Bakı. Trend:
Nikol Paşinyan bu dəfə fiasko ilə İrəvana döndü. İki gün əvvəl Avropanın siyasət paytaxtı Brüsseldə Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında baş tutan görüşü Bakının iradəsinin növbəti təntənəsi, İrəvanın isə məğlubiyyəti hesab etmək olar. Çünkü 2022-ci ilin avqustunda sonuncusu keçirilən üçtərəfli Brüssel danışıqları Ermənistanın manipulyasiyaları nəticəsində faktiki olaraq dayandırılmışdı.
Ötən ilin oktyabrında Praqada keçirilən görüşdən sonra Fransa Ermənistanın da istəyi əsasında özünü danışıqlar prosesinə pərçimləmək istədi. Hətta Paris İrəvanın Fransa tandeminin bu planına qarşı çıxdı. Elə bunun nəticəsi idi ki, ötən ilin dekabrın 7-də Brüsseldə keçirilməsi nəzərdə tutulan növbəti İlham Əliyev-Paşinyan görüşü baş tutmadı.
Bu görüşün baş tutmaması Ermənistana lazım idimi? Lazım idi. Havadarlarının istəyinə uyğun davranan İrəvan sülhdənyayınma yolu seçdi, bölgədə vəziyyətin yenidən gərginləşməsinə zəmin hazırladı. Bəs, bu situasiya Azərbaycanı narahat edirdimi? Təbii ki, xeyr. Hazırda bölgədə sülhə, sabitliyə hər bir region ölkəsinin ehtiyacı var, lakin Ermənistanın buna ehtiyacı hər kəsdən çoxdur.
Lakin Ermənistanın destruktiv mövqeyi elə gözlənildiyi kimi, ən çox da rəsmi İrəvanın beynəlxalq diplomatik müstəvidə mövqelərinin xeyli zəifləməsinə, Bakının isə əksinə olaraq diplomatik masada əlinin gücləndirilməsinə əlavə imkanlar açdı. Laçın yolunun başlanğıcında qurulan sərhəd-keçid məntəqəsi 10 noyabr üçtərəfli bəyanatdan sonra İrəvanı və havadarlarını acı fakt qarşısında qoyan ən tutarlı hadisə kimi yadda qaldı.
Azərbaycan və Ermənistan liderlərinin son Brüssel görüşündə isə ərazi bütövlüyü ilə bağlı əldə olunan razılaşma sülh danışıqlarında maneəyə çevrilmiş bəzi məqamların aradan qalxmasına səbəb olub. Bu isə öz növbəsində iyunun 1-də Kişinyovda, iyul ayında Brüsseldə və oktyabr ayında Qranadada keçirilməsi ehtimal edilən görüşlərin reallaşmasına təkan verəcək kimi görünür.
Şarl Mişelin yekun bəyanatı bağlı qapılar arxasında keçirilən üçtərəfli görüşün bir çox məqamlarına aydınlıq gətirdi. Məlum oldu ki, Brüssel görüşündə Azərbaycan Ermənistanın ərazisinin 29 800 kvadrat kilometr, Ermənistan isə Azərbaycanın 86 600 kvadrat kilometr əraziyə malik olduğunu qarşılıqlı şəkildə tanıyıb. Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan hər iki ölkənin ərazisinin toxunulmazlığına birmənalı şəkildə sadiq olduqlarını təsdiq ediblər.
Lakin Ermənistan tərəfi bu məsələyə həssaslıqla yanaşmğaı unutmamalıdır. Ərazi bütövlüyünün qarşılıqlı tanınması o demək deyil ki, Nikol Paşinyan "Molla Nəsrəddinlik" edə bilər. Yəni Ermənistan təxribatlara ara verməyəcəyi, sülh danışıqlaırnı pozmaq üçün yenidən destruktivlik nümayiş etdirəcəyi təqdirdə Azərbaycanın sərt reaksiyası ilə qarşılaşacaq.
Çünkü iki dövlətin bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıması Ermənistan tərəfindən bir neçə dəfə səsləndirilib. Hətta 44 günlük Vətən müharibəsindən sonrakı mərhələlərdə də Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam miqyasda tanıdığını bəyan etmişdi. Sonuncu dəfə 2022-ci il oktyabr ayındakı Praqa görüşü zamanı Ermənistan və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü tanıyıblar. Azərbaycan üçün vacib olan məqam isə rəsmi İrəvanın ölkəmizin ərazi bütövlüyünü Qarabağ da daxil olmaqla tanımasıdır. Ermənistanın da bu sənədi imzalaması rəsmi Bakının legitim hüquqlarını qəbul etməsi olar. Bu, Bakı üçün olduqca həssas məsələdir.
Çünkü sonradan Ermənistanın kənardan gələn sifariş və göstərişlər əsasında Azərbaycana qarşı törətdiyi ard-arda təxribatlar Bakını daha ehtiyyatlı olmağa, barmağını tətikdə saxlamağa vadar edir.
İstisna edilmir ki, elə bu səbəbdən də Brüssel görüşündən sonra Müdafiə naziri Zakir Həsənov xidməti müşavirə keçirdi. Nazir Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Raket və Artilleriya Qoşunları, Xüsusi Təyinatlı Qüvvələr və digər hərbi hissələrin əməliyyat planlarının dəqiqləşdirilməsi əmrini verməklə qoşunların qarşılıqlı fəaliyyətdə keçirilən intensiv təlim və məşqlərinin keyfiyyətinin daha da artırılmasının vacibliyini vurğuladı. Bu tapşırıq ondan xəbər verir ki, Bakı İrəvanın sülh "təşəbbüslərinin" səmimiliyinə inanmır, Ermənistan tərəfinin yeni təxribatlar hazırladığını istisna etmir.
Bundan ziyadə, Azərbaycanla Ermənistan arasında sülh gündəliyi prioritet təşkil etsə də, Bakı İrəvanı bəzi güzəştlərə məcbur etmək zərurətini hər ötən gün daha çox hiss etməyə başlayır kimi görünür. Çünki İrəvanın etdikləri düşünməyə əsas vermir ki, sərhəddə təxribata əl atmayacaq və silahlanma, eləcə də sərhəd istiqamətində yeni hərbi texnikalar, canlı qüvvələrin toplanması prosesini dayandıracaq.
Ancaq Ermənistana faydalı olar ki, Azərbaycanın xəbərdarlıqlarına məhəl qoysun və konstruktivliyin xalq, dövlət olaraq onlara fayda verəcəyini anlasın. Prezidenti İlham Əliyev mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında açıq şəkildə bildirdi ki, "Üçtərəfli Bəyanat atəşkəs razılaşması deyil, sülh sazişi də deyil". İndən belə Ermənistanın istənilən təxribatı Nikol Paşinyan hakimiyyətinin özünə qəsdi hesab edilə bilər.
Dövlət başçısının bu vacib mesajından yola çıxaraq Ermənistan hərbi-siyasi rəhbərliyi dərk etməlidir ki, son Brüssel görüşündə ərazi bütövlüyü ilə bağlı qarşılıqlı razılıq rəsmi İrəvana yeni hərbi təxribat törətmək üçün heç bir səlahiyyət vermir. Təxribatların ardı gələcəyi təqdirdə isə İrəvan əmin olsun ki, Bakı Paşinyan "kreslosunu" bir də heç vaxt restavrasiyası mümkün olunmayacaq dərəcədə laxladacaq.