Prezident Aparatı ictimai-siyasi şöbənin müdiri Əli Həsənov müxalifətin Bakı şəhərində keçiriləcək növbəti mitinqi üçün yeni meydan tələblərini əsassız sayır. Trend in məlumatına görə, Əli Həsənov kütləvi informasiya vasitələrinə açıqlamasında "Azadlıq" blokunda birləşən üç müxalifət partiyasının Bakı şəhərində növbəti mitinq keçirmək üçün yeni meydan tələb etmələrinə cavab verib.
Əli Həsənov kütləvi aksiyalar üçün "Qələbə" meydanında aksiyalara icazə verildiyini və buranın müvafiq yer olduğun xatırladıb. O, müxalifətin yeni meydan tələb etməsinə heç bir ehtiyac olmadığını bildirib. Prezident Aparatı rəsmisi qeyd edib ki, müxalifətin tələb etdiyi meydanların hamısı əhalinin sıx məskunlaşdığı, gediş-gəlişin gur olduğu yerlərdir. Əli Həsənovun fikrincə, həmin meydanlar bu səbəbdən kütləvi aksiyalar üçün uyğun məkan deyil.
Qeyd edək ki, bir neçə gün öncə "Azadlıq" bloku iqtidara müraciətlə 25 sentyabr mitinqinin "Azadlıq", "Gənclik", "Cəfər Cabbarlı" meydanlarının, Nəriman Nərimonov kinoteatrının, M.Füzulinin və M.Əzizbəyovun heykəlləri qarşısındakı meydanlardan birində keçirilməsini təklif etmişdi. Bununla bağlı ATƏT-in vasitəçiliyi ilə "Azadlıq" bloku ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında danışıqlara başlanmışdı.
Əli Həsənovun açıqlaması ilə bağlı "Azadlıq" bloku funksionerləri bildiriblər ki, onlar şəhərin mərkəzi meydanlarından birində aksiya keçirməyə nail olacaqlar. Həmçinin qeyd olunub ki, Əli Həsənovun bəyanatı qanunlara deyil, özünün siyasi mövqeyinə əsaslanır.
"Azadlıq" blokunun növbəti aksiyasınqı iri meydanlardan birində keçirmək niyyəti onunla bağlıdır ki, sentyabrın 10-da keçirilən mitinqdə aksiya iştirakçıları "Qələbə" meydanına sığışmadılar. Buna görə də blok rəhbərliyi hesab edir ki, növbəti aksiyalar iri meydanlarda keçirilməlidir. Bu qərar həm Seçki Məcəlləsinə, həm də "Sərbəst toplaşmaq haqqında" Qanuna tam uyğundur"-deyə "Azadlıq" blokunun nümayəndəsi İsaq Əvəzoğlu bildirib.