Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyev aidiyyəti orqanlara Mehman Əliyevin müraciətinə baxılmasını tapşırıb.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
Ə.Həsənov bildirib: “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülmüş və cari ilin avqustunda onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həmin dövrdə Azərbaycan Mətbuat Şurası məsələnin ölkə qanunvericiliyi çərçivəsində ədalətli şəkildə həll olunması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlamışdı. Həmçinin Mehman Əliyev dövlətimizin başçısına müraciət edərək barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş etmişdir.
Qeyd edim ki, hələ 2009-cu ildə Prezident İlham Əliyev Azərbaycanda demokratik prinsiplərin, söz və məlumat azadlığının aliliyini nəzərə alaraq kütləvi informasiya vasitələri əməkdaşlarının peşə fəaliyyətinə görə cinayət məsuliyyətinə cəlb edilməsinin məqsədəmüvafiq olmadığına dair öz rəyini bildirmiş və iradəsini nümayiş etdirmişdir. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, 2009-cu ildən ötən dövr ərzində KİV əməkdaşları peşə fəaliyyətinə görə məhkum olunmamışlar".
Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il fevralın 10-da “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncam imzaladığını xatırladan Ə.Həsənov bildirib ki, həmin sərəncam bu kimi və bir sıra digər hallarda məsuliyyətə cəlb olunmuş şəxslərlə bağlı cəmiyyətdən təcrid olunmamaq şərtilə alternativ cəza tədbirlərinin həyata keçirilməsinə tam imkan yaradır:
"Bütün bunları nəzərə alaraq Prezident İlham Əliyev “Turan” İnformasiya Agentliyinin direktoru barədə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması məsələsinə baxılması üçün aidiyyəti orqanlara tapşırıq vermişdir.
Qeyd edim ki, bu qərar Azərbaycanda demokratik prinsiplərin, söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin müstəqilliyinin və jurnalistlərin sərbəst fəaliyyətinin təmin edilməsinə dair Azərbaycan Prezidentinin dəyişməz mövqeyi və ali iradəsinin təcəssümüdür".
Prezidentin köməkçisi cari ilin iyulunda üç il müddətinə azadlıqdan məhrum olunmuş Aleksandr Lapşinin məsələsi ilə bağlı sualı da cavablandırıb. O qeyd edib ki, Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, barəsində cəza tədbiri seçilmiş Lapşinin azadlığa buraxılması və ekstradisiyası daim gündəmdə olub: "Sadəcə onun vətəndaşı olduğu İsrail dövləti tərəfindən müraciət gecikdiyinə görə, bu günə kimi müvafiq qərar ləngimişdir. Hazırda belə müraciət daxil olmuşdur və Aleksandr Lapşin barədə qərar qəbul edilmişdir".