...

Niderland Parlamentindəki ultrasağ, islamafob qüvvələrin 10 noyabr bəyanatını hədəfə almalarının səbəbləri - Təhlil

Siyasət Materials 9 Dekabr 2020 13:43 (UTC +04:00)
Niderland Parlamentindəki ultrasağ, islamafob qüvvələrin 10 noyabr bəyanatını hədəfə almalarının səbəbləri - Təhlil

Bakı. Elçin Mehdiyev - Trend:

Niderland Parlamentindəki ultrasağ, ultramillətçi, islamafob qüvvələrin Ermənistanın faktiki kapitulyasiyası kimi qiymətləndirilən 10 noyabr bəyanatını hədəfə almalarının bir çox səbəbləri var.

Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, bunlardan birincisi, Niderlanddakı sayı 20 min nəfərdən çox olan erməni diasporunun ultraradikal dinçi siyasi dairələrlə, xüsusilə də Xristian Demokratik Çağırış və Xristian İttifaqı partiyaları ilə sıx əlaqələri, erməni iş adamlarının bu partiyaların seçki kampaniyalarının maliyyələşməsində yaxından iştirak etmələridir:

“Bu sırada Niderlandın ən böyük dəri məmulatları istehsal edən və ermənilərə məxsus “Arma” şirkəti ön sırada dayanır. Niderland parlamentariləri, xüsusilə də Xristian Demokratik Çağırış, Xristian İttifaqı və Azadlıq Naminə Xalq partiyalarının parlamentdəki təmsilçiləri “Arma”nın onlara “hədiyyə” kimi təqdim etdiyi dəri çantaları və digər məmulatları çox sevirlər. “Arma”da çalışan ermənilər də bunu tez-tez xatırlatmağı… Ermənilər Niderlanda əsasən İndoneziyadan gəliblər. Daha doğrusu, Niderland ordusunun İndoneziyada törətdiyi etnik təmizləmə aktlarında fəal iştiraklarına görə “mükafatlandırılıblar”.

Arayış üçün qeyd edim ki, dünyada ən çox sayda müsəlman əhalisi olan İndoneziya kimi nəhəng ölkə əsrlər boyu Niderland müstəmləkəçiliyinə qarşı mübarizə aparıb, öz müstəqilliyini 1945-ci ildə elan etməsinə baxmayaraq, illərlə davam edən müharibədən sonra, Niderland yalnız 1949-cu ilin sonunda onun suverenliyini tanımağa məcbur olmuşdur. Həmin illərdə Niderland hərbçiləri tərəfindən İndoneziyada kütləvi qətllər törədilib. Bunların arasında 1947-ci il, dekabrın 9-da Yava adasının qərbində yerləşən Ravaqede kəndində (hazırda Balonqsari kəndi) 431 kəndlinin güllələnməsini qeyd etmək olar. Digər ölkələrdə olduğu kimi, ermənilər İndoneziyada da müstəmləkəçilərin yanında yer alıblar və “könüllü hərbi dəstələr” yaradaraq, müsəlmanlara qarşı qətliamlarda fəal iştirak ediblər. Niderland İndoneziyanın müstəqilliyini tanımaq məcburiyyətində qaldıqdan sonra, cinayətkar erməni “könüllü dəstələri”nin nümayəndələri də müstəmləkəçilərlə birlikdə, 1949-1950-ci illərdə İndoneziyadan Niderlanda gəliblər. Onların sayının təxminən 2500 nəfər civarında olduğu bildirilir.

