Bakı. Trend:
Ölkəmizdə çox uğurlu sosial siyasət həyata keçirilir və bu siyasətin tərkib hissəsi olaraq ölkəmizdə şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yüksəldilməsi və problemlərinin həlli istiqamətində ciddi işlər aparılır. Şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, Dövlət başçısı hər zaman bu istiqamətdə xüsusi diqqət və qayğı göstərir.
“Son üç il ərzində bu sahədə inqilabi islahatlar həyata keçirilib. Belə ki, məhz şəhid ailələri və müharibə əlillərinə verilən təqaüd və müavinətlər üç dəfəyə qədər artırılıb.
Ötən ildə və bu ildə də ölkə Prezidentinin fərmanı ilə əlillərin
müavinətləri artırılıb. Bu kateqoriyadan olan insanların nəinki
müavinətləri, eyni zamanda onların mənzil-məişət şəraitinin
yaxşılaşdırılması və avtomobillərlə təmin edilməsi istiqamətində
ciddi iş aparılır”, - deyə A.Həsənova bildirib.
O qeyd edib ki, ölkə Prezidentinin imzaladığı proqram çərçivəsində
2021-2025-ci illərdə 11 min ailənin mənzil və fərdi evlərlə təmin
edilməsi nəzərdə tutulur:
“Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-2025-ci illər ərzində şəhid ailələri, müharibə əlilləri və digər həssas qrupa aid olan insanların mənzillə tam təminatının həyata keçirilməsi üçün dövlət proqramı təsdiqlənib. Nəticədə bu günə kimi bu kateqoriyaya aid olan 13 mindən çox şəxs mənzil və ya fərdi evlərlə təmin edilib. Bunun təxminən 3 500-ü postmüharibə dövründə verilib.
Eyni zamanda qazilərin sağlamlığının qorunması, onların müasir
protezlərlə təminatı, reabilitasiya kurslarını keçməsi üçün də çox
mühüm addımlar atılır. Bu da onların öz sağlamlıqlarını bərpa
etməsinə töhfə verir. Sosial-psixoloji xidmətlərin göstərilməsini
də bu işlərə əlavə etmək olar.
Müharibə əlillərinin avtomobillə təminatı tədbirləri çərçivəsində
son 4 ildə 1500-dək, ümumilikdə ötən dövrdə 7450 müharibə əlili
avtomobillə təmin edilib. Azərbaycanda şəhid ailələrinə hər zaman
diqqət və qayğı yüksək olub və bundan sonra da belə olacaq.
Bu kateqoriyadan olan insanlara dövlət qayğısı həm də onu göstərir ki, Vətən yolunda öz canından, qanından keçən insaları nə dövlət, nə xalq unutmur, onlar daim dövlətin qayğısı ilə əhatə olunur. Düşünürəm ki, hər kəs bu məsələdə daha diqqətli olmalıdır çünki biz Vətən müharibəsində tarixi qələbəni şəhidlərimizin və qazilərimizin canı və qanı bahasına əldə etmişik”, - deyə A.Həsənova əlavə edib.