...

Ermənistan üçün oyunun sonu - Paşinyan "təslim olur"

Siyasət Materials 19 May 2023 17:42 (UTC +04:00)
Ermənistan üçün oyunun sonu - Paşinyan "təslim olur"
Təhməz Əsədov
Təhməz Əsədov
Bütün xəbərlər

Bakı. Trend:

Rəsmi İrəvan dünya ictimaiyyətini çaşdırmaq üçün istər informasiya, istər diplomatik, istərsə də hərb nəzərdən müxtəlif cinahlardan Azərbaycana qarşı pressinqini gücləndirib. Bu məsələdə təbii ki, rəsmi İrəvan tək deyil. Nikol Paşinyan hakimiyyəti həmişə olduğu kimi indi də havadarlarının şirin vədlərinə aldanaraq Bakı ilə sülh danışıqlarına xələl gətirmək üçün hər oyundan çıxmaqdadır.

Ermənistan tərəfi mayın 14-də Brüssel görüşü ərəfəsində intensiv olaraq Azərbaycanla şərti sərhəddə hərbi təxribatlar törətdi. Lakin 10 noyabr üçtərəfli bəyanatından bu yana hər dəfə olduğu kimi bu dəfə də ağır zərbə alan, diplomatik və hərb meydanında əli zəifləyən tərəf Ermənistan oldu. Azərbaycan Ermənistanın hərbi təxribatlarına gördüyü cavab tədbirləri nəticəsində rəsmi İrəvanın nəyinki planlarının həyata keçməsinə mane oldu, üstəlik sülh danışıqları ilə bağlı tələblərini daha da sərtləşdirdi, daha əlverişli mövqedə qərarlaşmasında əlavə imkanlar yaratdı.

Məhz geridə qalan 3-4 gün ərzində Ermənistanın fərqli məcrada Azərbaycanın "üzərinə gəlməsinin" şahidiyik. Belə ki, böyük təxribatlardan böyük itkilərlə ayrıldığını görən Ermənistan artıq Azərbaycana qarşı fərqli - daha hiyləgər planlarını işə salıb. Dönüb son bir neçə günə baxanda görə bilərik ki, Ermənistan bu dəfə dünya ictimaiyyətini aldatmaqla Bakını hədəf taxtasına çevirmək məqsədi ilə daha hiyləgər libasını geyinib:

⚫️ Ermənilərdən Azərbaycan ordusunun hərbi formasında təxribat

Erməni sosial şəbəkələrində Azərbaycana qarşı təbliğat üçün çəkilən növbəti iyrənc tamaşalardan birinin şahidi olduq. Adətən bu cür çəkilişləri düşmən tərəfindən daha çox 44 günlük Vətən müharibəsi zamanı görürdük. Demək ki, Ermənistan üçün sülh yox, savaş yenidən başlayıb.

Həmin videoda guya Azərbaycan Ordusunun əsgərlərinin Qarabağın rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında məskunlaşan dinc erməni sakinlərə qarşı kobudluq etdiyi, onları “tarlada işləməyə” qoymadığını nümayiş etdirməyə cəhd ediblər.

Ən vacib məqam ondan ibarətdir ki, Azərbaycan Ordusunun hərbçiləri Qarabağda yaşayan erməni əhali ilə heç vaxt təmasda olmadığı halda erməni ssenaristlər və burda “kütləvi səhnədə” iştirak edən oyunbazların məqsədi aydındır: bu videolarla Qarabağın dinc erməni sakinlərinin azərbaycanlı əsgərlərin təzyiqinə məruz qaldığını göstərməyə çalışmaqla dünya ictimaiyyəti Azərbaycanın üzərinə qaldırmağa açışırlar. Ermənistan tərəfi eyni zamanda bu cür "epizodik səhnələrlə" dünyaya, Cənubi Qafqazda sülhü təşviq edən beynəlxalq oyunçuları inandırmağa çalışırlar ki, Azərbaycan soydaşlarımızın təhlükəsizliyi məsələsinə indidən dırnaqarası yanaşırlarsa, sonra onların sərbəst, tamhüquqlu Azərbaycan vətəndaşı kimi yaşamasına necə təminat verə bilər axı?!

⚫️ Bir neçə gündür erməni mediası və siyasətçiləri tərəfindən Beynəlxalq Qırmızı Xaç Komitəsinə Xankəndiyə getməyə Azərbaycan sərhədçilərinin izn vermədiyi barədə yaydıqları dezinformasiyalar

Səbəb və məqsəd eynidir. Lakin artıq bu gün də daxil olmaqla BQXK əməkdaşlarının Laçında sərhəd-keçid məntəqəmizdən keçərək hər iki istiqamətdə sərbəst hərəkət etdikləri ilə bağlı kadrlar Ermənistanın Azərbaycana qarşı növbəti qarayaxma kompaniyasını ifşa etdi.

Təxribatlarının bir fayda vermədiyini, Qarabağın erməni əhalisinin baş-qulağını nə qədər anti-Azərbaycan informasiyalarla zəhərləsələr də, etnik ermənilər artıq hər ötən gün daha çox görürlər ki, heç də hər şey qondarma rejim qalıqlarının, Ermənistan hökümətinin dediyi kimi deyil və Azərbaycanda bu ölkənin vətəndaşı kimi yaşamağa mane olacaq ən böyük əngəl elə məhz separatçılar və onlara bu təlimatları verən rəhbərləridir.

Ermənilərin Laçın postunda yoxlanılması ilə bağlı görüntülər artıq hər şeyin normallaşmağa doğru irəlilədiyini deyir. Laçın postunda erməni əhalisi ilə birbaşa təmasın yaranması bu məsələdə olduqca effektiv rol oynamaqdadır. Xankəndi də daxil olmaqla rus əsgərlərinin müvəqqəti olduğu ərazilərə nəzarət məsələsi də əslində bu yolla – erməni əhalisinin tədricən reinteqrasiyası ilə olacaq.

Bu gün Moskvada Rusiya Xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Ceyhun Bayramov və Ararat Mirzoyan arasında keçirilən görüşləri Vaşinqton danışıqlarının ardı da hesab etmək olar. Moskva və Vaşinqtonun məqsədi eyni olsa da məramları fərqlidir. Rusiya və Qərb-ABŞ tandemi arasında gedən Cənubi Qafqaz uğrunda soyuq savaşın nəticəsindən asılı olmayaraq təkcə Paşinyan üçün deyil, ondan sonra Ermə­nistanda siyasi hakimiyyətə gələcək istə­nilən qüvvə üçün Azərbaycanla sülh masası arxasında oturmaq, razılığa gəlmək olduqca vacibdir.

Hazırda nəyinki Ermənistanın siyasi dairələrinin, eləcə də erməni cəmiyyətinin üzünü Qərbə, yaxud Yaxın Şərqə, İrana çevirməsi də əsas deyil. Əsas odur ki, Rusi­yanın Ermənistanda əvvəlkitək güclü tə­sir vasitəsi yoxdur, ABŞ isə sülhün imzalanmasında maraqlı olduğunu praktiki addımları ilə açıq göstərir. Bütün bu gedişat düşünməyə əsas yaradır ki, bundan sonra proses sülh sazişinin imzalanmasınadək davam edəcək. Ermənistan bir şeyi anlamalıdır ki, vəziyyətin yenidən gərginləşdirmək yolu ilə sülhdən yayınmağa cəhd edərsə, daha böyük bəlalardan qaça bilməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti