...

AŞ PA-nın qətnaməsi Azərbaycandakı real vəziyyətə uyğun deyil - Aydın Quliyev

Siyasət Materials 1 Fevral 2020 16:02 (UTC +04:00)
AŞPA-nın Azərbaycanda siyasi məhbuslar məsələsı ilə bağlı qətnaməsi bu qurumun ölkəmizə qərəzli münasibətdə olan qüvvələrin təsiri altında işlədiyini bir daha sübut edir.
AŞ PA-nın qətnaməsi Azərbaycandakı real vəziyyətə uyğun deyil - Aydın Quliyev

Bakı. Samir Əli - Trend:

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycanda siyasi məhbuslar məsələsı ilə bağlı qətnaməsi bu qurumun ölkəmizə qərəzli münasibətdə olan qüvvələrin təsiri altında işlədiyini bir daha sübut edir.

Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev AŞ PA-nın qış sessiyasında “Azərbaycanda siyasi məhbuslarla bağlı məlumatlar haqqında iş” üzrə qətnaməsinə münasibət bildirirəkən deyib.

Onun sözlərinə görə, ermənipərəst dairələrin güclü olduğu AŞ PA-da belə qətnamənin qəbul edilməsi Azərbaycandakı real vəziyyətə uyğun deyil və qətnamənin məhz qış sessiyası dövrünə düşməsi təsadüfi xarakter daşımır: "AŞ PA rəhbərliyi və məlum təsir altında olan deputatlar belə qətnamələr üçün informasiyaları Azərbaycandakı radikal müxalifət çevrələrindən aldıqlarını və onlarla əlbir işlədiklərini bir daha sübut etmiş olurlar. AŞ PA strukturlarının Azərbaycanın rəsmi dövlət orqanları, ictimaiyyətin tanıdığı qeyri-hökumət sektoru və tərəfsiz media ilə mötəbər əməkdaşlıq münasibətləri qurmaqda maraqlı olmadıqları özünü davamlı olaraq göstərir.

Eyni zamanda, AŞ PA-nın qətnaməsi və Almaniyada hansısa deputatının guya Azərbaycanla qeyri-şəffaf lobbiçilik əməkdaşlığında olduğu barədə işin düzülüb-qoşulması eyni prosesin tərkib hissələridir və onların vahid anti-Azərbaycan mərkəzlərdən idarə olunduğu şübhəsizdir. Azərbaycanda siyasi məhbus adı altında manipulyasiya edilən şəxslərin əslində konkret kriminal əməllərlə bağlı olduğunu görməmək AŞ PA üçün Azərbaycana qətiyyən obyektiv münasibət göstəricisi sayıla bilməz. Tək son iki ildə Fransada 100-ə yaxın, Almaniyada 30-dan çox jurnalistin xəsarətli zorakılıqlara məruz qalması faktlarına AŞ PA-nın artıq dərəcədə "dözümlü" yanaşması faktdır və Azərbaycanda olmayan məsələni siyasi məhbus problemi kimi qətnamə altına salmağın arxasında başqa mətləblərin olduğu qənaətinə gəlməyə əsas verir".

Ekspert bildirib ki, dünyada Azərbaycanın möhkəmlənən mövqeyi və Dağlıq Qarabağ məsələsinin həlli prosesində pozitiv tərpənişlər özünü göstərən kimi Avropadakı bəzi pərdəarxası qüvvələr fəallaşır: "Bu motivin təsiri altında isə insan hüquqları, demokratiya və siyasi məhbuslar mövzusu həmin qüvvələrin əlində dəyişməyən daimi manipulyasiya və təzyiq üsuluna çevrilir. Avropa parlamentinin bu yaxınlarda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul etməsini və Cenevrədə Qarabağ danışıqlarının Ermənistan üçün çox gərgin keçəcəyinin əvvəldən məlum olmasını görünür bəzi qüvvələr qəbul edə bilmədilər. Həqiqətən də yaxın həftələrdə Avroparlamentin tanınmış sərhədlər daxilində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədi qəbul etməsinə qarşı erməni lobbisinin səyləri nəticəsiz qaldı. Cenevrədə isə XİN rəhbərlərinin tarixdə Ermənistan üçün ən gərgin keçmiş görüşünü baş nazir Paşinyanın öncədən pozmağa yönəlmiş səyləri də iflasa uğradı. Bütün bunlar beynəlxalq miqyasda Ermənistan üçün getdikcə daha əlverişsiz mövqenin yarandığını sübut edən faktlardır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti