Bakı. Trend:
Azərbaycan Ordusunda Tovuz döyüşlərinin ikinci ildönümünə həsr olunmuş anım mərasimləri keçirilir, şəhid məzarları ziyarət olunur, şəhid ailələrinə baş çəkilir və bu döyüşlərin hərb tariximizdə tutduğu yer geniş təbliğ olunur.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Tovuz rayonundakı “N” hərbi hissəsində keçirilən “Tovuz döyüşlərindən möhtəşəm Zəfərə doğru!” adlı vətənpərvərlik tədbirində Müdafiə Nazirliyinin rəsmiləri, hərbi qulluqçular, Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Şəmkir rayonlarından dəvət olunan şəhidlərin ailə üzvləri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri və incəsənət xadimləri iştirak ediblər.
Tovuz döyüşləri zamanı şəhidlik zirvəsinə ucalan Azərbaycanın
milli qəhrəmanları general-mayor Polad Həşimov, polkovnik İlqar
Mirzəyev, mayorlar Namiq Əhmədov, Anar Novruzov, baş leytenant
Rəşad Mahmudov, gizirlər İlqar Zeynallı, Yaşar Babayev, çavuş Vüqar
Sadıqov, baş əsgər Elşad Məmmədov, əsgərlər Elçin Mustafazadə,
Nazim İsmayılov və Xəyyam Daşdəmirovun portrelərinin yer aldığı
xatirə lövhələri qarşısında onların hər birinin həyat və döyüş yolu
barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.
Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan
Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib,
dövlət himni ifa olunub.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin Hərbi Qənimətlər Parkında
çıxışı zamanı söylədiyi “Şəhidlərimizin yaxınları üçün təsəlli odur
ki, onlar öz canlarını Vətən uğrunda qurban verdilər. Təsəlli odur
ki, torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi.
Eyni zamanda, təsəlli odur ki, şəhidlərimizin intiqamını biz döyüş
meydanında aldıq” fikirləri səsləndirilib.
Layihənin müəllifi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abulla Qurbani 2020-ci il iyulun 12-də Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətində ölkəmizə qarşı törətdiyi növbəti təxribat barədə danışaraq qeyd edib ki, bu təxribatı törətməkdə Ermənistanın əsas məqsədi Qarabağ mövzusundan diqqəti yayındıraraq regionda yeni bir təhlükə mənbəyi yaratmaq, qardaş Türkiyə ilə birgə həyata keçirdiyimiz “TANAP” və “TAP” kimi layihələrimizə mane olmaq üçün yeni ərazilər zəbt edib bu ərazilərdə də nəzarəti ələ keçirmək idi. Lakin odla oynayan düşmən tərəfi dərk etmirdi ki, Azərbaycan Ordusunun bölmələri 2016-cı illin Aprel döyüşlərində, 2018-ci ilin may ayında Günnüt əməliyyatında olduğu kimi bu təxribatın da qarşısını qətiyyətlə alacaq, əks həmlə və qisas əməliyyatı ilə ordumuzun gücünü yenidən göstərərək, onları döyüş meydanında çoxsaylı itkilər verərək geri çəkilməyə məcbur edəcəkdir.
A.Qurbani nəzərə çatdırıb ki, Tovuz döyüşləri zamanı Azərbaycan
Ordusunun müqayisəedilməz üstünlüyü, hər an düşməni məhv etməyə
hazır olması bu dəfə də öz təsdiqini tapdı. Həmin günlərdə
Azərbaycan Prezidenti İlham Əliyev böyük qürur hissi ilə bildirirdi
ki, erməni hərbi birləşmələrinin təxribatının qarşısının alınması
istiqamətində hərbçilərimizin göstərdiyi şücaət bir qəhrəmanlıq
dastanına çevriləcək.
Bu hadisə ordumuzun torpaqlarımızı azad etməyə qadir olduğunu əyani
nümayiş etdirdi. Azərbaycan Ordusu yüksək döyüş qabiliyyətini
nümayiş etdirə bildi, zabit və əsgərlərimiz özlərinin yüksək döyüş
ruhunu və vətənpərvərlik, qələbə əzmində olduqlarını ortaya
qoydu.
Qeyd edilib ki, Tovuz döyüşləri Azərbaycanın tezliklə ərazi bütövlüyünü bərpa edəcəyinə, üzləşdiyi təcavüzə birdəfəlik son qoyacağına həm xalqın, həm də ordunun şəxsi heyətinin inamını daha da artırdı. Hər kəs inandı ki, təcavüzkarı hərbi müstəvidə hər an acı məğlubiyyətə düçar etməyə hazır və qadir olan güclü ordumuz vardır.
Tədbirdə vurğulanıb ki, Tovuz döyüşləri zamanı həmişə olduğu kimi, yenə də ilk mənəvi dəstək Türkiyə Respublikasından gəldi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Azərbaycana son təxribatını kəskin şəkildə qınadı. Qardaş ölkənin dövlət başçısı Vətənin müdafiəsində şəhid olan azərbaycanlı qardaşlarına Allahdan rəhmət, yaralılara şəfalar diləyərək öz narahatlığını bildirdi və bəyan etdi ki, Türkiyə qədim dostluq bağları və qardaşlıq əlaqələrinin olduğu Azərbaycanın haqq və hüququnun müdafiəsi, torpaqlarına qarşı yönələn təhlükənin qarşısının alınmasında tərəddüd etməyəcək. Öz ölkəsində sosial və epidemiya ilə bağlı problemləri həll edə bilməyən bir dövlətin belə hücumlar etməsi, ilk növbədə xalqına qarşı hörmətsizlikdir. Bütün imkanlarımızla dost və qardaş Azərbaycanın yanındayıq və yanında olmağa davam edəcəyik.
