...

ABŞ-Azərbaycan münasibətlərində yeni dövr- Enerji və təhlükəsizlik perspektivləri

Siyasət Materials 29 May 2025 14:26 (UTC +04:00)
ABŞ-Azərbaycan münasibətlərində yeni dövr- Enerji və təhlükəsizlik perspektivləri
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ Prezidenti Donald Trampın Azərbaycanı təbrik etməsi Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi düzgün siyasətə yanaşma mövqeyidir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Asif Əsgərov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin sözü və yeritdiyi siyasət eynidir.

“Bu gün Tramp da digər ölkə başçıları kimi bilir ki, Qafqazda hansı ölkə başçısını hansı formatda təbrik etmək lazımdır. Prezident İlham Əliyevin qətiyyətli siyasəti ilə yanaşı, öz xalqına, ölkəsinə olan bağlılığını tək Tramp deyil, bütün ölkə rəhbərləri dəfələrlə görüblər. Prezident İlham Əliyevin verdiyi sözlərin yerinə yetirilməsini xalqımız görüb. Prezident İlham Əliyev iş yerlərinin açılması, insanların sosial rifahının yaxşılaşdırılması, ən əsası, Qarabağın azad edilməsi ilə bağlı verdiyi vədi yerinə yetirdi”.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev, eyni zamanda, beynəlxalq münasibətlərə də düzgün qiymət verir:

“ABŞ-də seçkilər öncəsi ayrı-ayrı dövlətlər fərqli mülahizələr irəli sürürdülər. Amma İlham Əliyev o vaxt da demişdi ki, seçkinin qalibi Donald Tramp ola bilər. Çünki Trampın yeritdiyi siyasətə yanaşması fərqli idi.

Bayden hökuməti dünya iğtişaşların yaranmasının həvəskarı idi, desək, yanılmarıq. Ukrayna-Rusiya müharibəsi, Qəzzadakı proseslərə düzgün qiymət verilməməsinin təşkilatçısı Bayden hökuməti idi".

Politoloq İlyas Hüseynov isə Trend-ə bildirib ki, ABŞ prezidentləri ənənəvi olaraq Azərbaycana təbrik ünvanlayırlar:

“Bu məktublarda çox önəmli siyasi xətlər özünü göstərir. Burada hazırkı əməkdaşlığın məqamları vurğulanır və gələcək əməkdaşlığın perspektivləri bildirilir. Bu məktub da xüsusilə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasından və suverenliyindən təmin edilməsindən sonrakı dövrdə müstəsna əhəmiyyətə malikdir.

Azərbaycan Avropanın enerji təminatında müstəsna rol oynayır. Xüsusilə hazırkı geosiyasi reallıqlarda Azərbaycanın karbohidrogen ehtiyatlarına ehtiyac bir qədər də artıb.

Avropa Siyasi Birliyinin toplantılarında dövlətimizin başçısı iştirak edir. Təsadüfi deyil ki, Albaniyanın paytaxtı Tiranada Avropa Siyasi Birliyinin zirvə toplantısında Prezident İlham Əliyevə yüksək ehtiram, hörmət və marağı gördük.

Sonrakı dönəmdə Azərbaycanın da bu platformaya ev sahibliyi etməsi ilə bağlı qərar qəbul edildi. 2028-ci ilin ikinci yarısında Azərbaycan bu tədbiri qəbul edəcək”.

Politoloq qeyd edib ki, bütün bu məqamlar okeanın o tayından diqqətlə izlənilir:

“Azərbaycan yeni geosiyasi reallıqlar formalaşdırıb, bunun əsasında əməkdaşlığa çağırır. Hesab edirəm ki, ABŞ də qarşıdakı dövrdə Qarabağa və Şərqi Zəngəzura sərmayə yatıra bilər. Hazırkı prezident Donald Trampın iqtisadi düşüncəsi və prioritetləri düzgün müəyyən etməsi müsbət haldır. Nəzərə almaq lazımdır ki, Qarabağın və Şərqi Zəngəzurun böyük iqtisadi potensialı var. Həm alternativ və bərpaolunan enerji sahəsində, həm turizm sahəsində, həm də mədən sənayesində olan münbit mühiti dəyərləndirmək və bununla Azərbaycan-ABŞ münasibətlərini daha yüksək səviyyəyə qaldırmaq olar.

Əgər belə bir addım atılacaqsa, bu, Bakı və Vaşinqton arasındakı münasibətləri gücləndirəcək.

Münasibətlərimizdə təhlükəsizlik amili həmişə qırmızı xətt ilə keçir. Azərbaycan da elə torpaqlarını azad etməklə transmilli cinayətkarlığa son qoydu, bölgəyə sabitlik gətirdi. Sülh siyasətimiz bundan sonra da davam etdirilir. Azərbaycanla Ermənistan arasında ehtimal olunan sülh müqaviləsinin imzalanması prosesi də çox mühüm əhəmiyyət kəsb edir.

Ümid edirəm ki, Bakı və İrəvanın sülh yönümündə təşəbbüsləri də Vaşinqton tərəfindən dəyərləndiriləcək və burada prosesə xələl gətirməmək ən çox arzuolunan ssenaridir. Düşünürəm ki, bu düşüncələrdən çıxış edərək, bölgədəki dayanıqlı sülh və sabitliyi təmin etmək mümkün olacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti