...

İran-Azərbaycan arasında əməkdaşlıq güclü şəkildə davam etdiriləcək - İran səfiri

Siyasət Materials 9 Fevral 2022 17:00 (UTC +04:00)
İran-Azərbaycan arasında əməkdaşlıq güclü şəkildə davam etdiriləcək - İran səfiri

Bakı. Elnur Bağışov – Trend:

İran və Azərbaycan arasında bütün sahələrdə əməkdaşlıq güclü şəkildə davam etdiriləcək.

Trend-in məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan-İran arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi ilə əlaqədar yazdığı məqalədə qeyd edib.

S.A.Musəvinin sözlərinə görə, İran qonşu və qardaş Azərbaycana daima sülh, təhlükəsizlik, sabitlik və əmin-amanlıq arzulayır. Haqlı bir söz olaraq həmişə deyildiyi kimi, ortaq dini, mədəni və tarixi bağlılığı nəzərə almaqla İran İslam Respublikası ilə Azərbaycan Respublikasının qardaşlığı və dostluğu mahiyyətcə əbədidir:

“İran 1991-ci ildə dekabrın 25-də Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub, 1992-ci ildə martın 12-də isə iki ölkə arasında tam diplomatik münasibətlər qurulub. Bu il, iranlılar sevincdə də, kədərdə də bir yerdə olduqları azərbaycanlı bacı-qardaşları ilə birlikdə iki dost, qardaş və qonşu ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünü qeyd edəcəklər.

İki ölkənin yüksək rütbəli rəsmiləri arasında sıx əlaqələr, siyasi, hərbi və iqtisadi sahədə nümayəndə heyətlərinin çoxsaylı səfərləri və görüşləri bir tərəfdən əlaqələrin yüksək səviyyəsindən xəbər verirsə, digər tərəfdən də bütün bunlar, münasibətlərin və ikitərəfli əməkdaşlığın davam etdirilməsinə və genişləndirilməsinə güclü dəstəkdir”, - deyə o bildirib.

İran səfiri qeyd edib ki, iki ölkə rəsmiləri arasında baş tutan bir çox görüşlərdə birgə layihələrin son vəziyyəti və onların icra prosesinin sürətləndirilməsi yolları, bununla bağlı irəli sürülən təşəbbüslər, ikitərəfli məsələlər (siyasi, mədəni, iqtisadi, hərbi, hüquqi, məhkəmə, konsulluq və s. kimi sahələrdə əməkdaşlıq məsələləri) və bəzi regional məsələlər (o cümlədən Cənubi Qafqazla bağlı məsələlər və 3+3 regional əməkdaşlıq formatı) müzakirə olunmuş, ümumi və regional maraqları təmin etmək üçün lazımi qərarlar qəbul edilmişdir.

Musəvi əlavə edib ki, beynəlxalq təşkilatlarda və qurumlarda, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatında iki ölkənin qarşılıqlı dəstəyinin səviyyəsi də İran-Azərbaycan arasında beynəlxalq əməkdaşlığın göstəricisi ola və iki ölkə arasındakı əməkdaşlıq münasibətlərinin hansı səviyyədə olduğunu göstərə bilər.

İran səfirinin sözlərinə görə, iqtisadi sahədə iki ölkə arasında ticarət dövriyyəsinin yüksək həcmi və həyata keçirilən birgə layihələrin sayı yaxşı göstərici hesab oluna bilər. 2021-ci ildə İranla Azərbaycan arasında ticarət əlaqələri 2020-ci illə müqayisədə 30%-dən çox artıb. Ticarət əlaqələri koronavirus pandemiyasından əvvəlki dövrlə də müqayisədə nisbi artıma malik olmaqla son iki onillikdə ən yüksək səviyyəyə çatmışdır:

“Azərbaycanın İrandan idxalının artması ilə yanaşı, İrana ixracı da əhəmiyyətli dərəcədə artmış və 2021-ci ildə İran Azərbaycan Respublikasının qeyri-neft ixracının 11%-ni özünə cəlb etmişdir ki, bu da İranın siyasətində və xarici ticarətində qonşularına davamlı diqqətinin göstəricisidir. Ümid edilir ki, yaxın gələcəkdə iki ölkə arasında Preferensial Ticarət Sazişinin imzalanması və cari günəş ilində İran-Azərbaycan Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının növbəti 15-ci iclasının keçirilməsi ilə 765 km ümumi sərhədə malik olan iki ölkə arasında iqtisadi və ticarət əlaqələri, iki ölkə arasında yüksək səviyyədə olan siyasi əlaqələrə uyğun şəkildə daha da inkişaf etsin.

Bu gün görürəm ki, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı ikitərəfli əlaqələr indiyədək heç vaxt olmadığı qədər yüksək səviyyədədir. İqtisadiyyat, ticarət, sənaye, kənd təsərrüfatı, təhsil və turizm sahələrində müxtəlif istiqamətlərdə, o cümlədən bütün region üçün prinsipial əhəmiyyət kəsb edən Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı mövcud çoxsaylı ikitərəfli sazişlər və layihələr bu həqiqəti təsdiq edir”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti