...

Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımz üçün əsas yol istiqamətidir

Siyasət Materials 31 May 2022 16:48 (UTC +04:00)
Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımz üçün əsas yol istiqamətidir

Bakı. Trend:

2022-ci ilin mayın 28-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Bakıda ilk dəfə keçirilən “TEKNOFEST” Azərbaycan” Aerokosmik və texnologiyalar festivalında iştirak ediblər.

Cənab Prezident İlham Əliyev və Cənab Prezident Rəcəb Tayyib Ərdoğan Festivalda çıxış ediblər. Azərbaycan Respubliasının Prezidenti cənab İlham Əliyev öz çıxışında bir çox mühüm məsələlərə münasibət bildirmişdir. Cənab Prezident 28 May – Müstəqillik Gününün Azərbaycanın ən əziz bayramı olduğunu bildirmiş və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın bu bayram günündə Azərbaycanda olmasının bayram sevincini ikqat etdiyini bildirilmişdir. Qeyd olunmuşdur ki, 104 il əvvəl 28 may tarixində Azərbaycan xalqı ilk Xalq Cumhuriyyətini qurmuşdur. Xalq Cumhuriyyətinin ömrü uzun olmadı. Yalnız 1990-cı illərin əvvəllərində Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi və artıq 30 ildir ki, Azərbaycan xalqı azad yaşayır. Cənab Prezident bildirmişdir ki, keçən 30 il ərzində qardaş Türkiyə daim Azərbaycanın yanında olub. Azərbaycan ötən illər ərzində qardaşlıq dəstəyini hər zaman hiss edib, bu gün də hiss edir və bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir. Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir. Azərbaycan və Türkiyə daim bir-birinə dəstək göstərir. Azərbaycan və Türkiyə yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanındadır. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, regionda sülh və barış o qədər də möhkəm olacaqdır. Çıxışında tarixi Şuşa Bəyannaməsinin imzalanmasının əhəmiyyətini vurğulayan cənab Prezident bildirmişdir ki, bu Bəyyannamənin imzalanması Türkiyə və Azərbaycanın münasibətlərini rəsmən müttəfiqlik zirvəsinə ucaltdı. Bu müttəfiqlik özünü hər yerdə göstərir-siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğunda.

İkinci Qarabağ müharibəsi zamanı qardaş Türkiyənin Azərbaycanın yanında olması Azərbaycana əlavə güc verdi. Bununla bağlı cənab Prezident qeyd etmişdir: "İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq”.

“TEKNOFEST” –in Azərbaycanda keçirilməsinin əhəmiyyətini vurğulayan cənab Prezident bildirmişdir ki, “TEKNOFEST” elm, inkişaf, bilik, texnologiya bayramıdır, bu Festivalda iştirak edən gənclər bu tarixi günü hər zaman yadda saxlayacaqlar.

Festivalda çıxış edən Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan önəmli mesajlar vermişdir. Bildirilmişdir ki, “Hər iki dövlətin xalqları tarixi, mədəniyyəti və mədəni dəyərləri ilə seçilən böyük bir millətin övladlarıdır. Harada zülm, haqsızlıq, ədalətsizlik varsa səsini ucaldan, bütün gücü ilə mübarizəyə qalxan bir millətin nümayəndələriyik”. Azərbaycanın Vətən müharibəsində qazandığı Tarixi Zəfəfəri qiymətləndirən cənab Prezident Rəcəb Tayyib Ərdoğan demişdir: “Qarabağ Zəfəri millətimizin qəhrəmanlıq dastanlarının ən son örnəyidir. Azərbaycan Silahlı Qüvvələrinin mənsubları Qarabağda tarixdə bənzərinə az rast gəlinən böyük bir Zəfərə imza atmışlar. 44 günlük Vətən müharibəsi ağıl, texnologiya və cəsarət bir araya gəldikdə nələrin edilə biləcəyini bütün dünyaya göstərmişdir”. Cənab Rəcəb Tayyib Ərdoğan qeyd etmişdir ki, Türkiyə müharibədə olduğu kimi, sülh dönəmində də qardaş Azərbaycanın yanındadır.Türkiyə bundan sonra da regionda sülh və dayanıqlı sabitliyin təmin olunması üçün fəal şəkildə dəstək göstərəcəkdir.

Azərbaycan və Türkiyə arasında olan münasibətlərin hazırda çatdığı inkişaf səviyyəsi göstərir ki, artıq Azərbaycan və Türkiyə beynəlxalq güc mərkəzləridir. Türkiyənin artan gücü Azərbaycanı gücləndirir və hər iki ölkə bir-birinə güc qataraq dünya miqyasında güc mərkəzinə çevrilir. Bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş, müttəfiq ölkə kimi yüksələn xətlə ancaq və ancaq irəliyə doğru gedəcəklər.

Milli Məclisin deputatı
Rauf Əliyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti