...

Hikmət Babaoğlu: Dövlət başçısının kritik məqamda əfvlə bağlı qərarı azadlığa çıxan vətəndaşlara xüsusi qayğı və diqqətin təzahürüdür

Siyasət Materials 6 Aprel 2020 20:29 (UTC +04:00)
Prezident İlham Əliyevin sərəncamı ilə 176 məhkumun əvf edilməsi böyük humanizm nümunəsidir və yaşadığımız çətin günlərdə çoxsaylı azərbaycanlı ailəsinə sevinc və ümid bəxş etdi. Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Hikmət Babaoğlu: Dövlət başçısının kritik məqamda əfvlə bağlı qərarı azadlığa çıxan vətəndaşlara xüsusi qayğı və diqqətin təzahürüdür

Bakı. Elçin Mehdiyev - Trend:

Prezident İlham Əliyevin sərəncamı ilə 176 məhkumun əfv edilməsi böyük humanizm nümunəsidir və yaşadığımız çətin günlərdə çoxsaylı azərbaycanlı ailəsinə sevinc və ümid bəxş etdi. Dövlət başçısının kritik məqamda əfvlə bağlı qərarı azadlığa çıxan vətəndaşlara xüsusi qayğı və diqqətin təzahürüdür.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, məhkumların əfv edilməsi Ümummilli lider Heydər Əliyevin yaratdığı hüquqi-humanist ənənələrin davamıdır və xalqımız tərəfindən olduqca yüksək qiymətləndirilir:

"Təsadüfi deyil ki, bu günə qədər qəbul edilmiş amnistiya aktları nəticəsində 40 mindən çox vətəndaşımız əfv edilib. Bu sadəcə statistika deyil, həmin sayda ailənin sevinci deməkdir. Əfv sərəncamı imzalanarkən istinad edilən dəyərlər xalqımızın əsrlər boyu formalaşdırdığı, bu gün də cəmiyyətimizdə milli birliyin və həmrəyliyin əsasında duran yüksək mənəvi dəyərlərdir ki, bu da özlüyündə xüsusi qiymətləndirilməli bir hadisədir. Hazırda bütün dünyada olduğu kimi, ölkəmizdə də koronavirus yayılıb və bunun nəticəsində müəyyən yaş qrupuna daxil olan vətəndaşlarımızın sağlamlığı ciddi təhdid altındadır. Tibb işçilərimiz bu qrupu xüsusi risk qrupu kimi səciyyələndirir, onların xüsusi qayğıya və qorunmaya ehtiyacı olduqlarını bildirir".

H.Babaoğlu əlavə edib ki, dövlət başçısı tərəfindən məhz belə kritik məqamda əfvlə bağlı qərarın qəbul edilməsi həmin vətəndaşlarımıza xüsusi qayğının və diqqətin təzahürüdür:

"Ancaq bu addım nə qədər vacib və humanistdirsə, bir o qədər də əfv olunan vətəndaşlarımız tərəfindən həssaslıqla qiymətləndirilməsi lazım olan hadisədir. Çünki bu əfvdən sui-istifadə etmək, yenidən cinayət əməllərinə meyllənmək əsla yolverilməzdir və ciddi ictimai qınaq yarada bilər. Ona görə də istər əfv edilmiş məhkumlar, istərsə onların yaxınları bu humanist addımı məhz ictimai maraqlar nöqteyi-nəzərindən qiymətləndirməli, ümummilli həmrəyliyimzə töhfə verəcək mühüm hadisə kimi dəyərləndirməlidirlər".

Xatırladaq ki, aprelin 6-da Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb. Dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin ölkə Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların sağlamlıq vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınaraq və humanizm prinsiplərinə əsaslanaraq, 176 məhkum cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Ümumilikdə müstəqillik dövründə Azərbaycanda 66 əfv sərəncamı imzalanıb, 11 amnistiya aktı qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti