...

Azərbaycan siyasətində düşmən olan qardaşlar

Siyasət Materials 28 Sentyabr 2015 15:49 (UTC +04:00)
Azərbaycan siyasətində zaman-zaman “qardaşlar” problemi özünü göstərib. Hesab edin ki, tanınmış iki qardaş siyasətdədir, amma nə siyasi, nə də şəxsi münasibətləri qaydasındadır.
Azərbaycan siyasətində düşmən olan qardaşlar

Azərbaycan, Bakı, 28 sentyabr /Trend Azər Niftiyev/

Azərbaycan siyasətində zaman-zaman "qardaşlar" problemi özünü göstərib. Hesab edin ki, tanınmış iki qardaş siyasətdədir, amma nə siyasi, nə də şəxsi münasibətləri qaydasındadır. Hətta bu anlaşılmazlıq illərin küsülülüyünə çevrilir. Bəli, Azərbaycanın siyasi arenasında bu mənzərə var.

Trend bu məqalədə siyasətdə olub, bir zamanlar birgə addımlayan, hazırda isə siyasi, şəxsi münasibətləri belə qaydasında olmayan qardaşlardan bəhs edəcək.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə qardaşı Qurban Məmmədov uzun illərdir küsülüdürlər. Bununla bağlı mətbuata danışan S.Cəlaloğlu demişdi: "Bir anadan olmaq olar, amma elə dostlar var ki, mən onların xətrini daha çox istəyirəm". Bir neçə il öncəyə qədər eyni partiyada olan, hazırda isə yolları tamamilə ayrılan qardaşlar, deyilənə görə, hətta bir-birinin şəxsi məclislərinə qatılmırlar.

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə ilə qardaşı, politoloq Zərdüş Əlizadə illərdir danışmırlar. Bir zamanlar bir partiyaya həmsədrlik edən qardaşların yolları tamamilə ayrılıb və yaxınlarının dediyinə görə, onlar bir-birinə Allahın salamını belə vermirlər.

Bir zamanlar Milli Şura ideyası ilə gündəmə gəlib, illərdir qulluq etdiyi siyasi düşərgəyə xəyanət yolunu tutan kinodramaturq Rüstəm İbrahimbəyovla qardaşı Maqsud İbrahimbəyov arasında da münasibətlər gərgindir. Deyilənə görə, qardaşının xəyanətkar mövqeyi M.İbrahimbəyovun hiddətinə səbəb olub və o zamandan qardaşlar arasında münasibətlər normal deyil.

Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərlə qardaşı Rövşən Qəmbər arasında münasibətlər də gərgindir. Partiyanın ötən il keçirilən qurultayı öncəsi müsavatçılara müraciət edib, onları Qubad İbadoğluna səs verməyə çağırması və qardaşına qarşı "cihad etməsi" İsa Qəmbərin xoşuna gəlməyib. Eqoizmi özünü çox gözlətməyən İ.Qəmbər yüzlərlə tərəfdarına qarşı həyata keçirdiyi "siyasət"i bu dəfə qardaşına da tətbiq edib. Azad sözə, fərqli baxışlara görə qardaşını "silinmişlər" siyahısına salıb.

"Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidlə jurnalist qardaşı Mirzə Sakit arasında baş verənlər hələ uzun müddət yaddaşlardan silinməyəcək. "Əli Kərimli və Qənimət Zahidi qoyun kimi otararam" sözləri ilə mətbuatın gündəminə gələn M.Sakitlə Q.Zahid arasında münasibətlər bu gün də gərgindir.

Yazıdan da göründüyü kimi, siyasətin düşmən etdiyi qardaşların birmənalı olaraq hamısı müxalifət düşərgəsində təmsil olunur. Bunun səbəbi nədir və bu qardaşlar nəyi bölə bilmirlər? Bu suala biz yox, əlahəzrət zaman və oxucular cavab tapmağa çalışsa, daha yaxşı olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti