Bakı. Trend:
Rusiya Xarici İşlər Nazirliyi (XİN) Kanadanın Avropa İttifaqının (Aİ) Ermənistandakı (Azərbaycanla sərhəddə) Monitorinq Missiyasına qoşulmasına münasibət bildirib.
Trend xəbər verir ki, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Aİ-nin Ermənistandakı monitorinq missiyasının Rusiya ilə geosiyasi qarşıdurma vəzifəsinə tabe olduğunu, eyni zamanda, Ermənistan-Azərbaycan sərhədində toqquşmaların qarşısını almadığını vurğulayaraq bildirib ki, “kanadalıların Ermənistanda peyda olması xarici siyasət müstəqilliyini tamamilə itirmiş Aİ-nin ABŞ və NATO-nun maraqlarına xidmət etməklə məşğul olduğunu açıq şəkildə təsdiqləyir”.
“Burada Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına hər hansı töhfədən söhbət getmir”, - deyə o əlavə edib.
Zaxarova eyni zamanda nə Brüssel, nə də ABŞ-ın vasitəçiliyi baxımından Cənubi Qafqaz regionunda sabitliyə gətirib çıxaracaq heç bir nəticənin olmadığını bəyan edib.