Bakı. Trend:
Prezident İlham Əliyev İmişli rayonunun Ağsu–Kürdəmir–Bəhrəmtəpə (71 km)–Məmmədli–Ağamalılar–Əlyetməzli–Allahmədətli–Telişli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Trend xəbər verir ki, sərəncamda Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndi rəhbər tutularaq qərara alınır:
1. Doqquz min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ağsu–Kürdəmir–Bəhrəmtəpə (71 km)–Məmmədli–Ağamalılar–Əlyetməzli–Allahmədətli–Telişli avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.6-cı yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 15,8 milyon (on beş milyon səkkiz yüz min) manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.