Bakı. Trend:
Naxçıvanda Türkiyə-Azərbaycan 3-cü Enerji Forumu keçiriləcək.
Trend xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında deyib.
Dövlət başçısı bildirib:
"Naxçıvan Azərbaycanın qədim diyarıdır. Əfsuslar olsun ki, 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Qərbi Zəngəzur Azərbaycandan ayrılmışdır və beləliklə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında coğrafi bağlantı kəsilmişdir. Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini aparmağa başlayanda Naxçıvana qarşı da onların ərazi iddiaları var idi. Burada da şiddətli döyüşlər gedirdi və məhz o vaxt Azərbaycanın böyük oğlu Heydər Əliyevin rəhbərliyi ilə, - o zaman o, Naxçıvanın başçısı idi, - Naxçıvan düşməni yerinə oturtdu və öz ərazisini qoruya bildi. Ancaq o vaxt Naxçıvanın enerji təminatı Azərbaycanın əsas hissəsindən olduğu üçün Ermənistan bütün elektrik və qaz xətlərini kəsmişdi və Naxçıvan faktiki olaraq mühasirədə idi. İşıq yox, qaz yox, qışlar da çox soyuq keçir və 15 il Naxçıvan qazsız yaşamışdır.
Ancaq 2005-ci ildə İran İslam Respublikası ilə imzalanmış anlaşmaya görə, mübadilə yolu ilə İrandan Naxçıvana qazın verilməsi təmin edilmişdir. İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi isə ikinci xətt vasitəsilə Naxçıvana təbii qazın verilməsinə şərait yaradacaq.
Bir neçə gündən sonra, daha doğrusu, üç gündən sonra Naxçıvanda Türkiyə və Azərbaycanın vəzifəli şəxslərinin, beynəlxalq təşkilatların iştirakı ilə Türkiyə-Azərbaycan III Enerji Forumu keçiriləcəkdir və əminəm ki, bu forumun nəticələri uğurlu olacaq. Naxçıvanın qazı, nefti olmasa da, günəşi var və Naxçıvanda günəş elektrik stansiyalarının inşası ilə bağlı bizim böyük planlarımız var. Bu planlar gerçəkləşərsə, Naxçıvan yaşıl enerji zonasına çevrilə bilər. Çünki burada həm günəş, həm külək, eyni zamanda, su elektrik stansiyalarının inşası üçün böyük potensial var və gələcəkdə Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat həcmində yaşıl enerji ixracı da mümkün olacaqdır".