...

Aprel döyüşlərində qazanılan qələbə Prezident İlham Əliyevin və xalqımızın ordu ilə monolit birliyi nəticəsində mümkün oldu - Sevil Mikayılova

Siyasət Materials 2 Aprel 2022 09:14 (UTC +04:00)
Aprel döyüşlərində qazanılan qələbə Prezident İlham Əliyevin və xalqımızın ordu ilə monolit birliyi nəticəsində mümkün oldu - Sevil Mikayılova

Bakı. Trend:

Aprel döyüşləri kimi tarixləşən əks-hücum əməliyyatları Böyük Zəfərimizə aparan yolda dönüş nöqtəsi oldu. Şanlı Azərbaycan ordusu Qarabağdakı qeyri-qanuni hərbi birləşmələr və Ermənistan ordusuna ağır zərbələr endirərək düşmənə kimin kim olduğunu anlatdı. Aprel döyüşləri qəhrəmanlıq salnaməsidir, Azərbaycan oğlunun döyüş ruhunu, gücünü, iradəsini göstərdi.

Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi.

2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. Əldə olan məlumatlara görə, 320-dən artıq düşmən məhv edildi və 500-dən artıq erməni hərbi qulluqçusu yaralandı. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Suqovuşan yaşayış məntəqəsində yerləşən qərargahı və əsas hərbi hissələri məhv edildi. Ağdərə-Suqovuşan, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı əldə edildi. Heç şübhəsiz ki, Aprel döyüşlərində qazanılan qələbə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən diplomatiyasının, uğurlu daxili və xarici siyasətinin, sərkərdə məharətinin, Ali Baş Komandanın daimi diqqət və qayğısı ilə əhatə olunan silahlı qüvvələrimizin əsgər və zabitlərinin peşəkarlığının, mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun, vətənpərvərlik hissinin yüksək səviyyədə olması və xalqımızın ordu ilə monolit birliyi nəticəsində mümkün oldu.

Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci il 24 yanvar tarixli Sərəncamı ilə böyük qayıdış prosesinə start verildi.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev aprel döyüşlərinin iştirakçısı olan hərbçilərlə görüşdə deyib: "Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir".

Və belə də oldu. 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ordumuz qızıl tariximizi yazdı, Vətən torpaqları erməni işğalından azad edildi, Azərbaycan öz ərazi bütövlüyünü öz hərbi gücü ilə təmin etdi, tarixi ədalət bərpa olundu. Aprel döyüşlərində həlak olmuş bütün Vətən oğullarını ehtiramla yad edərək bir daha bildirirk ki, onların qisası döyüş meydanında alındı. Müqəddəs torpaqlarımız uğrunda döyüşən, onun hər qarışı üçün qan tökən şəhidlərimizə Allah Rəhmət eləsin! Bu şərəfli amal uğunda öz sağlamlığını itirən qazilərimizlə fəxr edirik!

Sevil Mikayılova
Milli Məclisin deputatı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti