Bakı. Trend:
ABŞ Prezidenti C.Baydenin Bakıda keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktub hər şeydən öncə iki ölkə arasında mövcud olan qarşlıqlı münasibətlərin yüksək səviyyədə olmasının təsdiqidir.
Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
O qeyd edib ki, nəzərə almaq lazımdır ki, bu məktub son günlərdə ABŞ Prezidenti tərəfindən Azərbaycan Prezidentinin ünvanına göndərilən ikinci məktubdur ki, bu da özlüyündə ayrıca əhəmiyyət kəsb edir.
“Çünki iki ölkənin hazırkı mürəkkəb tarixi şəraitdə zəruri əməkdaşlıq çağırışları bütövlükdə region və Avropanın təhlükəsizliyi baxımından xeyli dərəcədə aktualdır. Şübhəsiz ki, bu aktuallıq hələ əsası ötən əsrin əvvəllərində böyük dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulan neft strategiyası ilə şərtlənir.
Ancaq sonrakı mərhələdə "Əsrin müqaviləsi" kimi səciyyələndirilən neft konsorsiumunun Qərbin enerji təhlükəsizliyinə verdiyi töhfələr Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsi ilə daha da strateji əhəmiyyət qazanmış oldu. Bütün bu tipli digər regional əməkdaşlıq platformaları isə ABŞ-ın fəal dəstəyi və iştirakçılığı ilə gerçəkliyə çevirildi. Ona görə də hazırda dünyanın mühüm geostrateji mərkəzlərindən biri olan Avropada enerji təhlükəsizliyi tarixin heç bir dönəmində olmadığı qədər təhdidlərə məruz qaldığı bir vaxtda Azərbaycanın həyata keçirdiyi alternativ enerji təhlükəsizliyi kəməri xüsusi əhəmiyyət kəsb edir.
ABŞ liderinin məktubunda da önə çəkilən əsas məsələlərdən biri elə bununla bağlıdır. İki ölkə hazırda vaxtilə aldıqları uzaqgörən və perespektivli qərarın icra edilməsinin və regional əməkdaşlığa verdiyi mühüm töhfələrin təntənəsini yaşayır. Ancaq şübhəsiz ki, ABŞ-Azərbaycan münasibətləri təkcə enerji sektorundakı əməkdaşlıqla məhdudlaşmır.
Daha geniş və daha rəngarəng spektri əhatə edir. Buraya qlobal terrorizmə qarşı mübarizədən başlamış, elm, təhsil, insan hüquqları və azadlıqları da daxil olmqla hərbi–siyasi sahədə əməkdaşlığa qədər çoxşaxəli istiqamətlər daxildir. Ona görə də ABŞ Prezidenti bu mühüm istiqamətlərə də toxunaraq iki ölkənin əməkdaşlığının yüksək səviyyədə olmasını təyin edən siyasəti, yəni Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətini alqışladığını bildirir və ABŞ tərəfindən bu siyasətə sadiq qalınacağını ifadə edir”, - deyə deputat əlavə edib.
O bildirib ki, eyni zamnda, Azərbaycanın regionda sabitləşdirici rol oynamağı xüsusi vurğaulanır ki, bu kontekstə Ukraynaya edilən humanitar yardım faktoruna da xüsusi diqqət çəkilir.
“Şübhəsiz ki, iki ölkə arasında münasibətlərin ABŞ Prezidenti tərəfindən belə yüksək qiymətləndirilməsi Azərbaycan- ABŞ münasibətlərinin olduqca müsbət perespektivlərini də təyin edir”, - deyə H.Babayev əlavə edib.