...

Ərəb dövlətləri Azərbaycana etimad göstərir - Əlcəzair sammitinin yekunları

Siyasət Materials 3 Noyabr 2022 11:53 (UTC +04:00)
Ərəb dövlətləri Azərbaycana etimad göstərir - Əlcəzair sammitinin yekunları
Nərgiz Sadıxova
Nərgiz Sadıxova
Bütün xəbərlər

Bakı. Trend:

Dünya ölkələri son illərin qlobal iqtisadi şokları nəticəsində getdikcə daha çox iqtisadi tənəzzüllə üzləşdikcə, onların bir çoxu bu makroiqtisadi vəziyyətin təsirlərini balanslaşdırmaqda uğur qazanmış tərəfdaşlarının təcrübəsindən yararlanmaq ümidi ilə xarici siyasətlərini yenidən nəzərdən keçirirlər.

Noyabrın 1-də Əlcəzairdə Azərbaycan Prezidenti İlham Əliyevin fəxri qonaq qismində iştirak etdiyi Ərəb Dövlətləri Liqasının 31-ci sammiti keçirilib.

Son üç ildə ilk dəfə baş tutmuş sammit Yaxın Şərq və Afrikada artan inflyasiya, ərzaq qıtlığı və yaşayış xərclərinin yüksəlməsi fonunda keçirilib.

Sammitdə müzakirələr müharibənin şiddətləndirdiyi ərzaq və enerji böhranlarına və hazırda bu böhranların əhalinin tələbatını ödəmək üçün külli miqdarda buğda və yanacaq idxal etməyə çalışan Misir, Livan, Tunis və digər ərəb ölkələri üçün törətdiyi fəsadlara həsr olunub. Bütün bu aktual məsələlərin həlli ilə getdikcə daha çox ölkə məşğul olmağa başlayır.

Bütün bunların fonunda Azərbaycan müsbət mənada fərqlənir. Son illərin qlobal iqtisadi şoklarına, dünyada iqtisadi qeyri-sabitliyə baxmayaraq, ölkə iqtisadi artımda müsbət tendensiyanı qoruyub saxlaya bilib və mühüm nəticələr əldə edib.

Buna əsasən aydın olur ki, Prezident İlham Əliyevin Ərəb Dövlətləri Liqasının sammitində iştirakı Azərbaycanın dünyada artan nüfuzunun göstəricisidir.

Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici siyasətinin yüksək səmərəli strukturu Azərbaycanın Əlcəzairdə keçirilən qlobal sammitdə iştirakını şərtləndirib.

Pakistanın “Pakistan in the World” xəbər agentliyinin redaktoru Tazin Axtar Trend-ə müsahibəsində bildirib ki, Azərbaycan regionda və bütün dünyada sülh və sabitlik naminə balanslaşdırılmış yanaşma və səmimi səyləri sayəsində qlobal səviyyədə öz imicini möhkəmləndirməkdə davam edir.

Onun sözlərinə görə, Azərbaycan bir çox ölkə ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlıq edir.

"Azərbaycan ikinci Qarabağ müharibəsindən sonra münasibətlərin yaxşılaşdırılması üçün Ermənistanla da mühüm dialoq aparır, regional və beynəlxalq formatlarda iştirak edir, xalqlar arasında sülhü təşviq edir. Prezident İlham Əliyev böyük qlobal problemlərin həllini dərindən düşünən və dərk edən dövlət xadimidir", - deyə o bildirib.

T.Axtar qeyd edib ki, son illərdə Azərbaycanın beynəlxalq nüfuzu xeyli artıb.

Ekspert həmçinin qeyd edib ki, Ukraynadakı müharibə ilə bağlı çətin vəziyyətə baxmayaraq, Azərbaycan nəinki öz iqtisadiyyatının artımını dəstəkləyə bilib, həm də qarşılıqlı fəaliyyət və dialoq vasitəsilə regional sabitliyin möhkəmlənməsinə töhfə verib.

"Azərbaycan Avropa ölkələrinə onların enerji təhlükəsizliyini dəstəkləməkdə kömək edib. Pakistan qardaş ölkə kimi Azərbaycanla çiyin-çiyinə dayanır. Bu hadisələr və bir çox digər səylər Azərbaycanın beynəlxalq əhəmiyyətini göstərir", - T.Axtar deyib.

O, əlavə edib ki, bütün bunlar Prezident İlham Əliyevin uzaqgörən xarici siyasətinin nəticəsidir.

"Prezident İlham Əliyev COVID-19-a, keçmiş erməni işğalına və Ukraynadakı vəziyyətə baxmayaraq, Azərbaycan iqtisadiyyatının yüksəliş tendensiyasını qoruyub saxladı. Prezident İlham Əliyevin siyasəti Azərbaycanın region dövlətləri arasında mövqeyini möhkəmləndirməsinə kömək etdi, beynəlxalq forumlarda və konfranslarda iştirakı və bu məsələlərə dair fikir mübadiləsi isə dünya liderlərinə öz problemlərini həll etmək üçün ideyalar verdi”, - deyə T.Axtar yekunlaşdırıb.

Beləliklə, aydın olur ki, qlobal qeyri-müəyyənlik dövründə, dünya ölkələrinin sürətlə dəyişən vəziyyətə uyğunlaşmaq zərurəti ilə üzləşdiyi bir dövrdə Azərbaycanın rəyi və problemlərin aradan qaldırılmasında təcrübəsi nəinki nəzərə alınır, həm də müsbət qarşılanır və yüksək qiymətləndirilir.

Bu çətin zamanda təşkilata üzv ölkələrin mövqelərini möhkəmləndirmək məqsədi daşıyan tədbirdə Prezident İlham Əliyevin fəxri qonaq qismində iştirakı Azərbaycanın etibarlı tərəfdaş kimi yüksək beynəlxalq imicindən xəbər verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti