vermiş olacağıq. Biz gələcəkdə də humanitar əməkdaşlığın dərinləşməsi üçün öz səylərimizi göstərəcəyik".

İlham Əliyevin fikrincə, bu, sirr deyil ki, bu forum artıq hər il keçiriləcək və beləliklə, bu format yaşayacaq. Dövlət başçısı qeyd edib ki, Azərbaycan humanitar əməkdaşlığa, humanitar məsələlərin həllinə həmişə böyük diqqət göstərib.

Azərbaycan Prezidenti deyib ki, ölkəmiz son illərdə humanitar sahədə böyük uğurlara imza atıb. Humanitar sahə Azərbaycan hökuməti üçün prioritet sahələrdən biridir və investisiyalar bu sahəyə qoyulur. Eyni zamanda, Azərbaycanda humanitar məsələlər uğurla öz həllini tapır.

İlham Əliyev qeyd edib ki, təhsilə böyük diqqət göstərilir. Son 10 il ərzində 3000-ə yaxın yeni məktəb tikilib, təhsilin keyfiyyətinin artırılması üçün islahatlar aparılır: "Hesab edirəm ki, yaxın gələcəkdə biz bu islahatların gözəl nəticələrini görəcəyik. Eyni zamanda, Azərbaycan gəncləri dövlət xətti ilə, dövlətin vəsaiti hesabına dünyanın aparıcı ali məktəblərinə oxumağa göndərilir. Onlar gələcəkdə ölkəmizin inkişafında öz sözlərini deyəcəklər".

Dövlət başçısı hesab edir ki, səhiyyə sisteminin təkmilləşdirilməsi məsələsi çox aktualdır: "Nəzərə alsaq ki, müstəqilliyimizin ilk illərində səhiyyə sistemimizin maddi-texniki bazası tamamilə yararsız vəziyyətə düşmüşdü və biz böyük investisiyalar qoymaqla müasir səhiyyə infrastrukturunu yaratmışıq. Son 10 ildə 500-dən çox səhiyyə ocağı tikilib, təmir edilib və bu gün onların bir çoxu ən yüksək standartlara cavab verir. Mədəniyyətlə bağlı bizim təşəbbüslərimiz öz nəticəsini verir. Azərbaycanda mütəmadi qaydada beynəlxalq tədbirlər, festivallar, konkurslar keçirilir. Bizim tarixi abidələrimiz bərpa edilir. Xüsusi proqram icra edilibdir. Azərbaycanda çoxlu qədim tarixi abidələr var. Onlar bizim milli sərvətimizdir. O cümlədən bizim dini abidələrimiz dövlət tərəfindən bərpa edilir və yeniləri tikilir. Onların arasında, qeyd etməliyəm ki, dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı Cümə məscidi əsaslı şəkildə bərpa edilibdir".

Prezident xatırladıb ki, bu məscid 743-cü ildə tikilib və müsəlman aləmində ən qədim məscidlərdən biridir.

Dövlət başçısı onu da qeyd edib ki, Şəki rayonunun Kiş kəndində Qafqazın ən qədim kilsəsi yerləşir: "O kilsə də bərpa edilib və bu, bizim milli sərvətimizdir. Azərbaycanda provaslav, katolik kilsələri, sinaqoqlar dövlət tərəfindən, dövlətin dəstəyi ilə əsaslı şəkildə təmir edilib. Bu, bizim böyük sərvətimizdir və bir də demək istəyirəm ki, multimədəniyyətli cəmiyyət, dinlərarası dialoq, xalqlar arasındakı dostluq və qardaşlıq bizim dövlətimizi gücləndirir. Çünki bu, cəmiyyətdə çox gözəl ab-hava yaradır və bir də demək istəyirəm ki, bu, həm dövlət siyasətidir, eyni zamanda, cəmiyyətin sifarişidir. Bu istiqamətdə, hesab edirəm ki, biz uğurla inkişaf edəcəyik. Onu da qeyd etməliyəm ki, bu sahədə əldə edilmiş təcrübə başqa ölkələr üçün də maraqlı ola bilər".

