...

Deputat: Con Boltonun Azərbaycana səfəri regional və qlobal təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir

Siyasət Materials 25 Oktyabr 2018 10:04 (UTC +04:00)
Con Boltonun Azərbaycana səfəri ABŞ-Azərbaycan ikitərəfli münasibətləri və regional təhlükəsizlik məsələləri baxımından olduqca əhəmiyyətli idi.
Deputat: Con Boltonun Azərbaycana səfəri regional və qlobal təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir

Bakı. Elçin Mehidyev - Trend:

Birləşmiş Ştatlar Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycana səfəri ABŞ-Azərbaycan ikitərəfli münasibətləri və regional təhlükəsizlik məsələləri baxımından olduqca əhəmiyyətli idi.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu C.Boltonun Azərbaycana səfərini şərh edərkən deyib.

Millət vəkili bildirib ki, C.Boltonun Azərbaycana səfəri istər regional, istərsə də qlobal təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir: "Con Bolton və Prezident İlham Əliyev arasında ABŞ-Azərbaycan əməkdaşlıq əlaqələrinin müxtəlif aspektləri, Azərbaycanın dünya enerji bazarında rolu, terrorizmə, insan alverinə, narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə, insan haqları, habelə regionda cərəyan edən siyasi və iqtisadi proseslər, region ölkələri ilə münasibətlər və digər məsələlərin müzakirə edilməsi qlobal terrorizmə və narkotizmə qarşı mübarizədə Azərbaycanın ən aparıcı ölkələr sırasında yer aldığını sübut edir. Eyni zamanda, Azərbaycanın hazırda həyata keçirdiyi meqa enerji layihələri ilə regionun və Avropanın qlobal təhlükəsizliyinin təmin edilməsində nə qədər əhəmiyyətli ölkə olduğunu bir daha göstərir. Heç şübhəsiz ki, bütün bunlar təsadüfi deyil. Çünki Azərbaycan həyata keçirdiyi aktiv diplomatik fəaliyyəti ilə həm regional müstəvidə, həm də Avrasiyada mühüm aktor kimi öz yerini və rolunu çoxdan isbat edib. Dünya siyasətini müəyyən edən ölkələrdən biri olan ABŞ-ın Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycana səfəri bir daha bu konteksdə qiymətləndirilməlidir".

H.Babaoğlu vurğulayıb ki, əgər regionda hansısa təhlükəsizlikdən söhbət gedirsə, bizim üçün ilk növbədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həll olunması məsələsi önə çıxır: "Azərbaycanın həyata keçirdiyi xarici siyasətin əsas paradiqmasını məhz bu müəyyənləşdirir. Həm dünya siyasətini müəyyənləşdirən ölkələrdən biri, həm də ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi ABŞ-ın bu problemin həllində müstəsna yeri və rolu ola bilər. Con Bolton çıxışında məhz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə xüsusi diqqət ayrıldığını və bu problemin həllinin Birləşmiş Ştatlar üçün də mühüm əhəmiyyət kəsb etdiyini söylədi. Con Bolton bundan sonrakı mərhələdə isə Ermənistana səfər edəcəyini və rəsmi Yerevanla bu məsələni müzakirə edəcəyini Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırdı. Düşünürəm ki, bu, xüsusi bir məqamdır. Əgər bütün dünya özünün təhlükəsizliyini təmin etməlidirsə, beynəlxalq münasibətlərin iştirakçısı olan aktorlar da bir-birilərinin qarşılıqlı təhlükəsizliyini mütləq nəzərə almalıdır. Azərbaycan təhlükəsizliyə töhfə verirsə, deməli onun təhlükəsziliyinə tərəfdaşları və müttəfiqləri də mütləq diqqət yetirməlidir. Düşünürəm ki, Con Boltonun səfəri məhz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli kontekstində Azərbaycan üçün önəmli idi".

Deputat qeyd edib ki, Azərbaycan C.Boltonla müzakirələrdə ərazi bütövlüyü məsələsində prinsipiallığını və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi ilə bağlı öz mövqeyini bir daha qətiyyətlə ortaya qoydu: "Bütövlükdə, hazırkı beynəlxalq münasibətlər sisteminin siyasi konyunkturasına nəzər salsaq görərik ki, ən müxtəlif problemlər məhz bu qarşılıqlı müzakirələr və qarşılıqlı maraqların təmin olunması formatında aktuallaşdırılır. Ona görə də bu görüş istər ABŞ-Azərbaycan ikitərəfli münasibətləri, istərsə də regional təhlükəsizlik məsələləri baxımından olduqca mühüm bir görüş idi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti