...

Azərbaycanın bələdiyyə başçıları Strasburqa dəvət olunub

Siyasət Materials 9 Fevral 2006 16:46 (UTC +04:00)

Azərbaycanın milli bələdiyyələr Assosiasiyasının (AMBA) yaradılması üzrə işçi qrupunun rəhbərləri Avropa Şurası (AŞ) yerli və regional hakimiyyətlər Konqresinin fevralın 23-24-də Strasburqda (Fransa) keçiriləcək növbəti toplantısına dəvət olunub. Trend bildirir ki, fevralın 9-da AMBA-nın yaradılması üzrə işçi qrupunun Bakıda keçirilən ikinci iclasında həmin layihənin rəhbəri, Konqres Katibliyinin nümayəndəsi Karolin Martin bu barədə deyib.

O, qeyd edib ki, qarşıdakı tədbirdə yerli özünüidarəetmə orqanlarının inkişafı, Konqresin fəaliyyət Məcəlləsinin yaradılması, AŞ yerli və regional hakimiyyətlər Konqresinin malik olduğu dəstək üsulları ilə bağlı məsələlər ətrafında geniş müzakirələr aparılacaq.

"Belə tədbirlər Konqresin malik olduğu geniş təcrübənin öyrənilməsi üçün gözəl imkan yaradır"-deyə o qeyd edib və bildirib ki, işçi qrupun rəhbərinin müavini Gülnaz Salamova toplantıda AMBA-nın yaradılması məsələsi ilə bağlı məruzə ilə çıxış edəcək.

Qeyd edək ki, tədbirdə iştirak üçün dəvət qrupun rəhbəri Tahir Quliyev, eləcə də onun üç müavini Gülnaz Salamova, Şəmistan Yusifov və Ramil Mustafayevə ünvanlanacaq.

Xəbər lenti

Xəbər lenti