Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda 44 gün ərzində apardığı Vətən müharibəsini tarixi qələbə ilə yekunlaşdırdı. Vətən müharibəsi dövründə xalqımızı daim öz müjdələri ilə sevindirən cənab Prezident, Ali Baş Komandan İlham Əliyev xalqımıza ən böyük müjdəni verdi. Müharibə başa çatdı, Ermənistan döyüş meydanındakı məğlubiyyətini siyasi cəhətdən də etiraf etdi, təslim oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 10 noyabr 2020-ci il tarixində videokonfrans formatında olan görüşdə imzaladıqları birgə Üçtərəfli Bəyanat Ermənistanın təslim olmasını təsdiq edən sənəddir. 10 noyabr tarixli Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoydu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. 44 günlük Vətən müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələndi.
Əldə olunan razılaşma sənədi ümumilikdə Azərbaycan dövlətinin və xalqının mənafeyinə tam uyğundur. Bu razılaşma Azərbaycanın tam və birmənalı qələbəsidir. İşğalçı düşmənin silahlı birləşmələri işğal altında qalan ərazilərimizi tərk edəcək və həmin ərazilər Azərbaycanın nəzarətinə keçəcək. Bəyanatın bütün bəndləri Azərbaycanın milli maraqlarına tam uyğundur. İşğal olunmuş bütün ərazilər Azərbaycanın nəzarətinə keçir və bu ərazilərdə ancaq ölkəmizin qanunları işləyəcək.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 gün ərzində dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar edərək Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. 44 günlük Vətən Müharibəsi zamanı bütün dünya Azərbaycan xalqının birliyini gördü. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Artıq Azərbaycan xalqı tarixdə qalib xalq kimi qeyd olunacaqdır. “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi adı yoxdur. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Dövlət Sərhəd Xidməti Azərbaycanın bütün sərhədlərində Vətənin keşiyini çəkə biləcək. Münaqişə artıq başa çatıb, torpaqlarımız işğaldan azad olunub. Azərbaycan Vətən müharibəsindən sonra mövcud status-kvonu özünə sərf edən şəkildə dəyişdi və itirilmiş əraziləri qaytardı. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir.
İmzalanmış Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşməsi tarixi hadisə olacaqdır. Regionun inkişafına səbəb olacaq yeni 2 nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılır.
Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması, Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 19 sentyabr 2023-cü ildə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı və antiterror tədbirlərinin nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etmişdir. 15 oktyabr tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı.
İmzalanmış Bəyanat rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu. 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi və “Böyük Ermənistan” planı fiaskoya uğradı. “Dağlıq Qarabağ”ın statusunun müəyyən edilməsi məsələsi tarixin arxivinə getdi. Ermənistanın havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. Ali Baş Komandan cənab İlham Əliyevin siyasəti nəticəsində regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı.
Milli Məclisin deputatı,
Rauf Əliyev