Bakı. Trend:
ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində tərəflərə kömək göstərməyə hazır olduqlarını təsdiq ediblər.
Trend-in məlumatına görə, bu barədə həmsədrlərin Azərbaycan və Ermənistanın xarici işlər nazirləri - Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanla Brüsseldə keçirdikləri görüşə dair yaydığı bəyanatda deyilir.
Bəyanatda gərginliyin azaldılmasının və təhrikedici ritorikanın qarşısının alınmasının vacibliyi vurğulanıb.
Nazirlər cari vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar və əsas müzakirələrə yenidən başlanması üçün növbəti addımları və parametrləri müzakirə ediblər.
O da vurğulanır ki, nazirlər gələcək görüşlər üçün bəzi məsələləri razılaşdırıblar.
Yaxın vaxtlarda ATƏT həmsədrlərinin vasitəçiliyi ilə bir daha görüşmək barədə razılığa gəlinib.
Həmsədrlər gərginliyin azaldılmasının vacibliyini vurğulayaraq tərəflərə Helsinki Yekun Aktının prinsiplərinə uyğun olaraq münaqişənin sülh yolu ilə həlli üçün dəstək ifadə ediblər.
Qeyd edək ki, bu görüş Azərbaycan və Ermənistanda keçirilmiş seçkilərdən sonra ilk yüksək səviyyəli görüşdür.