...

Azərbaycanda yeni neft sazişi qəbul edildi

Siyasət Materials 14 Aprel 2015 13:56 (UTC +04:00)
"Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahənin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə BP Eksploreyşn (Azərbaycan) Limited və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilib.
Azərbaycanda yeni neft sazişi qəbul edildi

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir Elçin Mehdiyev/

"Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahənin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) ilə BP Eksploreyşn (Azərbaycan) Limited və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilib.

Trend-in məlumatına görə, Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov qanun layihəsi haqqında məlumat verib.

V.Ələsgərov bildirib ki, bu sazişlə hər iki şirkət işgüzar, səmərəli və şəffaf iş görməklə bağlı üzərinə öhdəliklər götürür. Onun sözlərinə görə, Sazişin müddəti üç dövrü əhatə edəcək - ilkin kəşfiyyat dövrü, əsas kəşfiyyat dövrü, işlənmə və hasilat dövrü: "Podratçı şirkət tərəfindən təqdim olunmuş işlənmə və hasilat dövrü proqramı Dövlət Neft Şirkətinin təsdiqlədiyi tarixdən etibarən 23 il müddətinə təyin olunur. İşin gedişindən asılı olaraq, bu müddət bir az da uzadıla bilər".

Sazişin mahiyyətinə gəldikdə V.Ələsgərov qeyd edib ki, Azərbaycan neft sahəsində bütün riskləri nəzərə alıb: "Bu baxımdan, BP şirkəti böyük təcrübəyə və texnikaya malik olduğuna görə Xəzər dənizinin Abşeron yarımadası ətrafında dayazsulu sahənin kəşfiyyatı, işlənməsi və hasilatı ona həvalə olunur. Bununla bağlı nəzərdə tutulan bütün maliyyə hesabları da həmin şirkətin öhdəliyinə buraxılır. Bütün proses Dövlət Neft Şirkətinin nəzarəti və Azərbaycanın milli maraqlarının qorunması şəraitində aparılacaq. Əgər bu saziş çərçivəsində gözlənilən nəticə əldə olunarsa, Azərbaycan tərəfi üzərinə düşən maliyyə və digər məsələlərdən doğan öhdəlikləri qarşılayacaq".

V.Ələsgərov bildirib ki, bu saziş Azərbaycanın yeni neft strategiyasının uğurlu davam etdirilməsinin göstəricisidir:"Azərbaycan istənilən beynəlxalq konvensiyaya qoşulduqda, istənilən mühüm sazişə imza atdıqda hər zaman öz milli maraqlarını qoruyur. Sözügedən sazişdə ətraf mühitin mühafizəsi də xüsusi diqqətdə saxlanılıb".

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti