...

Bəxtiyar Sadıqov: Azərbaycana qara yaxmağa fürsət axtarırlar

Siyasət Materials 27 İyul 2015 15:40 (UTC +04:00)
Bir sıra beynəlxalq təşkilat və xarici mətbuat orqanları var ki, Azərbaycana hücum etməyə, qara yaxmağa fürsət axtarırlar.
Bəxtiyar Sadıqov: Azərbaycana qara yaxmağa fürsət axtarırlar

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir Elçin Mehdiyev/

"Bir sıra beynəlxalq təşkilat və xarici mətbuat orqanları var ki, Azərbaycana hücum etməyə, qara yaxmağa fürsət axtarırlar. Onlar Xədicə İsmayılovanın həbsindən də gen-bol istifadə edir və çalışırlar ki, ona qarşı cinayət işini jurnalistlərin hüquqlarının məhdudlaşdırılması, söz və mətbuat azadlığının boğulması kimi qələmə versinlər". Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyib.

B.Sadıqov bildirib ki, X.İsmayılova konkret şəxsin müraciəti əsasında həbs olunub və həmin insanı özünü öldürmə həddinə çatdırıb: "Digər tərəfdən, Xədicə İsmayılovanın rəhbərlik etmiş olduğu "Azadlıq" radiosunun Bakı bürosunda yeyintilər, vergidən yayınma halları var. Bütün bu məsələlər məhkəmə tərəfindən araşdırılacaq, müvafiq şəkildə qiymətləndiriləcək və cəzası müəyyənləşdiriləcək. Əgər Xədicə özü və başqaları bundan narazı qalsalar, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edə bilərlər".

Millət vəkilinin sözlərinə görə, çox maraqlıdır ki, həmin qurumlar X.İsmayılovadan danışanda öz doğma torpaqlarına gedib doğmalarının qəbirlərini ziyarət edərkən ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin, orada qətlə yetirilən Həsən Həsənovun adını çəkmirlər: "Əgər Xədicəni jurnalist kimi təqdim edirlərsə, Azərbaycanın işğal olunmuş ərazilərindən yüzlərlə jurnalist məcburi köçkün həyatı yaşayır. Nə üçün bu insanların hüquqlarını bərpa etmək üçün məsələ qaldırmırlar? Əslində, Xədicəni nəyə görə müdafiə etdiklərini yaxşı bilirik. Lakin əgər qanun, məhkəmə araşdırması varsa, onların nə deməsi, nə yazması boş söhbətlərdir. Cinayət əməli sübuta yetiriləndən sonra, cəza veriləndən sonra hamı nəyin necə olduğunu biləcək. Sadəcə, onlar başqasını ölüm həddinə çatdıran bir insanın da həbsindən istifadə edib Azərbaycana qara yaxmağa çalışırlar. Azərbaycanda hamı bu məsələnin mahiyyətinin nə olduğunu, Xədicənin də kim olduğunu, o mətbuat orqanlarının da Azərbaycana niyə hücuma keçdiyini çox gözəl bilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti