Bakı. Trend:
Ermənistan siyasi məsələlər həll olunandan sonra Azərbaycandan qaz almağa hazırdır.
Trend-in məlumatına görə, bu barədə Tbilisidə keçirilən "İpək Yolu" forumunda Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Hakob Vardanyan bildirib.
Aydındır ki, Ermənistan öz qonşusu Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə görə artıq çox şey itirib. İrəvan təcavüzkar siyasəti ilə faktiki olaraq özünü bir çox iqtisadi imkanlardan məhrum etdi və bütün regional əhəmiyyətli layihələrdən kənarda qaldı.
İndi də bu ölkənin nazir müavini Azərbaycandan qaz almaq istədiyini bəyan edir. Yaxşı, hər şey Ermənistanın davranışından asılıdır, çünki aydındır ki, istənilən növ əməkdaşlığa, o cümlədən qazın alınmasına gedən yol imzalanması Ermənistanın özü tərəfindən gecikdirilən sülh müqaviləsindən keçir.
Müharibə başa çatdıqdan dərhal sonra Azərbaycan sülhə hazır olduğunu bəyan etdi və sülh müqaviləsi prinsiplərini irəli sürdü. İndi top erməni tərəfdədir.