...

İrəvanın təxribatçı siyasəti müharibəni zərurətə çevirdi - Deputat

Siyasət Materials 16 Oktyabr 2023 12:51 (UTC +04:00)
İrəvanın təxribatçı siyasəti müharibəni zərurətə çevirdi - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev iyirmi il bundan əvvəl Prezident kimi fəaliyyətə başlayanda qarşıya qoyduğu məqsədlərə uğurla nail oldu. Torpaqlarımızın erməni işğalından azad edilməsi, suverenliyimizin tam bərpası Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Azərbaycan məsələni sülh yolu ilə, danışıqlar vasitəsilə həll etməyə çalışdı.

“Azərbaycan ATƏT-in himayəsi altında uzunmüddətli danışıqlar prosesində iştirak etdi. Ancaq təəssüflər olsun ki, bu danışıqlar heç bir nəticə vermədi, Ermənistanın qeyri-konstruktiv mövqeyi, ardıcıl təxribatları münaqişənin həllində heç bir irəliləyişə nail olunmasına imkan vermədi. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının erməni qüvvələrinin Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən dörd qətnaməsı uzun illər kağız üzərində qaldı və BMT bu qətnamələrin icrası üçün heç bir tədbir görmədi.

Azərbaycan sülh danışıqlarında iştirak etsə də, hər zaman torpaqlarını istər sülh, istərsə də hərbi yolla azad edəcəyini bəyan edirdi. Təəssüflər olsun ki, təxribat hərəkətlərinə son qoymaqla bağlı Azərbaycanın etdiyi çoxsaylı çağırışlar bütün ciddiliyi ilə qəbul edilmədi və Ermənistanın təxribatçı siyasəti müharibəni zərurətə çevirdi və 2020-ci ilin sentyabrında 44 gün davam edən müharibənin başlanmasına gətirib çıxardı”, - deyə deputat əlavə edib.

O qeyd edib ki, həm 44 günlük müharibə, həm də bu ilin 19-20 sentyabrında keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycan öz əraziləri üzərində suverenliyini tam bərpa etdi və bu gün ölkəmizin bütün guşələrində Azərbaycanın üçrəngli bayrağı qürurla dalğalanır.

“Ötən gün cənab Prezident İlham Əliyevin Ağdərədə, Xankəndidə, Sərsəng su anbarının ərazisində, Xocalı şəhərində, Əsgəranda, Xocavənd şəhərində Azərbaycan bayrağını ucaltması xalqımız tərəfindən böyük sevinc və qürurla qarşılandı. Bu, Azərbaycan xalqının əbədi qələbəsidir.

Xalqımız 200 il boyunca erməni təxribatlarına məruz qalıb, xalqımıza qarşı insanlığa sığmayan soyqırımları, müharibə cinayətləri törədilib. Lakin xalqımız heç vaxt mübarizə əzmini itirməyib, torpaqlarının azadlığı uğrunda canını belə əsirgəməyib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ermənilərin 200 illik təxribatlarına, ərazi iddialarına son qoydu və Azərbaycan xalqı qalib xalqa çevrildi”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti