Bakı. Trend:
23-26 fevral 2025-ci il tarixlərində xarici işlər nazirinin müavini Elnur Məmmədov BMT-nin İnsan Hüquqları Şurasının 58-ci sessiyasının yüksək səviyyəli seqmentində iştirak etmək məqsədilə Cenevrə şəhərinə işgüzar səfərdə olub.
Trend xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində nazir müavini Elnur Məmmədov
BMT-nin İnsan Hüquqları Şurasının 58-ci sessiyasının yüksək
səviyyəli seqmentində çıxış edib, habelə bir sıra yüksək səviyyəli
ikitərəfli görüşlər keçirib.
Nazir müavini çıxışı zamanı postmünaqişə dövründə regional
vəziyyət, “Böyük Qayıdış” çərçivəsində görülən işlər,
Azərbaycan-Ermənistan normallaşma prosesinin hazırkı vəziyyəti,
mövcud çağırışlar, o cümlədən Ermənistan Konstitusiyasında
ölkəmizin ərazi bütövlüyünə yönələn iddialardan ətraflı bəhs edib,
Ermənistan xarici işlər nazirinin çıxışı zamanı qaldırdığı
iddialara cavab verib.
Keçmiş münaqişə dövründə Ermənistan tərəfindən törədilən müharibə
cinayətləri ilə bağlı ölkəmiz tərəfindən beynəlxalq məhkəmələrdə
aparılan proseslər, itkin düşmüş şəxslərin taleyinə aydınlıq
gətirilməsi, mina təhdidi ilə mübarizə, habelə indiki Ermənistan
ərazilərindən qovulmuş həmvətənlərimizin hüquqlarının bərpası
səyləri barədə məlumat verilib.
Səfər çərçivəsində nazir müavini həmçinin Qvatemalanın xarici işlər
naziri Karlos Ramiro Martinez Alvarado, Şri-Lankanın xarici işlər
naziri Vijita Hert, Maldivin xarici işlər naziri Abdulla Xəlil,
Nepalın xarici işlər naziri Arzu Rana Deuba, Kosta-Rikanın xarici
işlər nazirinin müavini Alehandro Solano Ortiz, İƏT-in Müstəqil
Daimi İnsan Hüquqları Komissiyasının icraçı direktoru Nura Zaid
Alrşud ilə görüşlər keçirib.
Görüşlər zamanı ikitərəfli və çoxtərəfli münasibətlərdən irəli
gələn məsələlər, postmünaqişə dövründə mövcud regional vəziyyət,
ölkəmizin yenidənqurma və sülh səyləri, BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu
sessiyasına (COP29) sədrliyimiz və bu çərçivədə əməkdaşlıq
imkanları müzakirə olunub.
Görüşlər zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.