Bakı. Trend:
Rusiya ilə Ukrayna arasında gedən müharibənin dayandırılması ilə bağlı Türkiyənin səyləri Qərb ölkələrinin yetərincə dəstəyini almayıb.
Trend xəbər verir ki, bunu Türkiyənin Böyük Millət Məclisinin deputatı, ölkənin NATO parlament assambleyasındakı nümayəndə heyətinin sədri Mövlud Çavuşoğlu Bakıda keçirilən 12-ci Qlobal Bakı Forumu çərçivəsində baş tutan “Geosiyasi dəyişikliklər: tərəfdaşlıqda məsuliyyət rəqabətə qarşı” mövzusunda panel müzakirələrinin gedişində bildirib.
“Biz rusiyalı və ukraynalı həmkarlarımızı toplamaq üçün mümkün olan hər şeyi etmişik. Bizim Prezident də müharibənin erkən mərhələsində ona son qoymaq üçün nitqlə çıxış edib. Əfsuslar olsun ki, biz bəzi Qərb ölkələrindən və Birləşmiş Ştatlardan yetərincə dəstək almamışıq. Görünən odur ki, müharibənin davam etməsi onların elə ürəyincə idi, onların mövqeyi isə sırf Ukranyaya dəstəkdən ibarət idi.
Bəli, Türkiyə də eləcə Ukraynanın ərazi bütövlüyü və suverenliyinə sadiqdir və biz dərhal Montre konvensiyasını işə salmışıq. Bundan savayı, biz Rusiya Federasiyasını Bosfordan keçmək haqqı olan hərbi gəmilərin Qara dənizə göndərməməsinə razı salmışıq”, -deyə o bildirib.
M.Çavuşoğlu qeyd edib ki, Montre konvensiyasında açıq-aydın təlimatlar var və Türkiyə Ukraynaya dəstək üçün lazımı addımlarını adıb.
“Eyni zamanda biz tərəfləri danışıqlar masasına əyləşdirmək üçün Rusiya ilə münasibətlərimizdən istifadə etmişik”, -deyə o bildirib.
Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” şüarı altında təşkil olunub.
Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.
Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.