Prezident daha sonra deyib: "Müasir dünyada biz hamımız bir-birimizlə bağlıyıq. Eyni zamanda, Avropa qitəsində miqrantlara qarşı münasibətin pisləşməsi, "multikulturalizm iflasa uğrayıb" kimi bəyanatların verilməsi və ayrı-seçkiliyə meyilli olan siyasi qüvvələrin daha da böyük səs toplaması, əlbəttə ki, hamımızı narahat etməlidir.

Yenə də deyirəm, bu Forumun keçirilməsi də bu məqsədi güdür. Çünki hesab edirəm ki, müasir dünyada həm coğrafi, eyni zamanda, humanitar baxımdan Azərbaycanın nadir rolu var. Biz Avropa ilə Asiya arasında, qədim "İpək yolu" üzərində yerləşən bir ölkəyik və biz Avropanı da yaxşı anlayırıq, müsəlman ailəsinin də bir parçasıyıq. Biz çalışırıq ki, bu sivilizasiyalararası dialoq, humanitar dialoq daha da güclü olsun, daha da güclənsin.

Əlbəttə ki, müzakirələrdə bu məsələlərə diqqət göstəriləcəkdir. Əmənəm ki, müzakirələr çox uğurlu keçəcək. Dediyim sözləri təsdiq etmək üçün qeyd etməliyəm ki, nəinki humanitar sahədə, digər sahələrdə də bir çox təşəbbüslər hesab edirəm uğurlu olub".

İlham Əliyevin sözlərinə görə,iki il bundan əvvəl Azərbaycanda Avropanın və bəlkə də dünyanın ən mötəbər mahnı yarışı - "Eurovision" müsabiqəsi böyük uğurla keçirilib. Bütün qonaqlar çox razı qalıblar: "Gələn il birinci Avropa Oyunları - buna qeyri-rəsmi Avropanın Olimpiya Oyunları deyirlər - Bakıda keçiriləcək. Bu da çox əlamətdar hadisədir. Çünki Avropada bu günə qədər Olimpiada səviyyəsində yarışlar keçirilməyib. Burada da Azərbaycan öz namizədliyini irəli sürüb və Avropanın olimpiya ailəsi bizə böyük etimad göstərib".

Dövlət başçısı qeyd edib ki, 2017-ci ildə isə İslam Həmrəylik Oyunları Bakıda keçiriləcəkdir: "Cəmi iki il ərzində həm Avropa, həm İslam Oyunları Azərbaycanda keçiriləcək. Bu da dediyim sözlərin təsdiqidir. Bu, bizim rolumuzdur və biz çalışırıq ki, xalqları birləşdirək. Onu da qeyd etmək istəyirəm ki, keçən ay bizim üçün çox önəmli və tarixi qərar qəbul edilmişdir - futbol üzrə Avropa çempionatı 2020-ci ildə, o cümlədən Bakıda keçiriləcək. Cəmi 13 şəhər - Avropanın 13 şəhəri seçilib. Onlardan biri də Bakıdır. Yəni, budur bugünkü Azərbaycan. Biz Avropa ailəsinin üzvüyük, müsəlman ailəsinin üzvüyük və sübut edirik ki, bu, mümkündür. Biri o birisini inkar etmir və etməməlidir. Bu gün inkişafda olan ölkəmiz göstərir ki, düşünülmüş siyasət, cəmiyyətdə müsbət meyillər güclü olanda böyük uğurlara imza atmaq mümkündür.

Əziz qonaqlar, mən sizi bir daha səmimiyyətlə salamlayıram. Bilirəm ki, qonaqlar arasında ölkəmizlə tanış olan nümayəndələr vardır. İlk dəfə gələnlər də var. Əminəm ki, bu Forumun keçirilməsi sizin üçün çox maraqlı olacaq. Siz öz dəyərli fikirlərinizi bölüşəcək, eyni zamanda, ölkəmizlə yaxından tanış olacaqsınız. Forumun iştirakçılarına uğurlar arzulayıram. Sağ olun!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti