...

"Azərbaycanla İranın əməkdaşlığı regionda təhlükəsizliyin təmin edilməsinə böyük töhfə verir"

Siyasət Materials 10 Fevral 2016 19:57 (UTC +04:00)
Bu gün Bakıda İran İslam İnqilabının Qələbəsinin 37-ci ildönümü münasibətilə rəsmi qəbul keçirilib.
"Azərbaycanla İranın əməkdaşlığı regionda təhlükəsizliyin təmin edilməsinə böyük töhfə verir"

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Bakıda İran İslam İnqilabının Qələbəsinin 37-ci ildönümü münasibətilə rəsmi qəbul keçirilib.

Trend-in məlumatına görə, tədbirdə xarici ölkələrin Azərbaycandakı səfirləri, Azərbaycan hökumətinin nümayəndələri, millət vəkilləri və digər qonaqlar iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycan və İranın dövlət himnləri səsləndirilib. Tədbiri giriş sözü ilə açan İranın Azərbaycandakı səfiri Möhsün Pakayin İslam İnqilabından sonra İranın əldə etdiyi uğurlardan danışıb.

Azərbaycanla İran arasında münasibətlərə toxunan səfir qeyd edib ki, iki ölkə arasında əlaqələr ən yüksək səviyyədədir.

M.Pakayin deyib ki, iki ölkənin yüksək rəsmilərinin qarşılıqlı səfəri ikitərəfli əlaqələrin inkişafına böyük töhfə verir və əlaqələr bundan sonra da inkişaf edəcək.

Azərbaycan hökuməti adından çıxış edən energetika naziri Natiq Əliyev İranın milli bayramı münasibətilə bütün İran xalqını təbrik edib.

N.Əliyev qeyd edib ki, İranla Azərbaycan arasında zəngin əlaqələr və çoxəsrlik qardaşlıq münasibətləri mövcuddur. Nazir vurğulayıb ki, müasir dövrdə Azərbaycanla İran rəhbərləri tərəfindən bu siyasət uğurla davam etdirilir və iki ölkə arasında bütün sahələrdə əlaqələr yüksək səviyyəyə çatıb. İki ölkə arasında energetika, nəqliyyat və digər sahələrdə əlaqələrin inkiaf etdirilməsi region üçün böyük əhəmiyyət kəsb edir.

Nazir bildirib ki, İrana qarşı sanksiyaların aradan qaldırılması ölkənin sürətli inkişafına təkan verəcək.

N.Əliyev sonda qeyd edib ki, Azərbaycanla İran arasında yüksək səviyyəli əməkdaşlıq regionda sülh və təhlükəsizliyin təmin edilməsinə böyük töhfə verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti