Bakı. Mətanət Nəsibova - Trend:
Beynəlxalq münasibətlər sistemində və dünya siyasətində çoxvektorlu və balanslaşdırılmış siyasət yürüdən Azərbaycan xüsusilə ATƏT Minsk qrupu üzvləri olan ölkələrdən münasibətlərdə balansa riayət etməyi gözləmək hüququna malikdir.
Bunu Trend-ə politoloq, sabiq diplomat Fikrət Sadıqov deyib.
F.Sadıqovun sözlərinə görə, Fransa Prezidenti Emmanuel Makronun regiona son səfərini Azərbaycana hörmətsizlik kimi qələmə vermək olar:
“Bir müddət əvvəl baş tutmuş regiona səfəri çərçivəsində gözlənilirdi ki, Makron hər üç ölkəyə gedəcək. Amma Fransa Prezidenti yalnız Yerevanda Frankofoniya hərəkatı sammitində iştirakla kifayətləndi. Bu faktı nəzərə alaraq belə bir sual yaranır ki, qonşu Azərbaycana səfəri diqqətə almamaqla Fransa lideri hansı prinsipləri əsas tutub? ATƏT Minsk qrupunun həmsədri olan aparıcı Avropa ölkəsi tərəfindən bu cür addım nə dərəcədə məqsədəuyğundur?”
F.Sadıqovun fikrincə, münaqişə tərəflərindən birinə ayrı-seçkilik bu vəziyyətdə Azərbaycana hörmətsizliyi əks etdirir:
“Azərbaycana səfəri diqqətə almamaqla avropalı siyasətçi ATƏT Minsk qrupunun həmsədri kimi ciddi diplomatik səhvə yol verdi. Xatırlatmaq lazımdır ki, Cənubi Qafqaz regionunda olarkən, amerikalı rəsmilər, eləcə də rusiyalı siyasətçilər regionun hər üç ölkəsinə səfər edirlər. Bunu, ABŞ Prezidentinin müşaviri Con Bolton da təsdiq etdi. Bu prinsipə rusiyalı siyasətçilər də əməl edir ki, bu da məqsədəuyğundur. Bu dövlətlərin mövqeyi Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla nizamlanmasının zəruriliyi və regionda sabitliyin qorunması barədə bəyanatlarına uyğundur”.
Politoloqun sözlərinə görə, Azərbaycan Prezidentinin Paris sülh forumunda iştirak dəvətini qəbul etməməsi obyektiv addımdır və E.Makrona layiqli cavabdır:
“Bununla da Azərbaycan Prezidenti Fransa liderinə bildirdi ki, ölkəmizin milli maraqları onun üçün hər şeydən üstündür. Eyni zamanda Azərbaycan bu tarixi hadisəni diqqətdən kənarda qoymadı və ölkəmizi Paris sülh forumunda xarici işlər naziri Elmar Məmmədyarov təmsil etdi. Fikrimcə, yaranmış vəziyyətdə bu, düşünülmüş qərar idi və bu qərar diplomatik etikadan və ağıllı dövlət idarəçiliyindən kənar addımlar atan siyasətçiləri düşündürməlidir”.