...

Aydın Quliyev: Birgə Bəyannamə Azərbaycanla İtaliyanın müdafiə və hərbi-texniki sahələr üzrə əməkdaşlığında mühüm səhifə açır

Siyasət Materials 23 Fevral 2020 07:32 (UTC +04:00)
İtaliya Azərbaycanın xarici siyasətində müstəsna istiqamətlərdən biri olduğu üçün Prezidentin səfəri və imzalanmış sənədlər perspektivli məzmun daşıyır
Aydın Quliyev: Birgə Bəyannamə Azərbaycanla İtaliyanın müdafiə və hərbi-texniki sahələr üzrə əməkdaşlığında mühüm səhifə açır

Bakı. Samir Əli - Trend:

İtaliya Azərbaycanın xarici siyasətində müstəsna istiqamətlərdən biri olduğu üçün Prezidentin səfəri və imzalanmış sənədlər perspektivli məzmun daşıyır.

Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

A.Quliyev bildirib ki, İtaliya ilə əməkdaşlığın dərinləşdirilməsi nəzərəçarpan daxili iqtisadi və beynəlxalq nəticələr doğuran təsirlərə malikdir: "Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri zamanı imzalanmış çoxsaylı sənədlərin faydalı nəticələri artan xətt üzrə özünü hələ uzun müddət göstərəcək. Azərbaycan və İtaliya liderlərinin konkret sahələr üzrə imzaladıqları sazişlər və "Çoxölçülü Strateji tərəfdaşlığın dərinləşdirilməsinə dair Bəyannamə" iki ölkənin maraqlarına tam cavab verməklə bərabər, regional və ümumAvropa miqyasında rifah və təhlükəsizliyə də böyük töhfə verəcək.

Prezident İlham Əliyev Azərbaycan-İtaliya əməkdaşlığında yeni mərhələ açmağın vaxtını çox dəqiq seçə bilib. İmzalanmış sazişlər Azərbaycanın, xüsusilə də inkişaf edən qeyri-neft sektoru sahələrinə İtaliyanın biznes və ticarət dairələrinin simasında həqiqətən böyük beynəlxalq marağın olduğunu sübut edir. Əslində Azərbaycan Prezidenti İtaliya qarşısında ölkəmizin inkişafa böyük meyli olan kənd təsərrüfatı, tikinti, turizm, yeni texnologiyalar, təhsil, səhiyyə, ekologiya və digər sahələrində qarşılıqlı faydalı investisiyalarını artırmaq şansı açdı".

Ekspertin sözlərinə görə, Azərbaycanın Avroittifaqla sıx inteqrasiyası və İtaliyanın Avropa Birliyində Azərbaycanın ən böyük siyasi, iqtisadi və ticarət tərəfdaşı olması iki ölkənin yeni açılan dərin əməkdaşlıq münasibətlərinə xüsusi əhəmiyyət verir: "Azərbaycan-İtaliya əməkdaşlığı azı uç dəniz hövzəsi ölkələrinin öz aralarında keyfiyyətcə yeni münasibətlər qurmasına və enerji təhlükəsizliyinə etibarlı təminat yaradır.

Prezident İlham Əliyevin səfərinin nəticələri həm iki ölkənin ikitərəfli gündəminə, həm də onların müxtəlif statuslarda təmsil olunduqları beynəlxalq təşkilatların fəaliyyət gündəminə yeni atmosfer gətirəcək. İkitərəfli əlaqələrin daha da dərinləşməsi Azərbaycan-NATO, Azərbaycan-Avropa İttifaqı, eləcə də İtaliya-Qafqaz, İtaliya-Mərkəzi Asiya münasibətlərinə öz pozitiv təsirini mütləq göstərəcək. Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşməsi, geniş və sərbəst biznes mühitinə malik olması İtaliya üçün ölkəmizin əhəmiyyətini xeyli artırır. Prezident İlham Əliyev hər iki ölkənin qarşısında ikitərəfli əməkdaşlıqdan daha böyük faydalar götürmək üçün yeni imkanlar açdı".

A.Quliyev əlavə edib ki, Münxendə məşhur debatdan sonra Avropanın önəmli iqtisadi və siyasi güc mərkəzlərindən biri olan İtaliya ilə münasibətləri dərinləşdirmək səylərinin əhəmiyyəti daha da artır: "Bu nöqteyi-nəzərdən Çoxölçülü Strateji tərəfdaşlığın dərinləşdirilməsinə dair Bəyannamənin böyük tarixi əhəmiyyətini xüsusi qeyd etmək lazım gəlir.

Bəyannamə Azərbaycanla İtaliyanın müdafiə və hərbi-texniki sahələr üzrə əməkdaşlığında mühüm səhifə açır. İtaliya kimi dövlətin Azərbaycanın ərazi bütövlüyünə, süverenliyinə dəstək verməsi əslində Azərbaycanın haqq mübarizəsinə beynəlxalq təminatın möhkəmlənən xətt üzrə getdiyini bir daha nümayiş etdirir.

Bəyannamə bir daha göstərdi ki, Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq və ədalət prinsiplərinə uyğun həll edilməsində İtaliyanın ilk anlardan göstərdiyi mövqe dəyişməyib və bu mövqe Azərbaycanın mənafelərinə tam uyğundur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti