Bakı. Trend:
ATƏT-in Parlament Assambleyasının sədri Pia Kauma (Finlandiya) və ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kari Henriksen (Norveç) Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışlayıblar.
Trend ATƏT PA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, onlar Azərbaycan Prezidentinin Administrasiyası ilə Ermənistanın Baş nazirinin ofisi arasında aparılan danışıqların nəticələrini regionda davamlı sülhə doğru atılan tarixi addım, ölkələrin suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında münasibətləri normallaşdırmaq və sülh müqaviləsinə nail olmaq öhdəliyinə sadiqliklərini nümayiş etdirməsi kimi qiymətləndiriblər.
“Ermənistan və Azərbaycan liderlərinin iki ölkə arasında etimadın möhkəmləndirilməsi istiqamətində atdığı bu qətiyyətli addımları yüksək qiymətləndirirəm. Bu, gələcək əməkdaşlıq üçün müsbət presedent yaradır. Ümid edirəm ki, bu, gələcək təşəbbüslər üçün əsas olacaq”, - ATƏT PA-nın sədri bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunub.
Humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini azad edir.
Otuz iki nəfərlik siyahıya Azərbaycan xalqına qarşı müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlər törətmiş qondarma rejimin rəhbərləri Araik Arutunyan, Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan, o cümlədən Vaqif Xaçaturyan, Alyoşa Xosrovyan kimi şəxslər daxil deyil və ola da bilməz.
Ermənistan Respublikası öz növbəsində humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, 2 azərbaycanlı hərbçini azad edir.
Xoş niyyətin təzahürü olaraq, Ermənistan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyir. Azərbaycan Respublikası və Ermənistan Respublikası ümid edirlər ki, Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr də Azərbaycanın namizədliyini dəstəkləyəcək. Xoş niyyətin təzahürü olaraq, Azərbaycan Respublikası Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.
Azərbaycan Respublikası və Ermənistan Respublikası yaxın gələcəkdə əlavə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün müzakirələri davam etdirəcəklər və beynəlxalq ictimaiyyəti iki ölkənin qarşılıqlı etimadın yaradılmasına töhfə verəcək, bütün Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səylərini dəstəkləməyə çağırırlar.