...

Əli Əliyev: "Siyasi partiyaların ad uğrunda mübarizə aparmaq ənənəsindən uzaq olmaq niyyətindəyəm"

Siyasət Materials 28 Mart 2006 15:14 (UTC +04:00)

"Ədliyyə Nazirliyi qərar vermədiyindən AMİP adı uğrunda mübarizə aparmağın perspektivini görmürəm". Bu fikirləri Trend ə açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) bir qanadının sədri Əli Əliyev bildirib.

O, qeyd edib ki, siyasi partiyaların ad uğrunda mübarizə aparması ənənəsindən uzaq olmağa çalışır: "Çünki siyasi partiyaların bir-birilərinə qarşı ittihamlar irəli sürməsini düzgün hesab etmirəm. Bizim mövqeyimiz məlumdur, biz özümüzü AMİP-in hüquqi varisi hesab edirik. Amma Ədliyyə Nazirliyi bu məsələ ilə bğalı hansı qərarı verəcəksə ona uyğun addım atacağıq".

Partiyasının adının dəyişdirilməsi ehtimalına da münasibət bildirən Əli Əliyev qeyd edib ki, bu barədə özünün bəzi fikirləri var. Hələlik bunları ictimaiyyətə açıqlamaq istəmədiyini deyən Əli Əliyev bildirib ki, sədri olduğu partiyanın yeniləşməsi, mənfi yükdən azad olması istiqamətində çox ciddi planları var: "Bu ideyalarımızı AMİP-lə bağlı hüquqi varislik, mülkiyyət bölgüsü məsələləri həllini tapdıqdan sonra həyata keçiricəyik. Həm də bu məsələlər qurultay səviyyəsində həll olunacaq. Partiyanın imicinin dəyişməsi, onun yeni mövqeyinin və simasının formalaşdırılması, cəmiyyətə nümayiş etdirməsi istiqamətində çox ciddi işlər görmək niyyətindəyəm"-deyə Ə.Əliyev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti