Bakı. Trend:
Parçalanmış dünya şəraitində yeni güc mərkəzləri meydana gəlir.
Trend xəbər verir ki, bunu Türkiyənin Böyük Millət Məclisinin deputatı, ölkənin NATO parlament assambleyasındakı nümayəndə heyətinin sədri Mövlud Çavuşoğlu Bakıda keçirilən 12-ci Qlobal Bakı Forumu çərçivəsində baş tutan “Geosiyasi dəyişikliklər: tərəfdaşlıqda məsuliyyət rəqabətə qarşı” mövzusunda panel müzakirələrinin gedişində bildirib.
"Biz dünya tarixinin dönüş nöqtəsində yaşayırıq və beynəlxalq sistemin dəyişməsinin şahidi oluruq. Bu dəyişiklik təkcə nəzəri xarakter daşımır – o, bilavasitə gözlərimizin önündə baş verir. Çin qlobal təsirini gücləndirir. Eyni zamanda, ABŞ-nin yeni administrasiyası elə addımlar atır ki, bu, Birləşmiş Ştatların özü tərəfindən yaradılmış beynəlxalq nizamın norma və dəyərlərini sual altına qoyur. Rusiyanın həm ölkə daxilində, həm də regionda atdığı addımlar Avropanın təhlükəsizlik arxitekturasını dəyişdirir. Bu proseslərin fonunda Avropa İttifaqı qlobal dəyişikliklərə adaptasiya olunaraq muxtariyyət strategiyası formalaşdırmağa can atır”, - o deyib.
Çavuşoğlu həmçinin, parçalanmış dünya şəraitində yeni güc mərkəzlərinin yaranmasından da söz açıb.
"Biz Qlobal Cənubdan bəhs edirik – ədalətə və aydın prinsiplərə əsaslanan yeni dünya nizamının formalaşmasında daha önəmli yer tutmağa çalışan ölkələr və oyunçulardan. Bu baxımdan, Qlobal Qərb də bu yeni reallığı dərk etməlidir", – deyə Çavuşoğlu vurğulayıb.
Qeyd edək ki, 12-ci Qlobal Bakı Forumu 13-15 mart tarixlərində "Dünya nizamının yenidən dəyərləndirilməsi: çağırışların imkanlara çevrilməsi" şüarı altında keçirilir.
Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunub.
Tədbir çərçivəsində geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər əsas qlobal məsələlər müzakirə olunacaq.