Diqqətə çatdırılıb ki, Tovuz döyüşləri zamanı Türkiyə
Respublikasının nəinki rəsmilərinin, eləcə də sadə türk
vətəndaşlarının Ermənistanın təxribatlarına qarşı etiraz səslərini
ucaltmaları, xalqımıza, şəhid ailələrinə səbr, dözüm arzulamaları,
Azərbaycan əsgəri ilə bir səngərdə, çiyin-çiyinə düşmənə ağır
zərbələr vurmağa hazır olduqlarını bəyan etmələri xalqımızı nə
qədər qürurlandırırdısa, Vətən əsgərlərinin döyüş əzmini,
vətənpərvərlik və düşmənə nifrət hissini də bir o qədər
yüksəldirdi.
Tovuz döyüşləri zaman 12 nəfər sayseçmə hərbi qulluqçumuzu şəhid
versək də, bu döyüşlər Azərbaycanın hərbi üstünlüyüynün növbəti
təsdiqi kimi tarixə yazıldı. Tovuz döyüşləri xalqımızın, eləcə də
ordumuzun hər bir əsgər və zabitinin Ali Baş Komandanın ətrafında
daha sıx birləşməsinə zəmin yaratdı.
Azərbaycan Yazıçılar Birliyi Qazax filialının sədri, Əməkdar
incəsənət xadimi, şair-publisist Barat Vüsal Müdafiə Nazirliyinin
təşkilatçılığı ilə respublikamızın qərb bölgəsində də mütəmadi
olaraq təşkil edilən vətənpərvərlik tədbirlərinin əhəmiyyətindən,
bu tədbirlərin ordu ilə xalqın birliyinin, həmrəyliyinin daha da
möhkəmləndirilməsində oynadığı mühüm roldan danışıb. Tovuz
döyüşlərinin ikinci ildönümündə də rəşadətli Azərbaycan Ordusunun
qalib əsgərləri, Vətən üçün layiqli övladlar yetirən şəhid
valideynləri və müharibə qaziləri ilə bir yerdə olmaqdan qürur
duyduğunu qeyd edib.
Şairin şəhidlərin ölməzliyinə, Vətənin bölünməzliyinə, Müzəffər Ali
Baş Komandanın sərkərdəlik məharətinə, döyüşçülərimizin şücaət və
qəhrəmanlıqlarına həsr etdiyi şeirlər alqışlarla qarşılanıb.
Birinci Qarbağ müharibəsinin qazisi, ehtiyatda olan mayor
Mustafa Rasimoğlu ilk zabitlərindən olduğu Azərbaycan Ordusunun
Vətən tarixinə şanlı səhifələr yazdığından, hər bir Azərbaycan
vətəndaşınıın öz ordusu ilə fəxr etdiyindən iftixar hissi ilə
söhbət açaraq deyib: “Mən xoşbəxt adamam ki, qalib bir ölkənin
vətəndaşı, qalib bir ordunun veteranı, Müzəffər Ali Baş Komandanın
hər bir əmrinə yenə də hazır olan bir əsgəriyəm.”
M.Rasimoğlunun da söylədiyi vətənpərvərlik şeirləri tədbir
iştirakçılarına qürurlu anlar yaşadıb.
İşğaldan azad olunan Kəlbəcər rayonu ərazisində dislokasiya
edilən hərbi hissədən gəlmiş polkovnik-leytenant Anar Cavadov
Kəlbəcərdə geniş vüsət alan tikinti-quruculuq işlərindən, yeni inşa
edilən hərbi şəhərcik və əməliyyat komando hərbi hissələrinin
fəaliyyətindən, vaxtilə Tovuz döyüşlərində fərqlənən hərbi
qulluqçuların bu gün də Vətənimizin müdafiəsində ayıq-sayıq
dayandıqlarından, revanşist qüvvələrin təhriki ilə törədilən hər
bir təxribatın qarşısının qətiyyətlə alındığından danışıb.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi musiqi
kollektivinin təqdim etdiyi vətənpərvərlik mahnıları, şəhidlərin
xatirəsinə həsr edilən elegiyalar və xoreoqrafik kompozisiyalar
maraqla qarşılanıb.
Şəhid ailələrinin üzvləri doğmalarının unudulmadığına, Tovuz hadisələrinin yaddan çıxarılmadığına və göstərilən diqqətə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq ediblər.
Tədbirin sonunda Tovuz döyüşləri zamanı şəhid olan 12 nəfər hərbi qulluqçunun xatirəsinə on iki məşəl alovlandırılıb və əsgərlər bu müqəddəs odu sönməyə qoymayacaqlarına, od-ocağımızı, qanla vətənləşən tarixi torpaqlarımızı bundan sonra da canları və qanları bahasına qoruyacaqlarına, Müzəffər Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olacaqlarına and içiblər.