...

Zəngəzurun Ermənistana verilməsində məqsəd Azərbaycan və Türkiyəni bir-birindən ayrı salmaq, bütün bağları qoparmaq idi – ŞƏRH

Siyasət Materials 7 Mart 2025 19:19 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulanda Zəngəzur mahalı Azərbaycanın tərkib hissəsi idi. 1920-ci ildə bolşeviklərin işğalı ilə cümhuriyyət süqut etdi. SSRİ rəhbərliyi Leninin başçılığı altında - onun yanında kifayət qədər də ermənilər mövcud idi - Ermənistan ərazilərini böyütməyə çalışırdı. 1920-ci ildə Bolşeviklərin dəstəyi ilə Zəngəzur Ermənistana verildi. Burada məqsəd iki qardaş xalq olan Azərbaycan və Türkiyəni bir-birindən ayrı salmaq, Ermənistan dövləti yaratmaqla zaman-zaman ermənilər vasitəsilə orada təxribatlar törətmək, Azərbaycan və Türkiyə arasındakı bütün bağları qoparmaq üçün işğallar, müharibələr yolu ilə orada qeyri-stabilliyi daimi bərqərar etmək idi.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Vüqar İskəndərov deyib.

Millət vəkili bildirib ki, bu məsələ SSRİ-nin süqutuna qədər davam edib:

“1988-ci ildə Ermənistanda başlanan hərəkatda Qarabağ və Naxçıvanın Ermənistana birləşdirilməsi ideyası mövcud idi. Ulu Öndərin 1990-cı ildə Naxçıvana gəlməsi, Naxçıvanda rəhbər olaraq əhalini səfərbər etməsi, naxçıvanlıların öz torpaqlarının müdafiəsini təşkil etməsi bu məkrli planları alt-üst etdi”.

Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycanın bir-birindən ayrı salınması və erməni dövlətinin qurulması bu dairələrin geniş planlarına daxil idi.

“Naxçıvanın blokada zamanı ən çətin dövründə qardaş Türkiyə bütün sahələrdə Muxtar Respublikaya dəstək oldu. Yanacağın verilməsi, qidaların Naxçıvana göndərilməsi, bütün bu məsələlər qardaş Türkiyənin Azərbaycana, o cümlədən Naxçıvana bir dəstəyi idi.

Artıq müasir dövrdə Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə yalnız Azərbaycan və Türkiyənin münasibətləri yox, türk dünyasının birləşməsi, inkişafı, tərəqqisi üçün çox vacib işlər görülür. Dünyada Azərbaycan və Türkiyə birliyinə bənzər birlik, bərabərlik, qardaşlıq nümunəsi mövcud deyil. Bu iki qardaş xalqları və dövlətləri tarixi köklər, təbii bağlar bir-birinə sıx tellərlə bağlayır. Düşünürük ki, iki qardaş dövlətin bütün sahələrdə - siyasi, iqtisadi, mədəni sahələrdəki birgəliyi yalnız bölgə üçün yox, qlobal anlamda sülhü, tərəqqini, inkişafı özündə ehtiva edir”, - deyə deputat qeyd edib.

Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ceyhun Məmmədov isə Trend-ə açıqlamasında deyib ki, İğdırda Azərbaycan və Türkiyə qardaşlığını daha da gücləndirən növbəti mühüm layihənin icrası uğurla yekunlaşdı:

“Bir neçə gün bundan əvvəl Prezident İlham Əliyev Türkiyəyə səfər edərək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə İğdır-Naxçıvan qaz kəmərinin iideobağlantı formatında açılışda iştirak etdi. Dövlət başçısı çıxışında bir çox tarixi faktlara istinad edərək tarix boyu Azərbaycan xalqının başına gətirilən müsibətlərdən ətraflı bəhs etdi”.

Millət vəkili vurğulayıb ki, 1990-cı illərin əvvəllərində Naxçıvan çox ağır vəziyyətdə idi.

“Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bolşeviklərin işğalı nəticəsində Azərbaycan və Türkiyə bir-birindən ayrı salındı, Naxçıvan da blokada vəziyyətinə düşdü və o bölgənin əhalisi çox ciddi çətinliklə üzləşdi. Bir tərəfdən Ermənistan bu torpaqları işğal etmək üçün buraya hücumlar edir və digər tərəfdən isə ölkə qazla bağlı çətinliklər yaşayırdı, Bakı ilə əlaqəsi kəsilmişdi. Ermənilərin əsas məqsədi Naxçıvanı işğal edərək tarixi torpaqlarımızı Ermənistana ilhaq etmək idi. Ulu Öndər Heydər Əliyev Naxçıvana gəldikdən sonra Naxçıvanın müdafiəsini ciddi şəkildə təşkil etdi, əhalinin prosesə cəlb edilməsi təmin olundu və Naxçıvan işğaldan xilas oldu. Əgər o anda Ümummilli Lider Heydər Əliyev gəlməsə idi, bəlkə də Naxçıvan Azərbaycandan ayrılmışdı, bu gün yox idi”, - deyə C.Məmmədov fikrini tamamlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti