...

İşğal dövründə vurduğu ziyana görə Ermənistanı beynəlxalq məhkəməyə verməliyik - Politoloq

Siyasət Materials 22 Aprel 2021 16:57
İşğal dövründə vurduğu ziyana görə Ermənistanı beynəlxalq məhkəməyə verməliyik - Politoloq

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev – Trend:

44 günlük Vətən müharibəsində tarixi qələbədən sonra qarşımızda dayanan əsas vəzifələrdən biri Ermənistanı beynəlxalq məhkəmələr qarşısında məsuliyyətə cəlb etməkdir. Əlbəttə, kəndlərimizin, şəhər və qəsəbələrimizin dağıdılması, 30 il ərzində işğal altındakı torpaqlarımızın iqtisadi resurslarının qanunsuz şəkildə istismar olunması, maddi-mədəniyyət nümunələrimizin məhv edilməsi cavabsız qala bilməz.

Bunu Trend-ə politoloq Ceyhun Əhmədli deyib.

C.Əhmədli bildirib ki, Ermənistan işğal dövründə vurduğu bütün zərərlərə görə Azərbaycana kompensasiya ödəməlidir: “Ümumiyyətlə, Ermənistan işğalı nəticəsində Azərbaycana dəymiş maddi və mənəvi zərərin miqyasının dəqiqləşdirilməsi və onun ödənilməsi probleminin həll edilməsi bütövlükdə münaqişənin tənzimlənməsinin mühüm aspektlərindən birini təşkil edir. Beynəlxalq hüquqa görə dövlət özünün hüquqazidd əməli ilə digər dövlətə vurmuş olduğu ziyanı tam həcmdə ödəməlidir. BMT-nin 2001-ci ildə qəbul etdiyi “Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti” adlı qətnamədə aydın şəkildə təsbit olunmuşdur ki, beynəlxalq hüquqazidd əməllər dövlətin beynəlxalq məsuliyyətinə səbəb olur ki, bu da hüquqi nəticələr doğurur.

Qətnamənin 31-ci maddəsində göstərilir ki, məsuliyyət daşıyan dövlət beynəlxalq hüquqazidd əməllər nəticəsində vurduğu zərəri ödəməlidir və bu zərər beynəlxalq hüquqazidd əməllər nəticəsində vurulmuş bütün ziyanlardan, o cümlədən maddi və ya mənəvi ziyanlardan ibarətdir. Qətnamədə zərərin tam və effektiv ödənilməsi formaları da göstərilmişdir. Bura restitusiya, kompensasiya, reabilitasiya, satisfaksiya və baş vermiş hadisənin təkrarlanmaması zəmanəti kimi mexanizmlər daxildir.

Azərbaycan işğal dövründə dəymiş zərərin ödənilməsi məsələsini prioritet hesab edir. Artıq bu istiqamətdə işlərə start verilib. Zərərin miqyası hesablanır, dağıntılar, məhv edilmiş infrastruktur, bina və obyektlərin hamısı, bir sözlə, erməni vəhşiliyini xarakterizə edən hər şey sənədləşdirilir. Prosesin keyfiyyətli və şəffaf aparılması üçün xarici mütəxəssislərin də köməyindən istifadə olunmaqdadır. Prezident İlham Əliyevin bu məsələni xüsusilə diqqətdə saxlaması ondan xəbər verir ki, tezliklə bu istiqamətdə real nəticələrin şahidi olacağıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti