Bakı. Trend:
Yay aylarında məzuniyyətimi götürüb kəndimizə dincəlməyə gedərdim. 1993-cü ildə Cəbrayılda keçirdiyin sonuncu məzuniyyətim oldu. Onda mənim 33 yaşım vardı. O gündən artıq 27 il keçib. Gecə yuxularda görürdüm kəndimizi. Hər döngəsi, hər çığırı, hər daşı, hər qayası uşaqlıq xatirəmə çökmüş, dədə-babalarımızın, əcdadlarımızın bizə əmanət etdiyi doğma yurd-yuvamızı erməni faşistləri işğal etdilər. Atam məni lap çox istəyirdi, el-obadan ilk alimlik dərəcəsi aldığıma görə mənim fikirlərimə də çox inanırdı. Tez-tez məndən soruşardı: “Görəsən biz o torpaqlara qayıdacağıqmı?” Mən də şəkk-şübhə etmədən deyirdim: “Bu sual deyil, aksiomadır, mütləq qayıdacağıq”.
Bu sözləri Trend-ə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tikinti istehsalatının texnologiyası, təşkili və idarə olunması Kafedrasının müdiri, müharibə veteranı Sahib Fərzəliyev deyib.
“Gözlədiyimiz gün gəlib çıxdı, Qarabağ uğrunda ikinci savaş başlandı. Düşmən elə zənn edirdi ki, zaman keçdikcə, nəsillər dəyişdikcə bu torpaqlar unudulacaq, yetişən, gələn nəsillər işğal altında olan Qarabağı və digər torpaqlarımızı geri istəməyəcək. Düşmən bu dəfə yaman yanıldı. Qarabağ uğrunda ikinci savaşın ilk günündə o illərdə dünyaya gələn, anasının qundağında qaçqın düşən körpələrimiz- cəsur, mərd oğullarımız tank üstündə düşmənin üstünə getdi. Canı, qanı bahasına savaşa qalxdı, ölümdən, ağrıdan qorxmadan, çəkinmədən, ölümün gözünə dik baxaraq.
Ali Baş Komandanın əmri ilə səfərbər olan rəşadətli ordumuz əks-hücum həmləsi ilə qısa müddətdə öz sözünü dedi, düşmənə öz yerini göstərdi. Torpaqlar sürətlə işğaldan azad olur, müzəffər Ordumuz durmadan irəliləyir. Qələbə xəbərlərini Ali Baş Komandan şəxsən özü verir, işğaldan azad edilən ərazilərin adlarını rəsmi “Twitter” səhifəsində paylaşır.
İndiki məqamda var-qüvvəmizlə əsgərimizin, Ordumuzun yanında olmalıyıq, Vətən uğrunda heç bir resursumuzu əsirgəməməliyik. İnşallah, müharibəni qələbə ilə başa çatdıraq, ərazi bütövlüyümüzü bərpa edək, bərəkətli torpaqlarımıza qovuşaq, ondan sonra həmin yerləri yenidən inşa etmək, qurmaq, yaratmaq biz inşaatçıların işidir. Universitetimizin tələbəsindən müəlliminədək hamımız bu arzu ilə yaşayırıq, yeni-yeni planlar qururuq, həsrətlə o günləri gözləyirik!”, - deyə Sahib Fərzəliyev vurğulayıb.