Bu baxımdan Niderlanddakı erməniləri bu ölkənin ultraradikal, müstəmləkəçi təfəkküründən hələ də ayrıla bilməyən siyasətçilərlə birləşdirən “dəyərlər” ortaq cinayətkar keçmişlə bağlıdır. Niderlandda yaşayan ermənilərin ikinci böyük qrupu isə bu ölkəyə Türkiyədən, xüsusilə də Diyarbəkir və Şırnak bölgəsindən 1970-1980-ci illərdə gəliblər. Bu şəxslərin də əksəriyyətinin həmin dövrdə “Türkiyə İşçi Partiyası” adı altında fəaliyyət göstərən PKK terror təşkilatı ilə sıx əlaqədə olduqlarını sübuta yetirən çoxsaylı faktlar var. Erməni diasporunun təmsilçiləri bu gün də sözügedən terror təşkilatının Niderlandda məskunlaşmış nümayəndələri ilə ortaq mövqedən çıxış edir, Türkiyə və Azərbaycan əleyhinə birgə təbliğat aparırlar. Niderland Parlamentindəki anti-Türkiyə, anti-Azərbaycan ovqatını körükləyən siyasətçilərin davamlı şəkildə kampaniya aparmalarının təməlində də, məhz yuxarıda sadaladığım amillər dayanır. Məhz onların səyi nəticəsində noyabrın 17-də Azərbaycan və Türkiyə əleyhinə Niderland Parlamenti tərəfindən bir neçə tövsiyə xarakterli qətnamə qəbul olunub.

Amma bu qüvvələr o qədər aqressiv kökləniblər ki, mövzunun gündəmdən çıxmaması üçün əllırindən gələni əsirgəmirlər. Niderland hökumətinin reallığı əks etdirən və beynəlxalq hüquqa söykənən açıq və birmənalı mövqe nümayiş etdirməməsi də parlamentdəki radikal qüvvələrin qol-qanad açmasına imkan yaradır. Xatırladım ki, noyabrın 18-də Prezident İlham Əliyev Niderlandın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım PaulinEizemanın etimadnaməsini qəbul edərkən Niderland Parlamentinin bu təxribatçı qərarlarına kəskin münasibətini onun diqqətinə çatdırıb.

Özünü Avropanın aparıcı ölkəsi hesab edən bir dövlətin siyasətini ultra-sağçı ekstremist siyasətçi, Azadlıq naminə Xalq Partiyasının rəhbəri Qert Vilders, o cümlədən Martin van Helvert, Joel Voordevind və Sven Koopmans kimi radikal əhval-ruhiyyəyli, aşırı millətçi elementlərin təbliğ etdiyi ideologiyanın müəyyən etməsi təəssüf doğurur”.

E.Mirzəbəyli bildirib ki, Azərbaycana və Türkiyəyə münasibətdə sərgilənən bu ədalətsiz, qərəzli və nifrət üzərində köklənmiş siyasət Niderlandın bir dövlət olaraq elan etdiyi prinsiplərlə üst-üstə düşməməklə yanaşı, qarşılıqlı münasibətlərə də ciddi zərbə vurur:

“Qeyd edim ki, Azərbaycanda Niderlandın xidmət, tikinti, nəqliyyat, sənaye, ticarət, rabitə, bank və sığorta sahələrini əhatə edən 130-dan çox şirkətinin qeydiyyatdan keçməsi iqtisadi əlaqələrin mövcud səviyyəsini bə perspektivini nümayiş etdirən fakt kimi dəyərləndirilməlidir. 2018-ci ildə istifadəyə verilmiş Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin baş planı və ümumi layihəsi Niderlandın "Royal Haskoning” şirkəti tərəfindən hazırlanıb, Niderland şirkətləri ilə Abşeronda göllərin, o cümlədən Böyükşor gölünün bərpası sahəsində əməkdaşlıq edilib. Enerji sektoru da daxil olmaqla iqtisadiyyatın ən müxtəlif sahələrdə əməkdaşlıq edən Azərbaycan və Niderland şirkətlərinin ortaq fəaliyyətini də nəzərə alsaq, qarşılıqlı əlaqələrin inkişafı üçün çox geniş perspektivlərin olduğunu görə bilərik. Niderlanddakı ultraradikal qüvvələrin anti-Azərbaycan mövqeyi və Niderland hökumətinin beynəlxalq hüququn prinsiplərinə münasibətdə birmənalı olmayan siyasəti isə, təəssüf ki, bu perspektivin üzərindən xətt çəkə bilər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti