...

Şəki-Zaqatala bölgəsində Milli Məclisə 8 mandat uğrunda 67 namizəd mübarizə aparır

Siyasət Materials 1 Sentyabr 2024 09:40 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 1-də ölkəmizin hər yerində olduğu kimi, Şəki-Zaqatala bölgəsində də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərə start verilib.

Trend xəbər verir ki, səhər saat 8.00-dan etibarən bölgəyə daxil olan Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarında fəaliyyət göstərən 8 seçki dairəsinin 439 seçki məntəqəsi qapılarını seçicilərin üzünə açıb.

Dairə seçki komissiyalarından verilən məlumata görə, bu seçki dairələri üzrə adları seçici siyahılarına daxil edilən seçicilərin ümumi sayı 423 min 397 nəfərdir. Onlardan 3 min 946 nəfəri seçkilərdə ilk dəfə səs verir. Yaşı 80-dən yuxarı olan seçicilərin sayı isə 6 min 356 nəfərdir. Seçkilərdə bu dairələr üzrə Milli Məclisə 8 mandat uğrunda 67 namizəd mübarizə aparır. Onlardan 18 nəfəri müxtəlif siyasi partiyaları təmsil edir. 49 nəfərin namizədliyi isə öz təşəbbüsüləri ilə irəli sürülüb. Namizədlərin 20-si qadındır.

Səsvermənin şəffaf və demokratik keçməsi üçün bütün seçki məntəqələrində lazımi şərait yaradılıb, məntəqələr zəruri avadanlıq və texniki vasitələrlə, o cümlədən etibarlı rabitə sistemi və elektrik generatorları ilə təmin olunub. Bu dairələr üzrə seçkilərin gedişini 6 min 815 nəfər yerli müşahidəçi, həmçinin beynəlxalq təşkilatların nümayəndələri izləyirlər.

113 saylı Qax-Şəki seçki dairəsinin seçki məntəqələrində də Milli Məclisə növbədənkənar seçkilər seçicilərin fəallığı şəraitində davam edir. Səsvermə hüququ olan vətəndaşlar səhər saatlarından etbarən seçki məntəqələrinə gəlir, öz vətəndaşlıq borclarını yerinə yetirərək seçimlərini edirlər.

Qax rayon Mədəniyyət Mərkəzində yerləşən seçki məntəqəsində səsvermə prosesini müxtəlif siyasi partiyaları və ictimai birlikləri təmsil edən 9 nəfər yerli müşahidəçi izləyir.

Səsvermənin azad, demokratik və şəffaf keçirilməsi üçün məntəqədə lazımi şərait yaradılıb. Seçici şəxsiyyətini təsdiqləyən müvafiq sənədi təqdim etdikdən sonra ultrabənövşəyi lampa vasitəsilə sol əlinin baş barmağının gözə görünməyən mürəkkəblə işarələnib-işarələnmədiyi yoxlanılır. Sonra seçicinin barmağı gözə görünməyən mürəkkəblə işarələnir və ona bülleten verilir.

Əvvəlki seçkilərdə olduğu kimi, yenə də ilk olaraq məntəqəyə Qax şəhər sakini, rayon ağsaqqalı, 84 yaşlı Mais Şabanov gəlib. O, ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan bu seçkidə ruh yüksəkliyi ilə iştirak etdiyini bildirib: “Səsvermə yaxşı səviyyədə keçir. Hamı sərbəst şəkildə öz seçimini edir, istədiyi namizədə səs verir. Mən də öz seçimimi etdim, arzuladığım namizədə səs verdim”.

Digər seçicilər də məntəqədə yaradılan şəraitdən razı qaldıqlarını, səsvermənin şəffaf və demokratik keçirildiyini vurğulayıblar.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Azərbaycanda 6 421 960 nəfər seçici var. Seçki günü 18 yaşı tamam olan seçicilərin sayı 374 nəfərdir. 6478 seçki məntəqəsi var. Onlardan 6343-ü daimi, 135-i isə müvəqqəti seçki məntəqələridir.

İşğaldan azad edilmiş ərazilərdə 54 daimi məntəqəmiz fəaliyyət göstərəcək. 10 məcburi köçkün dairəsi var. Onlardan 7-si daimi, 3-ü isə qismən məcburi köçkünləri əhatə edir. Məcburi köçkün məntəqələrinin sayı 574, məcburi köçkün seçicilərin sayı isə 397862 nəfərdir. Azad edilmiş ərazilərdə 42 mindən artıq seçici səs verəcək.

Növbədənkənar parlament seçkilərində ilk dəfə səs verəcək seçicilərin sayı 51 141 nəfərdir. Ən yaşlı seçici 134 yaşlı qadındır. Ən yaşlı kişi seçicinin 109 yaşı var.

Parlament seçkilərində 2500-ə yaxın məntəqədə "exit-poll" keçiriləcək. Üç beynəlxalq təşkilat exit-poll üçün qeydiyyatdan keçib. Exit-polları Sosioloji Tədqiqatlar Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası "ORACLE ADVISORY GROUP" (Amerika Birləşmiş Ştatları) ilə birgə və "Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyi isə SWG S.P.A Tədqiqatlar Şirkəti (İtaliya) ilə birgə keçirəcək.

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərini izləmək üçün 112 min 749 yerli müşahidəçi qeydiyyatdan keçib. Onların 65 mindən çoxu siyasi partiyaların təmsilçiləridir.

598 nəfər beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Həmin müşahidəcilər 51 qurum, 69 ölkəni təmsil edirlər.

Növbədənkənar parlament seçkiləri il əlaqədar ATƏT/DTİHB-dən 227 nəfər, ATƏT PA-dan 61 müşahidəçi qeydiyyatdan keçib.

Parlament seçkilərində namizədliyi qeydə alınan 990 nəfərdən 305 nəfər 25 siyasi partiyanın nümayəndələridir. Namizədlərdən 371 nəfərin siyasi partiya mənsubiyyəti olsa da, partiya tərəfindən irəli sürülməyib. Ümumilikdə namizədlərdən 676 nəfərin siyasi partiya mənsubiyyəti var.

Bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində səsvermə günü proseslərini heç bir qeydiyyat tələb olunmadan, birbaşa və fasiləsiz müşahidə etmək üçün veb-kamera quraşdırılıb.

Sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə də daşınan seçki qutularından istifadə ediləcək. Bütün seçki məntəqələri daşınan seçki qutusu ilə təmin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti