...

15 sentyabr Türkiyə-Azərbaycan qardaşlığının əbədiyyətə qədər davam edəcək şərəf tarixidir - Hikmət Babaoğlu

Siyasət Materials 15 Sentyabr 2020 11:53 (UTC +04:00)
15 sentyabr Türkiyə-Azərbaycan qardaşlığının əbədiyyətə qədər davam edəcək şərəf tarixidir - Hikmət Babaoğlu

Bakı. Elçin Mehdiyev - Trend:

15 sentyabr Türkiyə-Azərbaycan qardaşlığının əbədiyyətə qədər davam edəcək şərəf tarixidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, Bakınıın 15 sentyabr 1918-ci ildə Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edilməsi XX əsr dövlətçilik tariximizdə ən əhəmiyyətli günlərdən biridir və olduqca strateji əhəmiyyətə malikdir:

"Çünki Bakının işğal altında qalması faktiki olaraq Azərbaycan Xalq Cümhuriyyətinin sonrakı mərhələdə mövcudluğunu sual altında qoya, onun beynəlxalq miqyasda tanınması ilə bağlı ciddi problemlər yarada bilərdi. Olduqca mürəkkəb və çətin bir zamanda Nuru Paşa Killigilin Qafqaz İslam Ordusu ilə Bakını, Qarabağı, Şirvanı, Lənkəranı, Qubanı və s. azad etməsi, əslində, bütövlükdə Azərbaycanı xilas etmək idi. Bu, həm yüksək cəsarət və qəhrəmanlıq, həm də əsl qardaşlıq və fədakarlıq nümunəsiydi. Çünki bir tərəfdən ingilis işğalçı qüvvələri, bir tərəfdən erməni-daşnak quldur birləşmələri, digər tərəfdən isə rus işğalçı gücləri Azərbaycanı işğal altında saxlamaqla onu müstəqil dövlət qurmaq imkanlaından məhrum etmək istəyir, ərazisini isə bölüb parçalamaq niyyəti güdürdülər. Bakı və Abşeronu nəyin bahasına olursa-olsun Xalq Cümhuriyyətinə vermək istəmir, onu Rusiya Federasiyasının muxtar hüquqlu subyektinə çevirməyə çalışırdılar. Bir tərəfdən də erməni-daşnak terrorçuları dinc müsəlmanlara qarşı soyqırımı törədir, Şimali və Cənubi Azərbaycanda günahsız insanları qətl edirdilər. 1918-ci il mart qırğınları zamanı minlərlə günahsız türk-müsəlman yalnız etnik və dini mənsubiyyətinə görə qəddarcasına öldürülmüşdü. Məhz belə bir vaxta qardaş Türkiyənin (Osmanlı imperiyasının) özünün çətin vəziyyətdə olmasına baxmayaraq, Azərbaycanı xilas etməsi tarixdə misli görünməmiş bir qardaşlıq nümunəsi idi. Əgər həmin dövrdə Bakı azad edilərək Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtına çevirilməsəydi, nə 1919-cu il Paris Sülh Konfransında Azərbaycanın müstəqilliyi tanınacaq, nə də sonrakı mərhələdə Sovet İttifaqı yaradılan zaman Azərbaycan müstəqil respublika kimi ittifaqa daxil ediləcəkdi. Şübhəsiz ki, belə olacağı təqdirdə, 1991-ci ildə SSRİ süquta uğrayarkən Azərbaycan sovet imperiyasının tərkibindən müstəqli respublika kimi deyil, federasiya subyekti kimi çıxacaqdı ki, bu da müstəqil dövlətimizin olmayacağı anlamını ifadə edəcəkdi. Ona görə də qədirbilən Azərbaycan xalqı öz xilaskarı olan türk qardaşlarını həm sovet repressiyaları dövründə, həm də ondan sonra əsla unutmadı. Qəhrəman türk əsgərinin məzarını yaddaşında, ürəyində qorudu və ilk fürsətdə ona abidə ucaltdı. Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyini əldə etdikdə də, yenə də onu ilk tanıyan qardaş Türkiyə Cümhuriyyəti oldu. Qədirbilən xalqımız bu gün də həmin tarixi hadisəni unutmur, böyük dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin “bir millət, iki dövlət” məfkurəsinə sarılaraq bu qardaşlığı davam etdirir. 2018-ci ildə Bakının işğaldan azad edilməsinin 100 illiyi münasibətilə həyata keçirilən təntənəli paradda Azərbaycan Prezidenti İlham Əliyevin “Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsi və Nuru paşanın rəhbərliyi altında Gəncədən Bakıya gəlməsi, bir neçə şəhərin azad edilməsi və sentyabrın 15-də şiddətli döyüşlər nəticəsində Bakının azad edilməsi tarixi hadisə idi. Qədirbilən Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq, şəhidlərin əziz xatirəsini daim öz qəlbində yaşadacaqdır” fikrini səsləndirməsi bu mühüm tarixi hadisəyə Prezident İlham Əliyevin verdiyi yüksək qiymətdir. Yüz il sonra yenə də olduqca mürəkkəb hadisələrin cərayan etdiyi çətin bir tarixi mərhələdən keçməkdəyik. Yenə də bu çətin zamanlarda Azərbaycanın yanında qardaş Türkiyə, Türkiyənin yanında da Azərbaycan var. Azərbaycan həyata keçirdiyi bütün regional və qlobal layihələrdə Türkiyənin maraqlarını nəzərə almaqla onun mühüm nəqliyyat–kommunikasiya qovşağına çevirilməsində əlindən gələni edib. Qarşılıqlı sərmayə qoyuluşu və strateji müttəfiqlik əlaqələri iki qardaş xalqın bundan sonrakı mərhələdə də inkişav perspektivlərini təmin edib. 13 avqust 2020-cil il tarixində Türkiyə-Azərbaycan birgə hərbi təlimləri zamanı qardaş ölkənin müdafiə naziri Hulisi Akarı qəbul edən zaman Azərbaycan Prezidenti İlham Əliyev bir daha bəyan etdi ki, “əminəm ki, yaxın zamanlarda Türkiyə bütün başqa sahələrdə olduğu kimi, hərbi-texniki əməkdaşlıq sahəsində də bizim üçün bir nömrəli tərəfdaş olacaqdır. Bildiyiniz kimi, həm siyasi, həm iqtisadi, həm də başqa sahələrdə bizim əlaqələrimiz bütün ölkələr üçün örnəkdir. Siz bilirsiniz, mən dəfələrlə demişəm ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur. Bu, həqiqətdir. Bu, həm tarixi və etnik köklərə əsaslanan həqiqətdir, eyni zamanda, biz - iki qardaş ölkə öz siyasətimizlə bu birliyi daha da möhkəmləndirdik”. Səsləndirilən bu fikirlər və onun ifadə etdiyi reallıq bu gün də Azərbaycan ilə Türkiyənin birlik və qardaşlıq üçün qan tökən və öz canından keçən qəhrəman şəhidlərimizin ruhuna layiq şəkildə münasibətləri davam etdirmək əzminin göstəricisidir və bu, sonsuza qədər belə davam edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti